aip-sedr-muavini-rovshen

“Dəyişiklik istəyiriksə, səylərimizi birləşdirməliyik”

aip-sedr-muavini-rovshenİslam Partiyasının sədr müavini: «Etiraza qalxanları repressiv yollarla susdurmaq problemin həlli yolu deyil»

Rövşən Əhmədov:  “İslam Partiyası olaraq seçkilə bağlı İctimai Palata və Ziyalılar Forumu ilə müzakirələr aparacağıq”

Əkrəm Əylislinin yazdığı “Daş yuxular” kitabı ətrafındakı müzakirələr hələ də gündəmdədir. Demokratik düşərgə kitabdakı bir sıra məqamların millətin heysiyyatına toxunduğunu etiraf etsələr də, bununla belə Ə.Əylisliyə qarşı hakimiyyətin yürütdüyü kampaniyanı yolverilməz sayır. Müsahibimiz Azərbaycan Islam Partiyasının sədr müavini Rövşən Əhmədovla söhbətimizə Ə.Əylisli ətrafında baş verənlərə münasibət öyrənməklə başladıq.

– Baş verəni nə qaragüruhun mövqeyinə uyaraq əsrin faciəsinə çevirməyin, nə də ki, Əkrəm Əylislini yazdığı əsərə görə müdafiə etmək fikrim var. Əvvəla əsərlə yaxından tanış olmaq lazımdır. Düşünürəm ki, əsər həqiqətən də Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, onun dininə həqarət tonunda yazılıb. Mən ədəbiyyatçı ekspert deyiləm. Amma bir oxucu kimi deyə bilərəm ki, bu əsərdə xalqın mənafeyinə toxunan məqamlar var. Əsər guya iki xalq arasındakı problemi əks etdirir. Amma əslində azərbaycanlılara burada aşağlayıcı tonla yanışılır və ermənilərin bütün parametrlərdə xalqımızdan üstün olması göstərilir. Yaxşı olardı ki, Əkrəm Əylisli izahat verərdi ki, belə bir əsərin yazılması hansı zərurətdən yaranıb. Əkrəm Əylislinin yazdığı “Daş yuxular” Azərbaycan üçün arxadan atılmış bir daş olacaq. Amma başqa bir tərəfdən yazıçının əsərinə görə ailəsinə hücumlar edilməsinə, təhqirinə qətiyyən haqq qazandırmaq olmaz. Əkrəm Əylisli etdiklərinə görə özü cavab verməlidir.

Haqqını tələb edənlərə qarşı repressiya yolverilməzdir

– Yanvarda Azərbaycanda bir sıra etirazlar baş verdi. Ilk olaraq “Binə”də sahibkarlar ağır şərtlərə görə etiraz səsini ucaltdılar. Daha sonra ordudakı əsgər ölümləri və Ismayıllıda əhalinin təhqir olunması, yerli icra hakimiyyətinin özbaşnalıqları üzündən aksiyalar baş tutdu. Bu hadisələri necə dəyərləndirirsiniz, ölkədə nə baş verir?
– Əvvəlla, Azərbaycanda hüququn aliliyi təmin olunmalıdır. Insanlara fikirlərini azad şəkildə bildirmələri üçün onların sərbəst toplaşmaq azadlığı təmin olunmalıdır. Etiraz bildirən insanları “ünsür” adlandırmaq yolverilməzdir. Bu yanaşma 88-ci ildəki Xalq Hərəkatını xatırlatdı. Idarəetmədəki nöqsanları, çatışmazlıqları tənqid edən şəxsləri ümumi şəkildə “ekstremist” adlandırırdılar. Bu gün də dövlətin idarəolunmasında ciddi nöqsanlar var. Bu nöqsanların deyilməsi insanların həm haqqı, həm də vəzifələridir. Bu insanlara qarşı amansız təqiblərə yol vermək olmaz. Hazırda harın bir məmur təbəqəsi yaranıb ki, onlar insanlara yuxarıdan-aşağı baxırlar. Onlar hesab edirlər ki, bu gün hər şey edə bilərlər və buna etiraz edənlər mütləq cəzalandırılacaq. Bu gün vətəndaşın hüququnu dövlət qorumursa, vətəndaş haqqını qorumaqdan ötrü küçələrə çıxmağa təhrik olunursa, bu yanaşma Azərbaycana yaxşı heç nə vəd etmir. Kiçik və orta sahibkarlığın əzilməsi, hər yerdə xaos və özbaşınalıq insanları çıxılmaz vəziyyətə salır. Rayonlarda təyin olunan adamlar əhalinin rifahını yüksəltməyə borclu olduqları halda əhalini narazı salacaq xeyli hərəkətlərə yol verirlər. Ona görə bu sosial narazılıqların çox ciddi əsası var. Insanları dinləmək və tədbir görmək lazımdır. Haqqını tələb edənlərə qarşı repressiya yolverilməzdir. Ölkədə bu cür halın yaranmasına görə hakimiyyətdə olanlar cavabdehdir.

