Novella Cəfəroğlugil bu gecə rahat yata bildimi?

Dünənki həbslər gözlənilməz idimi? Qətiyyən.
Rejim ölkədə qorxu mühitinin sındığının fərqindədir. Artıq bu ədalətsiz, haqsız gedişata “dur” deyilməsini təkcə siyasi və ictimai aktivistlər istəmir. Ölkədə köklü dəyişiklik artıq yalnız müxalifətin hədəfi deyil. Artıq ayrı-ayrı rayonların timsalında xalqın da prosesə qoşulduğu, içindəki xofu silib-atdığı aydın görünür.
Belə vaxtda yeni həbslər dalğasına start verilməsi gözlənilən idi. Yıxılmaqda, yox olmaqda olan qorxu imperatorluğunu bərpa etməyə əşhədü-ehtiyac vardı. Və Ilham Əliyev rejimi bunu həm “Binə”, Ismayıllı üsyanlarına qalxanlar, həm də müxalif fəallar arasından həbslər həyata keçirməklə etmək istəyir.
Əvvəllər biz seçki ilində rejimin davranışlarında yumşalma hiss edərdik. Ən azı, belə səs-küylü həbslərdən çəkinərdilər. Özlərini dözümlü göstərmək, demokratiyanı imitasiya etmək adına repressiyalar qısa müddətə də olsa, arxa plana keçərdi.
Indi isə artıq bundan da imtina olunur: prezidentliyə namizədliyini elan etmiş müxalifət liderinin hansısa rayona səfərinin qarşısı bütün inzibati-administrativ resursların səfərbər olunması ilə alınır, etiraz aksiyalarına çıxanlara dəhşətli aqressiya nümayiş etdirilir, yüksək cərimələr və sutkalıq həbslərə qaz verilir, hansısa xalq etirazı rezin və işıqsaçan güllələrlə susdurulur, müxalif düşərgədəki lider statusunda olanlara belə, dəmir barmaqlıqlar göstərilir. Bu, rejimin vəziyyətinin biz düşündüyümüzdən də ağır olmasının görsənişidir. Artıq demokratiyanı, söz, sərbəst toplaşmaq azadlıqlarını imitasiyadan imtina edəcək həddə çatıblar. Bizim bugünlərdə müşahidə etdiyimiz Əliyevçi rejim artıq özüdür ki var! Artıq o, rola girməyib, o elə məhz bundan ibarətdir!
Yaptokratiya fərqində deyil – həbslərin qorxu, ruh düşkünlüyü yaratdığı dövr arxada qalıb. Artıq hər həbs özü ilə proseslərə yeni insanlar cəlb edir, xof yerinə yeni fəallar ortaya çıxarır. Artıq hər həbs sistemi gözləyən sona doğru yeni bir addımdır. Bunu anlamaq lazımdır. Rejimdən qandallarla danışmaqdan vaz keçmək, reallığı görmək tələb olunur – əks halda, həm gözlənilən sonu bir az da tezləşdirir, həm onu bir az da amansız, qəddar edirlər. Mübarək kimi də çıxmaq olar işin içindən, amma bunlar repressiyalarla, şərləmələrlə Qəddafinin taleyini seçdiklərini göstərmiş olurlar.
***
Bir neçə kəlmə də rejimin AŞ PA-nın son sessiyasında Ştrasser üzərində “kürü qələbəsi”nə öz layiqli töhfəsini verən hüquq müdafiəçilərinə, daha doğrusu, hüquq hücumçularına – Novella Cəfəroğlugilə sözüm var.
Dünənki həbslərdən sonra vicdanlarınız nə qədər rahatdır? Ilqar Məmmədov, Tofiq Yaqublu dəmir barmaqlıqlar ardında ilk gecələrini keçirərkən sizlər necə, rahat yata bildinizmi? Gözlərinizə şirin yuxu getdimi?
Mən heç şübhə eləmirəm ki, Ilqar bəyin, Tofiq bəyin həbsi həm də Ştrasser üzərindəki “kürü qələbəsi”in məntiqi sonluğudur. O “kürü qələbəsi” rejimin əlini gücləndirdi, onu seçki ilində baltanı bir az da kökündən vurmağa həvəsləndirdi.
Dünənki həbslərin məsuliyyəti bir az da həmin “kürü qələbəsi”nə öz töhfəsini vermiş, “Ştrasserin məruzəsi qəbul olunsa, hazırda həbsdə olan siyasi məhbusların azadlığa çıxması çətinləşəcək, əks halda isə onların azadlığa buraxılmasına yaşıl işıq yandırılacaq” deyə, hakimiyyət adından AŞ PA deputatlarına elçi düşənlərin, onları “əleyhinə” düyməsini basmağa həvəsləndirənlərin üzərindədir. “Hüquq müdafiəçisi” qiyafəsi altında “hüquq hücumçusu” mövqeyində çıxış edənlər indi buyurub öz əməllərinin əsərini doya-doya seyr etsinlər, kef eləsinlər.
***
Və bunu da yazım, nöqtə qoyum.
Tofiq Yaqublu ilə Ilqar Məmmədovun eyni gündə, eyni sifarişlə, eyni maddə ilə həbsi bir az da ibrətamizdir. “Ənənəvi müxalifət-yeni müxalifət”, “klassik müxalifət-modern müxalifət” mübahisələrinin nə qədər yersiz, mənasız olduğu ortaya çıxdı.
Bu cür mübahisələr sonucunda ayrışmağın, bölünməyin, rejimi bir kənara qoyub, bir-birimizlə didişməyin absurdluğu sübut olundu.
Təsdiqləndi ki, bizim bir-birimizə münasibətimizdən asılı olmayaraq, rejim hamımızı eyni gözdə görür, hamımız onun üçün düşmənik, hamımıza eyni dərəcədə nifrət edir.
Hər zərərdə bir xeyir var, biz də bu həbslərdən bunu öyrənək, bu həbslərdən bir olmağın, birgə olmağın dərsini alaq.