Bir zaman bunların Gülərdən vətənpərvəri yox idi…

Dünən gecə bizimkilər peykimizi göyə yola saldılar, gündüz isə biz artıq müalicəsinə 1000 manat tapılmayan, uşaqları pulsuzluqdan internata qoyulan şair dostumuz Şaiq Vəlini torpağın altına yola salmışdıq. Sağlığında iş üçün aclıq aksiyası belə keçirən Şaiq yerin altına ona görə getdi ki, peykimiz göyə qalxa bilsin.
Kədərlidir, amma reallıqdır.
Acıdır, amma həqiqətdir.
Indi bəzi yaptokratlar ağız büzürlər ki, biz niyə onlara qoşulub peykə görə sevincimizdən dombalaq aşmır, “Yallı” getmirik. Amma demirlər ki, o peyk yerə yaltaqlıq göndərəcəksə, mən nəyə sevinməliyəm? Qaranlıq qaldısa, aydınlıq gətirim: rəsmi məlumatda yazırlar ki, bu peyk Azərbaycan ərazisində milli telekanalların yayımını daha da yaxşılaşdıracaq. Bunun nəyinə sevinəsən? O telekanalların yayımı toplumun mənəviyyatı üçün zəhərlidirsə, onlar yalan və yaltaqlıqdan başqa heç nə saçmırsa, peykimizin orbitə buraxılmasında toy-bayram etməklik nə var? Mən niyə ölkədə yalan və yaltaqlığın yayımının daha da yaxşılaşmasından məmnun olmalıyam?
Hələ adını “Ictimai” qoymuş, ancaq rejimə yarınmaqda, onun “təbliğat” ruporu olmaqda hətta AzTV-ni belə, vurub keçmiş ITV-də 7-8 yaptokratın bir yazıçını qabaqlarına qoyub linç etməsini görəndə isə ümumiyyətlə, adamı dəhşət bürüyür. Ölkədən qıraqda bu “teleməhkəmə”yə baxanlar bizim haqqımızda nə düşünəcəklər? Onun videoyazısını izləyən hər kəsdə Azərbaycan haqqında hansı təsəvvürlər yaradacağının doğrudanmı, heç kim fərqində deyil? Inanın, bu gün Əkrəmin öz romanı ilə bu ölkəyə vurmayacağı zərbəni o roman ətrafındakı qara-qışqırıqla vururlar. Indi biz bunu hiss etmirik, amma çox keçməyəcək bir bədii əsərə görə bu qədər çağdışı, zorakılıq çağırışları ilə dolu, nifrin, kin üzərinə köklənmiş hay-küyün Azərbaycan adına nə qədər zərərli olduğunu, bizə nə qədər baha başa gələcəyini anlayacağıq.
Məni heç kim bu baş verənlərin vətən, millət təəssübündən irəli gəldiyinə inandıra bilməz. Məni buna inandırmaq üçün cavab verməlidirlər görək, “Daş yuxular”a görə Əkrəm Əylislinin ölkədən qovulması tələb edilirsə, bəs onda Zori Balayanın “Ocaq” kitabına ilk və ən tutarlı cavabı yazmış Isa Qəmbər niyə Lənkərana buraxılmır? “Daş yuxular”a görə Əkrəm Əylisli söyülür, bəs Zori Balayana tarixi cavabına görə Isa Qəmbərə niyə hörmətlə yanaşılmır, hətta o da “ermənipərəst”, “düşmən dəyirmanına su tökən”, “sapı özümüzdən olan balta” elan edilir? Deməli, məqsəd bağdan üzüm yemək deyil, məqsəd – bağbanı döyməkdir.
Təsəvvür edin, əgər Elşad Abdullayevin məlum, məşhur və məşum videoları olmasaydı, indi bu vətənpərvərlik şoularında biz Gülər Əhmədovanı da görürdük. Onun da dilində bu saat “millət, vətən, torpaq, Qarabağ” sözlərinin biri bir qəpik idi.
Sizə internetdə axtarış zamanı tapdığım bir xəbəri kiçik ixtisarla təqdim edim: “Aprelin 23-də Istanbul şəhərində Azərbaycanın buradakı baş konsulluğunun və ”Türkiyə-Azərbaycan Kültür və Egitim Vakfı”nın birgə təşkilatçılığı ilə Xocalı soyqırımı barədə hazırlanmış filmin təqdimat mərasimi keçirilmişdir. Tədbirdən öncə Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədova Türkiyənin “Bengü Türk” kanalına müsahibə vermişdir. Gülər Əhmədova ermənilərin tarix boyu yalanlar üzərində özlərinə “tarix” qurduqlarını, zaman-zaman qonşu ölkələrə qarşı ərazi iddiaları irəli sürdüyünü bildirmiş və XXI əsrdə də Ermənistanın terrorçu siyasətini davam etdirdiyini söyləmişdir”.
Bəh, bəh, bəh! Oxuyan da deyər, vətən üçün çırpınan ürək bax, belə olar!
Amma gəl gör ki, iki ay sonra bu sözlərin müəllifinin nəmənə olduğu ortaya çıxdı. Bax, ona görə deyirik ki, vətənpərvərliyini, Azərbaycan sevgisini ermənini söyməklə müəyyənləşdirmək dar düşüncəlilikdir. Bu tərəfdən ermənini söyüb, o tərəfdən korrupsiyaya alət olacaqsansa…
Bu tərəfdən ermənini söyüb, o tərəfdən saxtakarlığın, kirli bazarlıqların adamı olacaqsansa…
Bu tərəfdən ermənini söyüb, o tərəfdən özünə, övladlarına gün ağlamaq üçün hər çirkin işə qol qoyacaqsansa, bu, heç vaxt vətənpərvərlik kimi qəbul olunmayacaq. Adamlarda ikrah da yaradacaq, gülüş də.
Lap axırda isə sənə “vətənpərvər” yox, “vətənşüvən” deyəndə əsəbiləşməyəcəksən. Çünki sənin etdiyinin bundan başqa adı yoxdur!