Rasim Ağayev: “Son hadisələr protest qüvvənin əhəmiyyətlindən və ciddiliyindən xəbər verir”
Politoloq Rasim Ağayev “minval.az” saytına müsahibəsində ölkədə baş verən son hadisələr, hakimiyyətdaxili ixtilaf və müxalifət barədə danışıb.
Ölkədəki hazırki vəziyyətin ciddiliyindən danışan politoloq artıq bıçağın sümüyə dirəndiyini deyir. O hesab edir ki, xalqın hakimiyyətə qarşı ayağa qalxması üçün hələ görülməli işlər var. Artıq bir neçə rayonda bu tip hadisələr baş versə də, onun miqyasını şişirtmək olmaz: “Quba, İsmayıllı və “Binə” bazarında baş verənlər üsyandı, lakin inqilabi hərəkət deyil. Bununla belə, baş verənlər protest qüvvənin əhəmiyyətlindən və ciddiliyindən xəbər verir”.
İsmayıllıdakı üsyanın daha çox sosial zəmində baş verdiyini deyən R.Ağayev ölkədə sosial bərabərsizliyin hökm sürdüyünü də vurğulayıb.
Ekspert müxalifətin “İsmayıllı fürsətindən yaranlanmadığını” da qeyd edir. Palitoloq siyasi müxalifət liderlərindən yalnız Əli Kərimlidə protest hərəkata təsir etmək meyli gördüyünü, AXCP sədrinin bu hərəkatı proqramlaşdırdığını, ona müəyyən istiqamət verdiyini vurğulayıb. Ağayev AXCP sədrinin bugünlərdə çıxış edərək qarşıdakı məqsədlər barədə danışdığını xatırladıb və onun “müasir siyasətçi kimi üzərinə düşən işləri gördüyünü” bildirib.
R.Ağayevin fikrincə, bəzi siyasətçilər yalnız hakimiyyətdə olanları tənqid etməklə kifayətlənir. Lakin lider protest hərəkatını proqramlaşdırmalı, siyasi mənada onu silahlandırmalıdır.