– Artan etirazları repressiyaları gücləndirməklə yatırmaq mümkündürmü?
– Zorakılıq yalnız zorakılıq doğurur. Obyektiv olaraq deyilən nöqsanlar aradan qaldırılmalıdır. Insanlar boş yerə küçələrə çıxmırlar və bu etirazların təşkilatçısı kimi ayrı-ayrı şəxsləri ittiham etməyə ehtiyac yoxdur. Bu cür gərgin vəziyyət bütün rayonlarda müşahidə olunur. Ölkədə kütləvi narazılığı yaradan səbəbləri obyektiv olaraq aradan götürmədən bu narazılığın səbəbini və insanları iğtişaşa təhrik etməyi müxalifətin adına yazmaq problemləri daha da dərinləşdirir. Nəticədə bu gözlənilməz situasiyaların yaranmasına səbəb ola bilər. Istər Quba, istər Ismayıllı, istərsə də sahibkarların keçirdiyi aksiyalar bir siqnal olmalıdır. Etiraza çıxanları repressiv yollarla susdurmaq problemin həlli yolu deyil. Bu kurs seçilərsə, gələcəkdə də bu etirazlar davamlı olacaq.

Səylərimizi birləşdirməliyik

– Hakimiyyətin ciddi çabalarından sonra Avropa Şurasının yanvar sessiyasında Ştrasserin siyasi məhbuslarla bağlı siyahısı qəbul olunmadı. Hakimiyyət eyni zamanda bu siyahıya daxil olan islamçıların siyasi məhbus kimi tanınmamasına çalışır. Bu addımları necə dəyərləndirirsiniz?
– Hazırda həbsdə olan islamçılar da bu ölkənin vətəndaşlarıdır. Ölkədə qanunsuzluqlar varsa, hamıya eyni qaydada şamil olunur. Istəyir inanclı kəsim olsun, istəyir qeyrisi, daşıdığı fikirlərə görə bir kəsin həbsi yolverilməzdir. Amma təəssüf doğuran hal odur ki, Avropa Şurası bu məsələlərdə nə qədər “obyektiv” olduğunu göstərdi. Üzücü haldır ki, Avropanın özündə belə demokratik maraqlar bir sıra hallarda “kürü diplomatiyası”na qurban verilir.

– Amma hakimiyyətin bu cəhdlərinə qarşı da demokratik düşərgədə ciddi təpki var?
– Azərbaycandakı islamçılara münasibətdə həm yerli, həm də beynəlxalq ictimaiyyətin mövqeyi son zamanlar dəyişib. Azərbaycanda demokratik düşərgənin nümayəndələri bu məsələdə hazırda daha çox həmrəylik nümayiş etdirirlər. Inanclı insanların həbsinə etirazlarını nümayiş etdirərək, bunun yolverilməzliyini vurğulayırlar. Amma bu istiqamətdə təmasların dərinləşdirilməsinə ehtiyac var. Ölkədəki proseslər göstərir ki, hələ çox ciddi işlər görülməlidir. Ölkəmizdə demokratik dəyişikliklərin olmasını hamı istəyirsə, deməli, bu istiqamətdə səyələrimizi birləşdirməliyik. Nə qədər mübarizə davam edir, səylərin birləşdirilməsi cəhdləri də davamlı olmalıdır. Bu baxımdan Ictimai Palatanın, Ziyalılar Forumunun inanclı insanlara yönəlik müdafiələri təqdir olunandır və bunu müsbət qarşılayırıq.

Dövləti cinayətə yol verənlər cəzalandırılmalıdır

– Hazırda həbsdə olan islamçılara qarşı ittihamlar da olduqca gülüncdür. Inanclı insanlar əqidələrinə zidd olaraq narkotik maddələrin istifadəsində, silah saxlamaqda ittiham olunur. Bu cür böhtan atanlara dində münasibət necədir?
– Bu işi görən insanlar bunun günah olduğunu düşünmürlər. Iştirak etdiyimiz məhkəmələrin birində böyük hərflərlə Heydər Əliyevin sözləri kimi bunlar yazılmışdı: “Dövlət iki şeydən sarsılır – bir günahsıza cəza veriləndə, bir də cinayətkar cəzasız qalanda”. Bu gün inanclı kəsimi saxta ittihamlarla həbsə atırlarsa, deməli, dövlətin təməli sarsılır. Dövlətin təməlini sarsıdanlar isə xəyanətkar və cinayətkarlardır. Bu cinayətlərinə görə də onlar cəzalarını almalıdırlar. Dində isə yalan danışmaq, böhtan atmaq ən böyük günahlardandır. Onlar bunu başa düşsələr, nə böyük bir günah sahibi olduqlarını anlayarlar.

