Əkrəm Əylisliyə qarşı baş verənlər linçdirmi? Deyil. Sadəcə, şoudur, gündəmi dəyişmək şousu.
Ölkədə güclənən etirazçı-əhval ruhiyyəni arxa plana keçirmək, toplumun rejimə qarşı güclənən protesto enerjisini parçalamaq və onu bir yazıçıya yönəltmək cəhdidir.
Son günlər baş verənləri unutdurmaq çabasıdır.
Qəflət yuxusundan, qış yuxusundan oyanan xalqı “daş yuxulara” vermək – “Daş yuxular”la uyutmaq planıdır.
Bundan artığı deyil!
***
Indi yapçılar özlərini qeyzlənmiş göstərirlər ki, guya bunlar day nətəhər vətən, torpaq, millət aşiqidirlər, Qarabağ dərdi ilə necə yanıb-qovrulurlar.
Amma inanın ki, ürəklərinin dərinliyində ictimai-siyasi gündəmin bunca sıx və gərgin, üstəlik də rejimin xeyrinə olmayan bir vaxtında…
Toplumda dəyişiklik ehtirasının və ümidinin alovlanmaq üzrə olduğu zamanda Əkrəm bəyə təşəkkür edir, “sağ ol” deyirlər. Bu saat o roman yapçılar üçün hava deməkdi, su deməkdi, hətta havadan, sudan da vacibdir.
Ən çətin anlarında Qarabağ dərdinin arxasında gizlənən bir zehniyyət indi bunu “Daş yuxular” vasitəsi ilə edir. Diqqət yayındırır. Baş qatır. Iz azdırır.
Inanın, toplumun içində ard-arda ayaqlanmalar, başqaldırılar olmasa…
Ölkəboyu bir üsyan havası əsməsə…
Sistemin ifşası prosesi alıb başını getməsə, indi biz tamam başqa şoular izləyirdik, inkişaf nağılları dinləyirdik, siyavuş novruzovların, mübariz qurbanlıların təntənəsinə şahidlik edirdik.
Ölkədən 48 milyard çıxaranda Xocalı faciəsi vecinə olmayan…
Dubayda oğul-uşaqlarına 75 milyonluq mülk alanda Şuşa yadına düşməyən…
Ofşor zonalarda şirkətlər quranda düşmən yanında başımızı aşağı elədikləri ağlının ucundan keçməyən zehniyyət üçün bu saat o roman heç nə, amma heç nə ifadə etmirdi. Uzaqbaşı bir-iki donquldanma ilə söhbəti öldürmüşdülər.
Ancaq indi vəziyyətləri o qədər ağırdır ki, o qalib ədalarından, o xalq üzərində zəfər təntənələrindən o qədər uzaqdırlar ki…
Ölkədə dəyişimin ayaq səslərini özləri də bizim qədər elə aydın eşidirlər ki…
Divarın qurtardığını, sonun əvvəlinə gəldiklərini o qədər gözəl görürlər ki, bir yazıçı və bir roman üzərindən gündəmi dəyişməyə, toplumun get-gedə artan etirazçı ruhunu o yazıçının və o romanın üzərinə yönəltməyə əşhədü-ehtiyacları var.
***
Amma artıq zaman da o zaman deyil.
Xalqın bunların çaldığı havalara oynamaq dövrü arxada qalıb. Adamlar ayılıb. Hamı hər şeyin fərqindədir. Ismayıllıda, “Binə”də öz vətəndaşına silah çəkən bir zehniyyətin vətənşüvənlik şoularına inanmır.
Bəli, sistem üçün ən pisi də budur: bütün inandırıcılıqlarını itiriblər. Yalanları artıq heç ayaq da açmır, qalmışdı ki, hələ bir yeriyə də.
Adamlar fikirləşirlər ki, bunlar nə vaxtdan Qarabağ dərdi çəkən, vətən, millət qeydinə qalan olublar, deməli, bu hay-küy də qətiyyən vətən, millət naminə deyil.
Deməli, işin içində iş var.
Deməli, qarınağrısı başqadır. Niyyət başqadır.
Ona görə də üç gündür cəmiyyəti süni şəkildə bir yazıçıya qarşı səfərbər etmək üçün bütün inzibati, media güclərini işə salıblar. Amma əldə var – sıfır.
Əmin olun ki, bunda son vaxtlar Əkrəm Əylislinin vətəndaş mövqeyi sərgiləməsinin də rolu var. Əgər onun xalqa “yaxşı padşah” nağılları danışdığı dövr olsaydı, inanın, bu saat yapçılar susmuşdu, toplum özü Əkrəm bəyi topun ağzına qoyub atırdı.
Amma görün, cəmiyyətdə rejimdən nifrət hara qədərdir ki…
Bunlarla işğalçılar arasında fərq necə aradan götürülübsə, xalqı yazıçıya qarşı kampaniyaya daxil etmək alınmır. Şou linçə çevrilmir.
Alınmır ölkənin əsas dərdlərini unutdurmaq!
Diqqəti Ismayıllıdan, Zaqataladan, Imişlidən… etirazçı ruhun gücləndiyi bölgələrdən yayındırmaq mümkün olmur.
Qəflət yuxusundan ayılanları “Daş yuxular”la uyuda bilmirlər.
Artıq çoxluq fərqindədir: 20 faizin işğaldan qurtuluşu 80 faizin istibdaddan azad edilməsindən keçir.
Hamı başa düşür: ən pis roman korrupsiyadan daha pis ola bilməz. Ən pis yazıçı da oğrudan.

Qəflət yuxusundan ayılanları “Daş yuxular”la uyutmaq
•
•