İlqar Məmmədov REAL-ın prezidentliyə namizədi elan olundu
Nərgiz Yaqublu İlham Əliyevə səsləndi: «Ailəmizə qarşı repressiyalarla bizi yolumuzdan döndərə bilməyəcəksən!»
İsmayıllı olaylarının təşkilində təqsirləndirilən Müsavat başqanının müavini Tofiq Yaqublu və Respublikaçı Alternativ (REAL) Hərəkatının sədri Ilqar Məmmədovun həbsilə bağlı dünən Müsavat partiyasının qərargahında mətbuat konfransı keçirildi.
Müsavat partiyasının Icra Aparatının rəhbəri Arif Hacılı tədbiri açaraq qeyd etdi ki, həbs olunan şəxslərin heç biri Ismayıllı olaylarında iştirak etməyib: “Onlar sadəcə, hadisənin ertəsi günü vətəndaş kimi, prosesləri izləməyə gediblər. Tofiq Yaqublu Ismayıllıya həm də ”Yeni Müsavat” qəzetinin müxbiri kimi gedib. Ilqar Məmmədov da camaatın vəziyyətini öyrənmək üçün Ismayıllıda olub. Cəmi 1 saat orada ola biliblər. Bundan sonra polis nəzarətinə alınıblar. Polis hər iki şəxsi rayonu tərk etməyə məcbur edib. Onları Bakıya qədər polis maşını müşayiət edib. Tamamilə əndazəni aşmış bir həbsdir. Çünki Ismayıllıda baş verənlər spontan bir üsyan olub”.
Bu həbslər müxalifətlə cəmiyyəti bütövləşdirir
Arif Hacılı bildirib ki, əhalinin yerli məmurların özbaşınalığına etiraz etdiyi açıq-aşkar göründüyü halda, bu insanların ittiham edilməsi hüquqi nihilizmin mövcudluğundan xəbər verir. Müsavat yetkilisi qeyd edib ki, bu həbslər seçkiyə hesablanıb: “Bu həbslər barədə artıq yerli mətbuatla yanaşı, Avropa və Rusiya mediasında da xəbər veriblər. Hər iki siyasətçinin həbsi seçkilərlə əlaqədardır. Bilirsiniz ki, Isa Qəmbər namizədliyini elan edib. Ilqar Məmmədov da REAL-ın namizədi olacaqdı. Hakimiyyətin bu həbsləri həyata keçirməsi göstərir ki, hətta imitasiyalı seçki keçirmək niyyəti də yoxdur. Amma nəticədə bu həbslər müxalifətlə cəmiyyətin bütövləşməsinə gətirib çıxardı. Artıq əyalətlərdə etirazlar baş qaldırır. Hər yerdə Ismayıllı olayları təkrarlana bilər. Hökumət müxalifətin xalqla birlikdə olmasından narahatdır. Müdafiə işi ciddi şəkildə qurulacaq. Ilqar Məmmədovun tərəfdarları da birgə müdafiə işi qurulmasını istəyirlər. Bütün lazımi tədbirlər planı hazırlanacaq”.
Hakimiyyət hansı mesajı vermək istəyir?
Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin (DEVAMM) sədri Hacı Ilqar Ibrahimoğlu fevral ayının yanvardan heç də az gərgin keçməyəcəyinə diqqət çəkdi. Onun sözlərinə görə, həm Tofiq Yaqublu, həm də Ilqar Məmmədov həmişə qaynar nöqtələrdə olublar: “Həm Tofiq bəy, həm də Ilqar bəy Quba hadisələri baş verəndə də ora getmişdilər. Ismayıllı üsyanından sonra prosesi izləmək, maraqlanmaq üçün səfər etmişdilər. Tofiq bəyin övladını həbsə atıblar. Indi də həm atanı, həm qızı həbsdə saxlamaq istəyirlər. Ilqar Məmmədov dünya miqyasında tanınan ekspertdir. Hər ay müxtəlif beynəlxalq qurumların seminarlarında məruzəçi kimi çıxış edir. Avropa Şurasında önəmli tədbirlərə qatılır. Eyni zamanda, fevralın 9-da prezidentliyə namizəd olacaqdı. O həm də ”zoopark” ibarəsinin müəllifidir. Bu sözə görə həbs edə bilmədilər. Görünür, qisasçılıq hissi ilə yaşayırlar”.