– Hakimiyyət tərəfindən Əkrəm Əylisli olayının bu dərəcədə şişirdilməsində bir məqsədinin də gündəmi dəyişmək olduğu düşünülür. Çünki bundan əvvəlki ictimai proseslər və gündəmdə olan məsələlər iqtidarın heç də xeyrinə deyildi.
– Təəssüf ki, Əkrəm Əylislinin kitabı bu istiqamətdə bir töhfə olmuş oldu. Ölkədə olduqca ciddi proseslər getdiyi bir zamanda, hakimiyyətin bir çox məsələlərdə çıxılmaz durumda olduğu bir dövrdə Əkrəm Əylisli kitabı ilə mövzunu dəyişdi. Təbii ki, belə bir fürsətdən hakimiyyət istifadə etdi. Həm mövzu dəyişdirildi, həm də Ziyalılar Forumuna qarşı hücum üçün əsas verildi.

Elşad Abdullayevin videolarının obyektiv araşdırmasını gözləməyə dəyməz

– Gündəm dəyişməmişdən əvvəl Elşad Abdullayevin yaydığı videolar gündəmdə idi. Amma bu videolarda kifayət qədər ciddi faktlar açıqlansa, vəzifəli şəxslərin adları çəkilsə də heç bir tədbir görülmədi. Bu şəxslər vəzifələrində qaldığı halda istintaqdan obyektiv araşdırma gözləmək olarmı?
– Bu məsələ uzun müddətdir ki, Azərbaycan gündəmində müzakirə olunub. Dəlil, sübut olmadan insanlar həbs atılsa da, ortadakı faktlara münasibət bildirilmir. Korrupsiyaya az aidiyyəti olan insanlar həbs olunur və hamı bilir ki, burada məqsəd görüntü yaratmaqdır. Bu qədər faktlar ortada olduğu halda indiyə qədər Gülər Əhmədova yalnız deputat mandatından məhrum edilib. Bu videoda adları çəkilən insanlar barədə isə konkret addım atılmır. Bütün bunlar Azərbacanda çox qəribə proseslərin getdiyini və hakimiyyətin daxilindəki savaşı göstərir. Hakimiyyət daxilindəki qüvvə bu prosesdəki günahkarların cəzalanlandırılmasına imkan vermir. Ona görə də obyektiv araşdırma gözləməyə dəyməz və hələlik bu prosesin nə zaman bitəcəyini söyləmək olmur.

– Islam Partiyasının seçkilərlə bağlı mövqeyi necə olacaq? Bir müddət əvvəl partiyanız seçkidə iştirakla bağlı Ictimai Palata və digər təşkilatilarla danışıqlara hazır olduğunu bəyan etmişdi. Hazırda bu istiaqmətdə son durum necədir?
– Seçki mürəkkəb prosesdir. Amma Azərbaycanda qüvvədə olan nə hazırkı seçki qanunvericiliyi, nə də seçki komissiyaları ilə xalqın iradəsinə əsasən seçki keçirmək mümkün deyil. Amma bütün bunlara baxmayaraq Azərbaycanda demokratik mübarizəyə qalxmış insanlar bu istiqamətdə öz işlərini görürlər. Ona görə bu gün ən əsas məqsəd demokratik şəraitin yaradılması, qanunların təkmilləşdirilməsi, insanların itirilmiş inamını qaytarmaq və seçkilərdə fəallığı artırmaqdır. Xalqa bu təklifləri verən bir komanda və bu komandanı irəli aparacaq namizəd də olmalıdır. Xalqın istəyinə uyğun olaraq demokraik cəmiyyətin yaradılması çox mühüm məsələdir. Ona görə Islam Partiyası olaraq istər ayrı-ayrı siyasi təşkilatlarla, Ictimai Palata, Ziyalılar Forumu ilə bu istiqamətdə müzakirələrə hazırıq. Eyni zamanda mübarizənin strategiyası və hədəfləri ilə bağlı da müəyyən təkliflərimiz olacaq.

Xəyal