Turqut Özala Bakıda zəhərli limonadı kim verib və zəhər haradan alınıb?
Türkiyənin “Ülke TV” kanalında Azərbaycanın mərhum prezidenti Heydər Əliyevlə bağlı şok iddia səslənib. Kanalın “Sıradışı” proqramının 7 fevral tarixli buraxılışında Türkiyənin mərhum prezidenti Turqut Özalın zəhərlənərək öldürülməsi iddiaları müzakirə olunub. Proqramın qonağı, araşdırmaçı yazar Ömer Özkaya bu xüsusda əldə etdiyi məlumatlardan danışıb. Onun iddiasına görə, zəhər Özala limonadla verilib. Limonad isə ona Bakıda “çox güvəndiyi, Azərbaycanın başındakı bir şəxs tərəfindən” verilib. Özkaya bu şəxsin Heydər Əliyev olduğunun iddia edildiyini deyib. Onun sözlərinə görə, Tütkiyəyə bu bilgini Bolqarıstan xüsusi xidmətində çalışan türklərlə dost bir nəfər verərək deyib ki, zəhər onlardan alınıb. Türkiyəli araşdırmaçı yazarın sözlərinə görə, bu məlumatı ötürən həmən xüsusi xidmət əməkdaşı məlumatı ötürəndən bir müddət sonra ölü tapılıb. Onun intihar etdiyi bildirilib, amma meyitinin aşkarlanma vəziyyəti öldürüldüyünü deməyə əsas verir.
Heydər Əliyevlə bağlı iddianın səsləndiyi hissə
Proqramın tam video-versiyası
***
Türkiyəli araşdırmaçı yazarın dedikləri çox ciddi ittiham olduğundan müəyyən dəqiqləşdirmələrə ehtiyac duyduq. Bəlli oldu ki, Turqut Özal Bakıda səfərdə olanda Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsini tuturdu və həmin vaxt Naxçıvanda olub, Bakıya gəlməyib.
AVP sədri, deputat Fəzail Ağamalı da əməkdaşımızla söhbətində bu iddianın doğru olmadığını deyib. Onun fikrincə, bu cür açıqlama sifarişlidir və məqsəd “bir millət, iki dövlət olan” Azərbaycanla Türkiyə arasında nifaq toxumu səpməyə xidmət edir. “Bir də ki Turqut Özalın zəhərlənmədiyi sübut olunub. Bundan sonra da belə bir açıqlama verilməsi hoqqabazlıqdan və vicdansızlıqdan başqa bir şey deyil”, – deyə o, əlavə edib.