Ilqar Ibrahimoğlu əminliklə qeyd edib ki, beynəlxalq hüquq müdafiə təşkilatları adları çəkilən hər iki şəxsi yaxın günlərdə “vicdan məhbusu” elan edəcək. Çünki onların siyasi sifarişlə həbs olunduğu aşkar görünür: “Tofiq Yaqublunu həbs etməklə heç kimə güzəşt etməyəcəklərini mesaj verirlər. Ilqar Məmmədovun işində isə Avropanı, beynəlxalq təşkilatları saymadıqlarını bəyan edirlər. Yəni, ”ən absurd situasiyada belə, kimi istəsək tuta bilərik” mesajını cəmiyyətə verirlər”.
Ümumxalq aksiyası təyin olunsun!
Keçmiş baş nazir Pənah Hüseyn isə çıxışına sualla başladı: “Biz baş verənlərə necə cavab verəcəyik? Bundan sonra daha mütəşəkkil şəkildə mübarizə aparacağıq. Hakimiyyət səhv etdiyini anlayacaq. Bu həbslər Ismayıllı olaylarının ciddiliyini ortaya qoydu. Ismayıllı gəncliyi iki gün müqavimət göstərdi”.
Pənah Hüseyn ümumxalq aksiyası təyin olunmasını təklif etdi: “Biz dərhal dostlarımızın azad olunması üçün hərəkətə keçməliyik”.
“Bu iqtidar utanmalıdır ki…”
REAL-ın Idarə Heyətinin üzvü Azər Qasımlı bu həbslərin cəmiyyəti qorxutmağa hesablandığını dedi: “Ilham Əliyev siyasətçi olsun və məsuliyyətli davransın. Siyasətçi məsuliyyəti öz üzərindən rəqibinin üzərinə atmamalıdır. Həm ”Binə”, həm də Ismayıllı etirazları hakimiyyətin haqsızlıqlarına görə baş verib. Hakimiyyət Ilqar Məmmədovun timsalında prezidentliyə namizədi, Tofiq Yaqublunun timsalında isə prezidentliyə namizədin müavinini həbs edib. Bu iqtidar utanmalıdır ki, bir ailədə həm atanı, həm də qızını siyasi sifarişlə həbsə atıb. Bu iqtidarı bu il yola salmasaq, gələcəkdə bizi böyük bəlalar gözləyəcək”.
“Bir harına görə bütün xalqı əzəcəyik” mesajı
Politoloq Ərəstun Oruclu hesab edir ki, prezidentliyə namizədlər hədəfə alınıb: “Isa Qəmbər Şamaxıya qədər getsəydi, Tofiq bəyə deyil, ona cinayət işi açılacaqdı. Ancaq artıq xalq gündəmdədir və həbslərin rolu yoxdur, buz sındırılıb. Bəzi mətbuat orqanları hadisələrin təşkilində Rusiya faktorunu önə çəkir. Amma bu, hadisələrin axarını dəyişmir. Iqtidar nazir oğlunu cəzalandırmaq istəmirsə, onun fotolarını mətbuatdan silməyə cəhd göstərirsə, deməli, ”bir harına görə bütün xalqı əzəcəyik” mesajını verir. Əgər bir rayonun başçısı cəzalandırılsa, bütün bölgələr ayağa qalxacaq. Xalqdan qorxurlar. Zahid Orucun açıqlamasına baxın. Deyir ki, Rusiya Azərbaycanda kimlərisə silahlandırır. O, özündən danışmır, danışdıran var. Ancaq qətiyyən bu ölkədə heç kim silahlandırılmır. Sadəcə, gələcəkdə xalqa silah açacaqlarına eyham vururlar, bəraət qazandırırlar. Həbslərə gəlincə, Tofiq bəyin tutulması siyasilikdən əlavə həm də əxlaq məsələsidir”.
Fərqli yanvar…
Müsavat partiyası Məclisinin sədri Arzu Səmədbəyli 1990-cı ildən bəri ilk qaynar yanvarı yaşadığını söylədi: “Adətən yanvar və avqust ölü ay sayılır. Ancaq bu dəfə fərqli yanvar gördük. Bu da payızda daha gərgin mövsüm yaşayacağımızdan xəbər verir. Qarabağ döyüşçüsü Tofiq Yaqublu və övladı Nigar xanım həbsə atılır. Ancaq hakimiyyətdə olanlar övladlarına hotel alır, mülk alır, xarici ölkələrdə villalar alır”.
