İsmayıllı həbsləri beynəlxalq rezonansa səbəb oldu

ABŞ səfirliyi və beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətinə çağırış etdi

«The New York Times» İlqar Məmmədov və Tofiq Yaqublunun həbsindən yazır

Ismayıllı hadisələrinə görə həbslər, xüsusən, Müsavat başqanının müavini Tofiq Yaqublu və Respublikaçı Alternativ (REAL) Hərəkatının sədri Ilqar Məmmədovun həbsi artıq beynəlxalq müstəvidə müzakirə mövzusudur.
ABŞ-ın nüfuzlu “The New York Times” qəzeti Azərbaycanda Ismayıllı üsyanına görə həbslərdən bəhs edərək yazır ki, bu ölkədə iki tanınmış müxalifətçi faktiki hadisələr başa çatandan sonra rayona gediblər, buna baxmayaraq, hökumət onlara qarşı ağır ittihamlar irəli sürərək həbs edib.
Dünən ABŞ-ın Azərbaycandakı səfirliyi də bu həbslərdən narahatlığını bəyan edib.
“Yanvarın 23-24-ü hadisələri və ondan sonra keçirilən etirazlarla bağlı biz Azərbaycan hökumətini müvafiq qanuni prosedurlara əməl etməyə, şəffaf, ədalətli məhkəmə prosesinin təmin olunmasına çağırırıq. Biz qanuni şikayətlərin həlli üçün Azərbaycan hökumətilə vətəndaşları mənalı dialoqa və hökuməti vətəndaşların sərbəst toplaşma, ifadə azadlığına hörmətlə yanaşmağa çağırırıq”, – deyə ABŞ səfirliyinin mətbuat katibiÿConas Styuart “Azadlıq” radiosuna bildirib.
Yeri gəlmişkən, REAL Hərəkatının Məclis sədri Erkin Qədirli və təşkilatın katibi Natiq Cəfərli dünən ABŞ-ın Bakıdakı səfiri Riçard Morninqstarla görüşüb. Bu barədə “facebook” səhifəsində yazan E.Qədirlinin sözlərinə görə, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, seçki prosesi, REAL-ın planları və Ilqar Məmmədovun həbsi müzakirə olunub.

Avropa Şurası son həbslərlə bağlı Bakıdan izahat istəyib

“Turan” agentliyi Avropa Şurasının baş katibi Torbyorn Yaqlanda müraciət edərək, Ilqar Məmmədov və Tofiq Yaqublunun həbsinə münasibət bildirməsini xahiş edib. Strasburqdan alınan cavabda deyilir: “Avropa Şurası vəziyyəti diqqətlə izləyir. Baş katib Yaqland hadisələrin inkişafından narahatdır və Azərbaycan hakimiyyətindən həmin həbslər barədə məlumat verilməsini xahiş edib. Daha ətraflı reaksiya Bakıdan cavab alındıqdan və öyrənildikdən sonra olacaq”.
ATƏT-in Bakı ofisi dəÿIlqar MəmmədovlaÿTofiq Yaqublunun həbsindən narahatlığını ifadə edib.
“ATƏT-in Bakı Ofisi yüksək səviyyəli siyasi fiqurların tutulmasıyla bağlı narahatlığını bildirir. Biz ümid edirik ki, davam edən istintaq və qarşıdan gələn məhkəmə ədalətli və şəffaf şəkildə keçiriləcək, bu proseslər demokratik islahatlara mənfi təsir göstərməyəcək.
ATƏT-in Bakı Ofisi inanır ki, bu yaxınlarda Ismayıllıda baş vermiş iğtişaşlara cavabın ən effektiv yolu məhz dialoq və əsaslı islahatlardır”, – deyə “Azadlıq” radiosuna bildirilib.
“Human Rights Watch” beynəlxalq hüquq-müdafiə təşkilatı da Azərbaycandakı son həbslərlə bağlı mövqeyini açıqlayıb. Təşkilatın yaydığı hesabatda Ilqar Məmmədov, Tofiq Yaqublu, habelə Ismayıllı hadisələrinin təşkilində günahlandırılan Mirkazım Abdullayev və Elşən Ismayıllının həbsindən dərin narahatlıq ifadə olunur.
Təşkilatın Cənubi Qafqaz üzrə nümayəndəsi Georgi Gogia ehtiyatlanır ki, ötən ay baş verən bu hadisələrdən hökuməti tənqid edən müxalifət təmsilçilərini susdurmaq üçün bəhanə kimi istifadə oluna bilər. Georgi Gogia deyir ki, Azərbaycan hakimiyyətiÿIlqar Məmmədovla Tofiq Yağublunu azad etməli və ittihamlara əsaslı sübutlar göstərməlidir.

Həbs qərarından apellyasiya şikayəti verilib

Ilqar Məmmədovun barəsində həbs-qətimkan tədbiri seçilməsi haqda məhkəmə qərarından artıq apellyasiya şikayəti verilib. Bu barədə məlumat verən vəkil Fuad Ağayev “Amerikanın səsi”nə bildirib ki, Ilqar Məmmədovun həbsi üçün heç bir əsas yoxdur. Vəkilin sözlərinə görə, əksinə, Məmmədovun təqsirsiz olduğuna və ona münasibətdə qanunun pozulmasına dair daha ciddi dəlillər var. Amma hələlik vəkil bu barədə ətraflı danışa bilmir, belə ki, məlumatı yaymamaq barədə iltizam verib.
Ilqar Məmmədovun konkret nədə ittiham olunduğu barədə suala cavabında isə vəkil bildirib ki, istintaq onu Ismayıllıda iğtişaşların təşkilatçısı və iştirakçısı hesab edir.
Fuad Ağayev birmənalı şəkildə bildirib ki, bu işin heç bir perspektivi yoxdur. Lakin bu fikri də əlavə edib: “Lakin bütün bunların harada baş verdiyini nəzərə alsaq, heç nəyi istisna etmək olmaz”.