Yazıçının oğlu və xanımı işdən çıxarıldı
Əkrəm Əylisli: «Oğlum bir neçə dəfə mənə deyib ki, bu işlərlə məşğul olmasan yaxşıdır, istəmirdi ki, siyasi məsələlərdə adım hallansın…»
Xalq yazıçısı, qalmaqallı “Daş yuxular” romanının müəllifi Əkrəm Əylislinin oğlu, gömrük polkovnik-leytenantı Nəcəf Naibov işdən çıxarılıb. Moskvada Gömrük Akademiyasını bitirmiş Nəcəf Naibov Dövlət Gömrük Komitəsinin Maliyyə, Taarif və Valyuta Nəzarəti Baş Idarəsində Aksiz şöbəsinin rəisi vəzifəsində çalışırdı.
“AzNews.az”ın bu haqda yaydığı məlumatı Dövlət Gömrük Komitəsindən də təsdiqləyiblər. Komitənin mətbuat xidmətindən “modern.az”a bildirilib ki, Nəcəf Naibovun işdən çıxarılması haqda mətbuatda yayılan informasiya doğrudur. Həmçinin əlavə olunub ki, Nəcəf Naibov işdən öz ərizəsilə çıxıb. Komitədən “bundan əlavə heç nə deyə bilmərik”, – deyə qeyd ediblər.
Əkrəm Əylislinin xanımı Qalina Aleksandrovna da dünən işdən çıxması barədə ərizə yazıb. “Teleqraf.az”ın məlumatına görə, dünən o, direktor işlədiyi Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 saylı filialına gələrək, artıq işdə qala bilməyəcəyini deyib və işdən çıxmaq barədə ərizə yazıb.
Q.Aleksandrovna kitabxana əməkdaşlarına deyib ki, həyat yoldaşının yazdığı romana görə dünən işdən çıxarılmış oğlu Nəcəf də atasına etiraz edib. Yazıçının xanımı artıq Azərbaycanda qala bilməyəcəklərini və xarici ölkələrdən birinə köçməyə hazırlaşdıqlarını da qeyd edib.
Məlumata görə, Q.Aleksandrovna bütün bunları danışarkən ağlayıb.
Övlad atasına görə cavabdeh deyil!
Əkrəm Əylisli özü də oğlunun işdən çıxarılmasına münasibət bildirib. Yazıçı “mediaforum”a açıqlamasında bildirib ki, oğlu iqtisadçıdır və Dövlət Gömrük Komitəsində öz sahəsinə uyğun vəzifədə işləyib: “Nəcəf iqtisadiyyatın iradə edilməsi üzrə ali təhsil alıb. Bir müddət Iqtisadi Inkişaf Nazirliyində işləyib. Sonra isə Dövlət Gömrük Komitəsində işə düzəlib. Moskvada Gömrük Akademiyasını bitirib. O öz sənətinin, sahəsinin çox gözəl mütəxəssisidir”.
Əkrəm Əylisli qeyd edib ki, oğlu heç vaxt onun yaradıcılıq işlərinə qarışmayıb: “Mən nə yazıram, nə pozuram, harada çap etdirirəm – bu işlərdən Nəcəfin xəbəri olmur. Onun mənim yaradıcılığıma, mövqeyimə heç bir qarışacağı yoxdur. Nəcəf ədəbiyyatla heç maraqlanmır da. Yazıçının oğlu olmaq o demək deyil ki, oğul atanın ideyaları ilə şərikdir. Övlad atasına görə cavabdeh deyil. Bir neçə dəfə mənə deyib ki, bu işlərlə məşğul olmasan, daha yaxşıdır, otur əsərlərini yaz. Yəni, istəmir ki, narahat olum, siyasi məsələlərdə adım hallansın. Nəcəfin hər hansı formada siyasətə qarışacağı yoxdur. Heç bir zaman siyasətlə məşğul olmayıb. O, əsl iqtisadçıdır. Bunları oğlumu sığortalamaq üçün demirəm, real vəziyyətdir. Əgər gedib onun iş yoldaşlarından soruşsanız, hamı Nəcəf haqda yalnız yaxşı fikir söyləyər, onun öz yerində olan yaxşı mütəxəssis olduğunu deyər. Indi yerində olan bir adamı yerindən çıxarıblarsa, gərək bu haqda düşünələr”.
“Bu, hansı əqidəyə sığar?”
Bu arada, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da Əkrəm Əylislinin “Daş yuxular”əsərinə münasibət bildirib.
“Minlərlə azərbaycanlını qətlə yetirən, Azərbaycan torpaqlarını işğal edən, Xocalı soyqırımını törədən erməni gəncini bəşəri hisslərin müdafiəçisi kimi, öz millətinin nümayəndəsini isə cılız xislətli, qatil bir şəxs kimi təqdim etmək hansı əqidəyə sığar?
Belə insanlara Azərbaycan xalqı olaraq ictimai nifrətimizi bildirməliyik. Milli mənsubiyyəti olmayan bir şəxsin bəşəri hisslərdən danışmağa haqqı yoxdur. Biz tolerant xalqıq. Əlbəttə, onu daş-qalaq etməməliyik. Çünki belələrini çox görmüşük. Orxan Pamuk bir cümləyə – “türklər ”erməni soyqırımı”nı tanımalıdır” fikrinə görə öz millətinin qınağına çevrildi və tərki-vətən olundu. Səndən xalqın və millətin imtina edirsə, o mükafatı almağa dəyərmi? Bir insanın milli hissindən yüksək heç nə ola bilməz”, – deyə Əli Həsənov bildirib.