Daha sonra Arif Hacılı “dünən Tofiq bəyə Nəsimi məhkəməsində həbs kəsilir, bu gün qızının Sumqayıt məhkəməsində apelyasiya işi var. Bu hakimiyyət belə dəyərlərlə yaşayır. Onların azadlığa buraxılması tələbilə aksiyalar keçiriləcək” deyərək çıxış üçün sözü Tofiq Yaqublunun qızı Nərgiz Yaqubluya verdi.
Nərgiz Yaqublu çıxışında Ilham Əliyevə səsləndi: “Buradan Ilham Əliyevə səslənirəm, sən ailəmizə qarşı repressiyalar həyata keçirməklə bizi yolumuzdan döndərə bilməyəcəksən”.
Sonda Pənah Hüseyn bildirdi ki, kütləvi aksiyalar Ictimai Palatanın Koordinasiya Şurasında müzakirə olunacaq.
***
Ilqar Məmmədov və Tofiq Yaqublunun həbsilə bağlı daha bir tədbir dünən Reportyorların Azadlıq və Təhlükəsizliyi Institutunun ofisində keçirildi. Həmin tədbirdə Ilqar Məmmədov REAL-ın prezidentliyə namizədi elan olundu. Bu barədə hərəkatın icraçı katibi Natiq Cəfərli məlumat verdi.
Natiq Cəfərli bildirdi ki, REAL Ilqar Məmmədovun həbsdən azad edilməsinə nail olmaq və onun təşviqat kampaniyasına başlamaq niyyətindədir.
Beynəlxalq təşkilatlara çağırış: “Azərbaycandakı seçkini alver predmetinə çevirməyin!”
REAL Məclisinin sədri Erkin Qədirli bildirdi ki, T.Yaqublunun və I.Məmmədovun həbsi müxalifətə qarşı repressiyaların tərkib hissəsidir: “Əhalinin etiraz aksiyalarının boğulması zorakılıqla müşayiət olunur, lakin vətəndaşlar bundan qorxmamalıdır. Buna görə də Yaqublunun və Məmmədovun həbsi öz əhəmiyyətini itirir və heç kimi qorxutmur”.
Erkin Qədirli yaxın vaxtlarda REAL-ın seçkiqabağı platformasını elan edəcəyini bildirməklə yanaşı, həm də Avropa Şurası, ATƏT, Avropa Ittifaqı, Avropa Parlamentini Azərbaycanda siyasi oyunlarda iştirak etməməyə, seçkiləri alver predmetinə çevirməməyə çağırdı.
Məqsəd həm də diqqəti Ismayıllı hadisələrindən yayındırmaqdır
Hərəkatın başqa bir üzvü Altay Göyüşov isə Ilqar Məmmədovun həbsinin gözlənilən olduğunu dedi: “Biz bu proseslərdən qorxmuruq və indiki şəraitdə tədbirlər planı tezliklə açıqlanacaq”.
Iqtisadçı ekspert, REAL üzvü Zöhrab Ismayılın sözlərinə görə, Ilqar Məmmədov və Tofiq Yaqublunun həbsində məqsəd ictimaiyyətin diqqətini Ismayıllı hadisələrindən yayındırmaqdır: “Biz siyasi məhbuslar və vicdan məhbusları məsələsilə bağlı ciddi etiraz aksiyalarına hazırlaşırıq”.
Müsavat Partiyası Gənclər Komitəsinin sədri nümayəndəsi Tural Abbaslı və Ümid Partiyasının təmsilçisi Ənvər Ağazadə həbs olunanların azad edilməsi və birgə etiraz aksiyalarının keçirilməsi məsələsində səylərin birləşdirilməsinin vacibliyini vurğuladı. Onlar son etiraz aksiyaları zamanı hakimiyyətin aqressivliyini pisləyiblər. Söhbət rezin güllələrdən, gözyaşardıcı qazdan istifadədən gedir.
“Hakimiyyət Azərbaycanda Suriya yaratmaq istəyir”
Ilqar Məmmədovun hüquqlarını müdafiə edən vəkil Xalid Bağırov bir daha REAL sədrinin həbsinin tamamilə əsassız olduğunu bildirdi: “Istintaq hesab edir ki, Ilqar Məmmədov gizlənə bilər və ya şahidlərə təzyiq göstərə bilər, ona görə barəsində həbs-qətimkan tədbiri seçilib. Bu, tamamilə cəfəngiyatdır”.
Turan Informasiya Agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, hakimiyyət Azərbaycanda Suriya yaratmaq istəyir, qarşıdurmaya və dağıdıcı proseslərə gedir.
Ramin DEKO