Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov “facebook”da onun adına saxta profil açılmasından gileylənib, deyib ki, bu, “facebook”un dünyaya təqdim etdiyi idarəolunmaz eybəcərlikdir.
“Facebook”un yaradıcısı Mark Zukerberq Həsənovun bu sözlərindən lazımi nəticə çıxarmalıdır, yoxsa, cibindən narkotik çıxsa, bizdən inciməsin.
Mənimsə Əli müəllimə bu dedikləri ilə bağlı bir neçə kəlmə sözüm var. Desəm, yəqin öldürməzlər, amma deməsəm, ölləm.
Bəli, Prezident Administrasiyasının şöbə müdiri virtual aləmdə saxtakarlıqdan gileylənir, amma biz 20 ildir real həyatda saxtakarlıqla qarşı-qarşıyayıq. Elə srağagün iki müxalifətçi dostumuz məhz saxta ittihamlarla dəmir barmaqlıqlar ardına göndərildi. “Facebook”da saxta profillərinin açılmasına dözməyənlər niyə bizi real həyatda saxta ittihamlarla sınağa çəkirlər? Bəs bu idarəolunan eybəcərlik nə vaxtadək davam edəcək? Insanların taleləri ilə oynamaq, onlara bu fiziki, yaxınlarına isə mənəvi iztirabları yaşatmaq beləmi asandır?
Saxta profillərdən dad edirsiniz, bəs seçkiləri niyə saxtalaşdırırsınız? Bəs iqtisadi rəqəmlər niyə saxtalaşdırılır? Bütün iqtisadçı ekspertlər hərtərəfli, dərin hesablamalar və təhlillər yolu ilə sübut edirlər ki, ölkədə gizli iqtisadiyyatın payı 60 faizdir, Dövlət Statistika Komitəsi adlı Sovetdən qalma “pripiska maşını” isə bu günlərdə onu 10 faizin belə, altında göstərdi. Bir dəfə Iqtisadi Araşdırmalar Mərkəzi yerli ÜDM-də kölgə iqtisadiyyatının xüsusi çəkisini araşdırmışdı. Məlum olmuşdu ki, təkcə 2010-cu ildə ümumi daxili məhsulun 50 milyard manatından 38 milyardı (66,4 faiz) vergi xidmətinin nəzarətindən kənarda qalıb. Təsəvvür edirsinizmi – 38 milyard manat!
Yaxşı, indi hansı daha təhlükəli, daha eybəcərdir: hansısa saxta “facebook” profilimi, yoxsa saxta dövlət statistikasımı?
Ümumiyyətlə, yaptokratlar internetin, yeni texnologiyaların imkanlarından şikayətlənməyi çoxdan vərdişə çeviriblər, hansı rejim qəzetini açsanız, orada onların zərərləri, ailələri dağıtması, milli-mənəvi dəyərlərə zərbə vurması haqqında xəbərlər, məqalələr oxuya bilərsiniz. Halbuki, yeni texnologiyaları çirkin ssenarilərin həyata keçirilməsinə alət edən elə rejimin özüdür. Müasir texnoloji nailiyyətlərin köməyi ilə insanların yataq otaqlarına girən, onların məhrəmlərini hüququn və əxlaqın sərhədlərini zorlayaraq geydirmə saytlarla el-aləmə yayanlar da bunlar, internetdən, yeni texnologiyalardan şikayətlənən də. Insaf bə, insaf!
Bütün bunlar Əli Həsənovun dediklərindən fərqli olaraq, məhz idarə edilən eybəcərlikdir. Hansı ki, rejimə çox şeyi bağışlamaq mümkündür, amma belə çirkin, keşiyində durduqları mentalitetlə də, nifrət etdikləri bəşəri dəyərlərlə də bir araya sığmayan şantajları, əməlləri əsla!
Mən həm administrasiya sözçüsünün, həm də başqa rejim mənsublarının bir saxta profilə belə qəzəbli reaksiyasının əsl səbəbini də anlayıram: “facebook”, ümumilikdə isə internetin bu qədər yayğınlaşması onları çox əsəbiləşdirib. Bütün planları alt-üst oldu. Artıq müxalif partiyaları qərargahsız qoymaq, etirazçıları sərbəst toplaşmaq adına ucqarlara göndərmək, tənqidçi sözü ya zorla, ya pulla susdurmaq üçün neçə illik zəhmət boşa gedib, qoyduqları “maya” batıb. Bu gün internetin tanıdığı imkanlar – qərargahsızların qərargahı, meydansızların meydanı, tribunasızların tribunasıdır.
Sosial şəbəkələr illərdir toplumda yaradılmağa çalışılan siyasi tabuların sındırıldığı, yox edildiyi məkana çevrilib. “Facebook”u ailələri dağıdan zərərli ünvan kimi göstərirlər.
Amma əsl qorxuları ondandır ki, “facebook” ailə hakimiyyətlərini dağıdan nəhəng inqilabi vasitəyə çevrilib.
Biz bunu son illərdə neçə ölkənin timsalında gördük. Yaptokratiyanın qorxu və əndişəsi də elə buna görədir.
Odur ki, ənənəvi despotik davranışlarla, artıq gücünü itirmiş, Latın Amerikası və Afrikadakı totalitar rejimlərə xas repressiv tədbirlərlə ayaqda qalmaq, mövcudluğunu qorumaq niyyətindən əl çəkmək lazımdır.
Artıq mövcud olmaq yox, xilas olmaq haqqında düşünmək lazımdır.
Bu da mənim yaptokratlara növbəti pulsuz məsləhətim olsun!

İdarəolunan eybəcərlik
•
•