Akademikini müalicə üçün akademiyasız Türkiyəyə aparan ölkə

AMEA-nın prezidenti Mahmud Kərimov dünən dəfn edildi. Xəbərlərdən görünür ki, akademik qəflətən xəstələnib və onun ölümü çox gözlənilməz olub. Onu tanıyanların çox sarsıldığını reaksiyalardan açıq görmək olardı. Yaxınlarının başı sağ olsun.
Bizdə akademiya prezidenti yüksək rəsmi vəzifə sayılır və Mahmud müəllimin ictimai mövqeyi tam buna uyğun idi, hakimiyyətin siyasi konyunkturasından kənar çıxmırdı. Onu yaxından tanımırdım, amma son iki gündə akademiya sistemində çalışan bir neçə alimlə barəsində söhbətlərim oldu. Maraqlıdır ki, onlardan öz rəhbərləri haqda xeyli yaxşı sözlər də eşitdim. Ümumi rəy budur ki, hakimiyyətin tələblərinə nə qədər uyğunlaşsa da, bacardığı qədər adamları yola verirmiş – hətta fərqli düşüncəli işçiləri da. Sistemi təmsil etsə də, insanların taleyinə də biganə deyilmiş. Akademiyada işləyən tanınmış təhsil eksperti fəlsəfə doktoru Etibar Əliyev Mahmud müəllim haqda yaxşı insan kimi söz açdı. Məhz bu cürdürsə, çox yaxşı əks-sədadır…
Onun ölümü ilə bağlı başqa bir məqam isə məni dəhşətə gətirdi. Məncə, bu məqam bütün ölkəni düşündürməlidir. Səmimiyyətinə inanmadığım, sadəcə özlərini kədərli göstərən YAP rəhbərləri isə bu məsələnin üstünü vurmadılar. Çünki əksə halda yarıtmaz idarəçiliklərinin ölkəyə və onun insanlarına necə ağırlıqlar gətirdiyi aydınlaşmış olur.
Akademiya işçilərinin dediklərindən məlum olur ki, qəflətən xəstələnən alimi xilas etmək üçün təyyarə ilə Türkiyəyə aparıblar. Bəziləri deyir ki, bu yanlış qərar olub, o cür xəstənin tərpədilməsi təhlükəlidir. Mən bilmirəm, bu doğrumu iddiadır. Əvvəla, hər şeyin dəqiqliyi ilə necə olduğundan xəbərsizik, üstəlik, bu məsələ ilə bağlı qərarı həkimlər verib və onun düz olub-olmadığını da peşəkarlar deyə bilər.
Amma bir məsələ yenə də dəhşətli suallar doğurmaya bilməz. O qədər yüksək vəzifə tutan insanın müalicə üçün Türkiyəyə aparılması qərarı, yəqin ki, ölkə rəsmilərinin iştirakı ilə verilib. Ən azı səhiyyə naziri bu qərarda iştirak edib. Normalda belə olur. Belə olmasa da sual qüvvədədir. Niyə bizdə xəstəni xilas etmək üçün xarici ölkəyə aparırlar? Türkiyənin heç akademiyası da yoxdur, niyə bizim akademikimiz öz ölkəsində oradakı səviyyədə səhiyyə xidməti ala bilmir? Bu nə qədər davam edəcək? Guya azərbaycanlıların qabiliyyəti, istedadı çatmır yüksək peşəkarlıq və xidmət göstərməyə? Bəlkə pulumuz, sərmayəmiz yoxdur?
Çox vaxt biz hakimiyyətin işini tənqid edəndə deyirlər ki, ümumi danışmayın, fakt göstərin. Fakt elə bu kimi hadisələrdir, bu gün müalicə üçün Irana gedən vətəndaşlarımızdır, imkanları az-çox yaxşı olanların Avropaya üz tutmasıdır. Fakt istəyirsinizsə, səhərlər televiziya kanallarına baxın, hər klinika bir yandan bağırır və reklam edir ki, bəs xaricdən həkim gətiriblər…
Yəqin ki, ölkəmizin səhiyyə naziri də müayinə və müalicə üçün xaricə gedir. Bunun nə qədər faciəli bir durum olduğunu anlamaq üçün kimlərsə ölməlidirmi? Bu oğru rejimin hər sahədə həyatımızı çıxılmaz duruma saldığını anlamaq çətindirmi?
***
AMEA prezidentinin dəfni ilə bağlı rəsmi xəbərlərə baxanda akademik Mirabbas Qasımovun ölümü yadıma düşdü. Mirabbas müəllim böyük alim idi. Az sayda həqiqi elm adamlarından biri idi. Çox ciddi riyaziyyatçı idi. Amma YAP hakimiyyətinin onun ölümünə münasibəti, sayğısızlığı heç yadımdan çıxmır. Təsəvvür edin, bircə rəsmi adam iştirak etmədi onun dəfnində, hətta vaxtilə rəhbəri olduğu BDU-dan, Akademiyadan, Təhsil Nazirliyindən onun dəfninə kimsə qatılmadı. Çünki Mirabbas müəllim Ayaz Mütəllibovun kadrı sayılırdı, onun dövründə rektor olmuşdu. Bəlkə dostları da qorxusundan yox idi dəfnində. Bunu heç vaxt unutmuram. Belə urfaşizmi necə unudasan?! Gərək də fürsət düşdükcə yada salasan.