«Talançı hakimiyyətin bizim ideologiyanı başa düşməməsi təbiidir»
YAP-ın icra katibi Əli Əhmədov yenə aksiyalara çıxan gəncləri aşağılayan açıqlama verib. Ə.Əhmədov bildirib ki, hər həftə aksiya keçirib, dünyada Azərbaycanın siyasi imicinə xələl gətirmək heç də başucalığı deyil: “Heç o gənclərin son vaxtlar keçirdikləri aksiyaların mahiyyətindən xəbərləri də yoxdur. Mən hər dəfə bu aksiyanı izləyirəm və görürəm ki o gənclər kiminsə təhriki ilə küçələrə çıxıb polis ilə gizlənpaç oynayırlar. O gənclər özləri də bilmədən ayrı-ayrı anti-Azərbaycan qüvvələrinin maraqlarına xidmət edirlər. Mən o gəncləri qəflət yuxusundan oyanmağa, milli maraqlara xidmət etməyə çağırıram”.
AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı Ə.Əhmədovun fikirlərinin həmişəki kimi absurd olduğunu deyir: “Əli Əhmədov iddia edir ki, bizim o aksiyaların mahiyyətindən xəbərimiz yoxdur. O zaman ”facebook”da gedən müzakirələrə baxsın, gənclərin yazılarını oxusun və özü üçün nəticə çıxarsın ki, bu aksiyaların mahiyyəti nədən ibarətdir. Təəssüf edirəm ki, internetin bu qədər geniş yayıldığı bir vaxtda Əli Əhmədov aksiyalara yalnız YAP-ın balkonundan baxmaqla qiymət verir. Biz bu aksiyaları öz təşəbbüsümüz və istəyimizlə keçiririk. Bir çox aksiyaların ideya müəllifi isə siyasi partiyaların gəncləri olmur. Siyasi mənsuibiyyəti olmayan gənclər də tez-tez bu cür təşəbbüslərlə çıxış edirlər. Aksiyalar ölkədəki məmur özbaşınalığına, Azərbaycan əsgərinin orduda öldürülməsinə etiraz olaraq keçirilir. O aksiyalara da həm siyasi, həm də ictimai qurumların təmsilçiləri qoşulur. Bizim ideologiyamız nə rüşvətxorluq, nə də Azərbaycan xalqının varını talan etməkdir. Azərbaycan gənclərinin adına iki dövlət proqramı ortaya qoyub bu yolla öz istəklərini həyata keçirən məhz bu hakimiyyətdir. Bizim istəklərimiz Azərbaycan gənclərinin gələcəyi ilə bağlıdır. Bunu da YAP-çılar başa düşə bilməzlər. Çünki onların fikrində olanlar yalnız varidat toplamaq və bu yolda hakimiyyətə yarınmaqdır. Onların bizim ideologiyanı başa düşməməsi təbiidir”.