İsmayıllı: Yad planetlilər və Qavroş həqiqəti

Cəvahir xaladan sitat:
“Biz uşaq olanda Sovet Ismayıllısında xoş niyyyətli ”Ögey ana” kinosunu çəkmişdilər, nəvələrimizin uşaq vaxtı Ismayıllıya “ögey ata” divanı tuturlar…”
Neçə illərdir dilimizdən düşməyən ifadə var: “Dünya ictimaiyyəti buna nə deyər?”… Və elə həmin o qədər zamandı ki, dünya ictimaiyyəti olub-bitənlərə heç nə demir. Və biz də qanı qanımızdan, canı canımızdan olmayan dünya ictimaiyyətindən bu laqeyd, soyuq, sonucda qəddar sükuta görə inciyirik. Ismayıllıda xalq üsyanının yaşandığı günlərdən indiyə qədər hakimiyyətin qəfil və amansız hücumuna məruz qalan günahsız əhali də azca fərqlə eynən belə düşünür: “Azərbaycan ictimaiyyəti buna nə deyər?”…
Qanı qanımızdan, canı canımızdan olduğunu düşündüyümüz “Azərbaycan ictimaiyyəti”… Varmı belə bir şey? Mövcuddursa, niyə o ictimaiyyətdən kimsələr blokadaya alınmış Ismayıllıya gəlib xalqın yanında olmadılar? Zəhərli qazların, rezin güllələrin, zirehli maşınların, onları əzmək üçün köklənən kaskalı, maskalı qansızların qarşısına bütün dəhşətli olacaqları gözünün altına alıb çıxanlardan bu üsyanın səbəbini soruşmadılar. Soruşmadılar, çünki, bu xalq üsyanının səbəbi adını deyə və yaxud yaza bilən hər bir azərbaycan vətəndaşına gün kim aydındı. Soruşmadılar, çünki həmin bu kimsələrin hər kəsə gün kimi aydın həqiqətlər barədə susmaq öhdəliyi var. Bol təminatlı həmin öhdəlik kəbinindən çıxmaq üçün qeyrətləri, cəsarətləri, şərəfləri çatmadı. Zatən bunlar olsaydı o kəbində olmazdılar da. Amma fürsəti dəyərləndirənlər susmaqdan betərinə getdilər. Qabağına sahibinin atdığı yağlı tikəyə – ondan da artığına aid olduğunu sübut etmək üçün doğruları qaralayıb, aşağıdan-yuxarıya ölkəni talayan harın dəstənin xalqa analoqsuz qayğı və sevgisindən danışdılar. Müharibə kinolarının ən ağır səhnələrini əks etdirən Ismayıllıda həmin zaman əhalinin şən və xoşbəxt yaşayışdan məmnunluğunu olmayan auditoriyalarına sırımağa çalışdılar. Məlumatı yalnız qurdlamış üfunətli Azərbaycan kanallarından almağa məhkum avam camaatın gözündən pərdə asmaq cəhdləri amma bu dəfə kökündən iflasa uğradı. Çünki ölkənin hər qarışında tüstüsü boğulub ürəkləri göynədən bir Ismayıllı tonqalı yanır, bunu görmək üçün heç bir tele-şouya ehtiyac yoxdur, əlini ürəyinin üstünə qoy, yetər.
“Bu gün Ismayıllıda nə baş verdi” sualı əslində Azərbaycanda nə baş verir? – kimi səslənir. Bu gün Ismayıllıya mənəvi dəstək olmağa çalışan hər kəs əslində özü də daxil, bütövlükdə xalqa, vətənə olan şüurlu münasibətini əks etdirir.
Sözə qüvvət, hadisənin birinci gecəsi Ismayıllıda yaşayan ziyalı hesab elədiyim məmur tanışa zəng eləyib vəziyyəti öyrənmək istədim. Nə olub ki? deyə özü mənə sual verdi. “Siz Ismayıllıdan köçmüsüz?”, deyə soruşdum. “Yox”, dedi… Məmur adam şəhərin özündə yaşayır, buna yaşamaq demək olarsa. Bir neçə saatdan sonra özüm Ismayıllıya gedəndə rastlaşdığım mənzərə isə məni ağlatdı. Yeddi-səkkiz yaşlarında balaca oğlan uşaqları şəhərin içindən hadisələrin mərkəzinə gedən yolu kəsən nəhəng qum təpəsini bir qıraqdan əllərinə düşən köhnə ləyənlərlə, karton qutularla daşıyıb yolu açmaq üçün çabalayırdılar. Boyları “Jiquli”nin şüşəsini ötməyən balaca qavroşlar yanlarından ötən maşınları bayraq əvəzinə qırmızı lentlərlə salamlayırdılar. Nə zamansa hədiyyə qutularına bağlanan rəngi getmiş nazik uzun lentləri külək havada oynadır və uşaqların boylarından xeyli yüksəklərə qaldırırdı…
Ismayıllı, hadisədən beş-altı gün sonra – bu sətirlərin yazıldığı zaman hələ də zirehli texnikanın, silahlı hərbiçilərin, qəzəbli polislərin sərt nəzarəti altındadır. Xalq üsyanını yatırılması üçün irtica xof yaradır, həbs edir, hədə-qorxu gəlir, tovladır və sairə “özəl” üsullarla insanları əzməyə, sındırmağa cəhd edir. Bir sözlə, Ismayıllıda vəziyyət gərgin olaraq qalır. Ölkədən təcrid olunmuş ismayıllılar hələlik hər an bu gərginliyi canlarında, qanlarında yaşayır və daşıyırlar.
Amma, bütün bu analoqsuz zorakılıq sınıq ləyənə ip bağlayıb azadlığa yol açan qırmızı lentli o sevimli Qavroşun bircə telinə dəyməz. Unutmayın cənablar, Onlar gəlirlər…