Siyahıyalma MTN-nin göstərişi əsasında həyatı keçirilir
Bakıda yeni tikilən binalarda Naxçıvandan olan və kürd əsilli sakinlər siyahıya alınır. Bu barədə “Azadlıq”a etibarlı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, siyahıyalma MTN-nin göstərişilə həyata keçirilir.
“Həmin binaları inşa edən tikinti koperativlərinin rəhbərlərinə tapşırılıb ki, Naxçıvandan olan və kürd əsilli sakinlərin siyahısı və onlar haqqında müəyyən məlumatlar MTN-ə təqdim edilsin. Onların Rusiya ilə əlaqələrinin olub-olmaması barədə məlumatlara xüsusi diqqət yetirilir”, – deyə mənbə bildirib. Mənbə deyib ki, siyahıyalmanın səbəbləri bəlli deyil.
“Azadlıq”a daxil olan başqa bir məlumatda isə bildirilir ki, hökumət Naxçıvandakı vəziyyətin sonda sosial partlayışa səbəb olacağından ehtiyat edir. Bu baxımdan Muxtar Respublikanın Ali Məclis sədri Vasif Talıbova müəyyən tədbirlər görmək tapşırılıb. Onun iki nəfəri işdən azad etməsi də məhz bununla bağlıdır. Xatırladaq ki, Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini-kənd təsərrüfatı naziri Məmməd Abbasovu və Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Nadir Həsənovu işdən çıxarıb. Bundan başqa Vasif Talıbov keçirdiyi müşavirədə komandasının üzvlərinə barmaq silkələyib.