Elə bil, bitməyən bir tamaşadır – yaşadığımız dövlətin ironik taleyini illərdir izləməkdə davam edirik. Əslində, “acı tale” yazmaq istərdim, amma bu acı tale onu idarə edənlərə xoşbəxtlik gətirirsə, onların üzünü güldürürsə, həmvətənlərimizin bir qismi hələ də belə idarəçilərin üzünə saxta təbəssümlərlə gülümsəyirsə, deməli, ironik taledir.
Nələr eşitmədik biz?! Məsələn, dedilər ki, bizdə yoxsulluğun səviyyəsi Böyük Britaniyadan da azdır – bilmədik sevinək, yoxsa ağlayaq. Bunu dövlət başçısı deyir.
Indi isə deyir ki, “dünya Azərbaycanı idman dövləti kimi tanıyır”.
Nə deməkdir “idman dövləti?”. Mən hələ indiyə kimi hansısa dövlətin belə adlandırılmasını görməmişəm. Başqa bir dilə tərcümə edin, görün bu ifadə hər hansı məna verirmi?! Ümumiyyətlə, özgə ölkələrdən gətirilmiş legionerlərin hesabına idman dövləti olmaq da bir ironiyadır. Idman dövlətisənsə, qoy səndən idmançı alıb aparsınlar. Barmağınızı qatlayın və deyin ki, filan ölkə bizdən filan idmançını aparıb milli komandasına qatıb. Yoxdur beləsi.
Ən maraqlısı. Dünyanın bizi idman dövləti kimi tanıması xüsusi diqqətə gətirilir, amma dünyanın bizi polis dövləti sayması rədd edilir. Çox ciddi beynəlxalq ictimai hesabatlarda Azərbaycanın reytinqi açılanda Ilham Əliyev bunu dünyanı qərəzi adlandırır və deyir ki, kimsə bizə diktə edə bilməz. Hətta bunu Azərbaycana paxıllıq kimi qiymətləndirir. Dünya qərəzlidirsə, bəs nə yaxşı idman uğurlarımızı qəbul edir?!
Dünya mətbuatını monitorinq edin, görün orada Azərbaycan idmanı haqqında çox yazırlar, yoxsa bizim ölkədəki korrupsiyadan, özbaşınalıqdan, insan haqlarının pozulmasından. Haradadır bəs o şöhrətli idmanın əks-sədası? Biz görmürük axı. Haranı açırsan, yazılıb ki, Azərbaycan korrupsiya dövlətidir, insan haqları pozulur və s. Beynəlxalq sənədlərdə açıq şəkildə deyilir ki, vətənimiz qeyri-azad ölkədir. Sülalə hakimiyyəti var. Bir də onu adam özünə sual edir, niyə bu ölkə elm ölkəsi deyil? Sənaye və texnologiya ölkəsi deyil. Məşhur universitetlər ölkəsi deyil. Kəşflər, nəşrlər ölkəsi deyil. Güləş və boks ölkəsidir.
Az qala yadımdan çıxacaqdı, dünya bizi hər şeydən öncə neft ölkəsi kimi tanıyır. Biz neft ölkəsiyik. Odlar Yurduyuq – burada baş verənlər adamın içini yandırır.
Övladlarını uşaq evinə verib öldü
Bizim idman dövlətində yaşanan bir dialoq (Etimad Başkeçid yazıb bu olmuş söhbəti):
– Uşaqlar hanı, Şaiq? – Ailəsini ətrafda görməyincə, əslində, nəsə soruşmaq xətrinə soruşuram.
– Uşaqları uşaq evinə verdik… – Handan-hana xəcalətli səslə cavab verir, – şənbə-bazar gətirirlər, görüşürük, bazar ertəsi qaytarıb-aparırlar…
Dünən bu dialoqdakı Şaiq – son vaxtlar xəstə yatan şair Şaiq Vəli dünyadan köçdü. Ötən yay Şaiq müəllim haray çəkmişdi, üsyan etmişdi, uşaqları ilə birlikdə aclığa başlamışdı. Mənzil istəyirdi. Ona çatmalı mənzili istəyirdi. Amma yaxşı padşahın nağılında yaxşı padşahın oğlu və nökərləri Şaiq Vəlinin harayına əhəmiyyət vermədilər.
Kimsə bu haraya hay vermədi. Idman dövlətinə medal gətirən bolqar idmançıya ev və maşın bağışlamağa növbəyə duranların ölkəsində bu insanın səsini eşidən olmadı. Şaiq Vəli də övladlarını uşaq evinə verib öldü.
Oldu, deyilənlər oldu,
Olacaqlar olacaqlar!
Soldu, açıldı gül… soldu,
Solacaqlar solacaqlar.
Ağla, gülməzlər gülməzlər,
Öl! Ölməzlər ölməzlər…
Məni bilməzlər bilməzlər,
Biləcəklər biləcəklər!

İlham Əliyevin güləş və boks dövləti
•