“Azadlıq”a qarşı yeni təzyiq dalğası

Baş Prokurorluq və Daxili Işlər Nazirliyi Ismayıllı hadisələri ilə bağlı növbəti açıqlama yayıb. Həmin açıqlamada “Azadlıq”ın bölgə müxbiri Elçin Ismayıllının timsalında qəzetimizin də adı hallandırılıb.
Adıçəkilən qurumların addımı əslində “Azadlıq”a qarşı son günlər yenidən güclənən təzyiq kampaniyasının tərkib hissəsidir. Məlumat üçün deyək ki, bir neçə gün əvvəl “Azadlıq”ın baş redaktorunun birinci müavini Rahim Hacıyev Baş Prokurorluğa çağırılıb və qəzetə xəbərdarlıq edilib. Səbəb isə “Azadlıq”ın Şamaxı ilə bağlı dərc etdiyi məlumat olub. Həmin məlumatı rayon sakinləri qəzetimizə verib və xəbər də elə onların adından dərc edilib. “Azadlıq” bu məlumatı dərc edərkən “KIV haqqında” qanunun heç bir müddəasını pozmayıb və bütün bunlar qurumun diqqətinə çatdırılıb.
Ismayıllı hadisələrinə gəlincə, Baş Prokurorluq və DIN-in diqqətinə çatdırırıq ki, Elçin Ismayıllı “Azadlıq”ın bölgə müxbiri olaraq peşə borcunu yerinə yetirib və sözügedən rayonda baş verən olaylar barədə obyektiv məlumatlar verib.
Elçin Ismayıllının qardaşı Elşən Ismayıllı isə Baş Prokurorluq və DIN-in yaydığı videodan da görünür ki, o, həmin hadisələrdə deyildiyi kimi heç də aqressiv hərəkətlər etmir. Doğrudur,  bu məsələni araşdırıb hüquqi qiymət vermək yenə də hüquq-mühafizə orqanlarının işidir. Biz sadəcə  faktı da diqqətə çatdırdıq. Son olaraq Baş Prokurorluğa tövsiyə edərdik ki, Ismayıllı hadisələri ilə bağlı videogörüntüləri operativ araşdırıb tədbir görməklə yanaşı, Elşad Abdullayevin onlara ünvanladığı videolara da nəzər yetirsinlər. Hər halda sabiq rektorun Baş Prokurorluğa göndərdiyi videolar Ismayıllı hadisələrində çəkilmiş videolardan az əhəmiyyətli deyil.
Onu da qeyd edək ki, Baş Prokurorluq və DIN-in birgə açıqlaması hakimiyyətin “Azadlıq” qəzetilə bağlı konkret planlarının olduğunu ortaya qoyur. Şübhə etmirik ki, yaxın günlərdə qəzetə qarşı hansısa addımlar atıla bilər. Yeri gəlmişkən, qarşıda “Azadlıq”ı iki iddia üzrə məhkəmə prosesi gözləyir. Iddiaçılar qəzetdən toplam olaraq 62 min manat tələb edir. Son hadisələr onu deməyə əsas verir ki, “Azadlıq” qəzetini susdurmaq üçün hər iki məhkəmə prosesi iddiaçıların “qələbəsi” ilə başa çatdırılacaq.
Biz Azərbaycan hakimiyyətindən söz azadlığının qorunması ilə bağlı ölkə qanunvericiyinə əməl etməyi və dövlətin üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməyi tələb edirik.

“Azadlıq”