beyler-kamal

Oliqarxların cinayətkar aləmlə nə əlaqəsi?

beyler-kamalKriminal aləmdə  baş verən savaşda Kəmaləddin Heydərovla Bəylər Əyyubovun da rolunun olduğu bildirilir

Rusiyada “Ded Xasan” kimi tanınan “qanuni oğru” Aslan Usoyanın Moskvada qətlə yetirilməsindən sonra kriminal aləmdə baş verən təlatümlərdə Azərbaycan oliqarxiyasının da nüfuzlu nümayəndələri rol alıb. Bu barədə təfərrüatları oxucuların diqqətinə çatdırmamışdan əvvəl kriminal aləmdə baş verənləri qısa şəkildə xatırladaq.
Kürd əsilli Aslan Usoyan başqa bir nüfuzlu “qanuni oğru” “Yaponçik” ləqəbli Vyaçeslav Ivankovun qətlə yetirilməsindən sonra MDB məkanında oğru aləminin xaç atası hesab edilirdi. Lakin “Ded Xasan”ı qəbul etməyənlər də var idi. Onun bəzi addımlarının kriminal qaydalara uyğun olmadığı söylənilirdi. Xüsusilə, “Ded Xasan” yerlipərəstlikdə ittiham edilirdi. Lakin bu ittihamları ucadan səsləndirməyə heç kimin cəsarəti çatmırdı. Nə qədər ki, “Rövşən Lənkəranski” kimi tanınan azərbaycanlı “qanuni oğru” Rövşən Canıyevin ulduzu parlamamışdı. “Rövşən Lənkəranski” Azərbaycanın nüfuzlu “qanuni oğru”ları “Sabirabadlı Hikmət” kimi tanınan Hikmət Muxtarovla “Masallı Mamed” kimi tanınan Məmməd Hüseynovun ölümündən sonra önə çıxdı. Təşəbbüsü ələ alan “Rövşən Lənkəranski” Rusiyada və MDB məkanında “Ded Xasan”ın hakimi mütləq olmasını qəbul etmədiyini açıq şəkildə nümayiş etdirməyə başladı. Onun “Ded Xasan”ın nəzarətində olan ticarət obyektlərinə iddia etməsi buna misal ola bilər.
“Ded Xasan”la “Rövşən Lənkəranski” arasında qarşıdurma birinciyə ilk sui-qəsddən sonra daha da şiddətləndi. Həmin vaxt sağ qalan “Ded Xasan” ona qarşı sui-qəsddə “Rövşən Lənkəranski”ni ittiham etdi.
Məhz bu səbəbdən “Ded Xasan”ın yaxın ətrafı hesab edir ki, ikinci sui-qəsdi də “Rövşən Lənkəranski” təşkil edib. Bu baxımdan Rövşənə və onun “Ded Xasan”a qarşı formalaşdırdığı müxalifət barədə ölüm hökmü çıxarılıb. Bir neçə gün əvvəl “Rövşən Lənkəranski” və yaxın müttəfiqi Əhməd Yevloyevin güllələnməsi barədə Rusiya mətbuatı xəbər yaydı. Bundan əvvəl isə “Rövşən Lənkəranski”nin sağ əli hesab edilən  “Rafo Gəncinski”nin öldürülməsi barədə məlumat yayılmışdı. Sonradan bu məlumatların heç biri təsdiqini tapmadı. Lakin görünən odur ki, “Rövşən Lənkəranski” və tərəfdarları ilə  “Ded Xasan”ın tərəfdarları arasında amansız savaş gedir və bu savaşda Azərbaycan oliqarxiyasının nüfuzlu nümayəndələrinin adı da hallandırılır.
Bildirilir ki, “Rövşən Lənkəranski” ilə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun sıcaq münasibətləri var. Bəzi məlumatlara görə, Rövşənin qardaşı Namiq Canıyevin Dövlət Gömrük Komitəsində mühüm post tutması da bununla əlaqədardır. Bildirilir ki, Kəmaləddin Heydərov “Rövşən Lənkəranski”nin Azərbaycandakı tərəfdarlarını himayə edir. Bu savaşda onlara açıq dəstək verir.
“Ded Xasan”ın isə prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovla dostluq münasibətlərinin olduğu deyilir. “Ded Xasan” qətlə yetiriləndə Türkiyənin “Milliyyət” qəzeti məlumat yaymışdı ki, o,  2008-ci ildə Bakıda olub və orada “Bilo” ləqəbli bir kürdlə görüşüb. Məlumatlara görə, “Ded Xasan”nın görüşdüyü şəxs elə Bəylər Əyyubov olub.
Məlumatlara görə, Bəylər Əyyubov “Ded Xasan”ın tərəfdarları ilə “Rövşən Lənkəranski”nin arasında gedən savaşda dostunun adamlarına hər cür yardım edir.
Beləliklə, də Kəmaləddin Heydərovla Bəylər Əyyubov faktiki olaraq kriminal aləmdə gedən savaşa baş vurub. Şübhəsiz, onların bu addımı təkcə “qanuni oğrular”la dostluq tellərinə söykənmir. Mümkündür ki, həm Kəmaləddin Heydərovun, həm də Bəylər Əyyubovun bu məsələdə başqa maraqları da var.

İnformasiya şöbəsi