və ali baş komandan yalanı
Ölkədə narazılıq artdıqca əsl həqiqətlər üzə çıxmağa başlayır. Artıq bizim danışmağımıza, yazmağımıza bir o qədər də ehtiyac qalmır. Hakimiyyəti namusu kimi müdafiə edənlər özləri sirləri açıb tökür. Gerçəyi danışmağa (bəlkə də istəmədən) başlayırlar. Biz bildiklərimizi, yazdıqlarımızı bunların dilindən eşitməksə adama xüsusi zövq verir…
Orduda durum ağırdır. Kim də bilməsə, Azərbaycan xalqı bunu öz üzərində bütün ağrısıyla duyur. Baxmayaraq ki, ali baş komandan – Ilham Əliyev başqa fikirdədir. Elə “əsgər ölümlərinə son” aksiyasına münasibətində də bunu ortaya qoydu. Ancaq bu gün başqa problemlər görünməkdədir. Ehtiyatda Olan Zabitlər Birliyinin ordudakı yarıtmazlıqlarla bağlı yaydığı bəyanata Müdafiə Nazirliyi orduya “qara yaxanlara qarşı” kampaniyaya – imzatoplama kampaniyasına başlamaqla cavab verib. Bu kampaniya da hakimiyyətdəki bəzi qüvvələri narazı salıb. Sanki indi anlayıblar ki, bu ölkədə ordu var və “ən müasir texnika və avadanlıqlarla təchiz olunmuş” ordu bir gün siyasətə baş vura bilər. Elə bil bunu qəfil başa düşüblər. Bütün gücü siyasi sabitliyi qorumağa, etiraz aksiyalarını yatırtmaq üçün polisə qoymağa başı qarışan hakimiyyəti Səfər Əbiyevin bir işarəsiylə minlərlə imza toplanması ayıldıb. Barmaq işarəsiylə danışmağa adət etmiş Siyavuş Novruzov və Zahid Oruc dərhal açıqlama veriblər. Bu açıqlamalarda narahatlıq aşkar sezilir. Ancaq diqqət çəkən başqa məqam var ki, onu vurğulamağı gərəkli saydıq.
“Ölkədə ordu quruculuğu gedir. Özümüzü ABŞ, Böyük Britaniya, Fransa ilə müqayisə edə bilmərik. Müəyyən zaman keçməlidir, ordu formalaşmalıdır, fundamental Silahlı Qüvvələr yaradılmalıdır”. Bunu yapçı deputat Siyavuş Novruzov orduda imzatoplama kampaniyasına “Media forum” saytında münasibət bildirərkən 2013-cü il yanvarın 30-da deyib. Obyektiv münasibət saymaq olar. Həqiqətən bu gün ordumuzu adı çəkilən ölkələrin ordusuyla müqayisə belə edə bilmərik. Ayıb olar. Ən azı ona görə ki, belə qüdrətli ordusu olan ölkənin torpaqları işğal altında qala bilməz. Ordumuzu ən yaxşı halda elə qonşu, həm də düşmən Ermənistan ordusuyla müqayisə edə bilərik. Dedovşina, başıpozuqluq və s…
Indi başqa bir sitata baxaq. Bu sözləri ali baş komandan – Ilham Əliyev 2009-cu ildə deyib: “Azərbaycan Ordusu bu gün dünyanın ən peşəkar, NATO standartlarına cavab verən ordusu ilə bir sırada dayanır. Bunu beynəlxalq təşkilatlar da təsdiq edir”. 2009-cu il hara, 2013 hara. Həm də nəzərə alaq ki, bu müddətdə xeyli qabağa getmişik. Ilham Əliyev deyir:
“Bu gün Azərbaycanda nizami ordu vardır. Mən hərbi hissələrə tez-tez gedir, vəziyyətlə tanış oluram. Tam məsuliyyətlə deyə bilərəm ki, bu gün Azərbaycan Ordusu çox yüksək səviyyədədir…
Bu gün Azərbaycan Ordusunun təchizatı, o cümlədən daxildə istehsal olunan məhsullar hesabına formalaşır. Azərbaycanda müxtəlif növ silahlar, sursatlar, hərbi texnika istehsal olunur… Patronlar, silahlar, mərmilər, tapançalar, avtomatlar, pulemyotlar, minaatanlar, snayper tüfəngləri, zirehli texnika, pilotsuz təyyarələr – bütün bunlar Azərbaycanda istehsal olunur…
Bu gün bizim ordumuz bölgənin ən qüdrətli ordusudur. Lazım olan halda Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün biz hərbi gücdən də istifadə edə bilərik…
Bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz ümummilli lider Heydər Əliyevin gərgin zəhmətinin bəhrəsidir”.
Sitatları artırmaq da olar. Bura Ilham Əliyevin fəxrlə dediyi “ordumuzun büdcəsi Ermənistanın dövlət büdcəsindən çoxdur” sözlərini də əlavə etmək olar. Ancaq bu əlavələri etməyə nə ordudakı gerçək durum, nə Siyavuş Novruzovun dedikləri, nə də əsgər valideynlərinin hərbi xidmətdə olan övladlarına göndərdiyi, şəxsən apardığı bit dərmanı əsas verir.
Bircə söz qalır: Igid əsgər, möhkəm dayan!

Siyavuş Novruzov həqiqətləri…
•