Parlamentdə 37-ci il ab-havası

YAP-çı deputatlar yazıçısı Əkrəm Əylislini asıb-kəsdilər

Parlamentin 1 fevral iclasında əsas müzakirə mövzusu xalq yazıçısı Əkrəm Əylislinin Moskvada “Drujba narodov” jurnalında rus dilində işıq üzü görən “Daş yuxular” romanı olub. YAP-çı və hökumətyönlü deputatlar bu romana görə yazıçının ünvanına bir sıra ittihamlar səsləndiriblər.
YAP-çı deputat Musa Quliyev deyib ki, Əkrəm Əylisli öz romanında Azərbaycan və Türkiyəni ermənilərə qarşı soyqırımı törətməkdə ittiham edib, Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırıb.
YAP-ın icraçı katibi Əli Əhmədovun sözlərinə görə isə Əkrəm Əylisli romanda Ermənistanın Azərbaycana təcavüzünə haqq qazandırıb. Əli Əhmədov bildirib ki, Əkrəm Əylisli bu ziyanlı əsəri ilə ermənilərin Azərbaycan torpaqlarına haqsız iddialarına zəmin yaradır: “Ən azı sadaladığım bu günahlar Əkrəm Əylislinin bu romanının Azərbaycanda dərc olunmasını qadağan etməyə əsas verir. Azərbaycan xalqını aşağılamış yazıçının xalq yazıçısı adını daşımağa haqqı yoxdur. ”Istiqlal”, “Şöhrət” ordenlərini də daşımağa haqqı yoxdur”.
Məlumat üçün deyək ki, Əkrəm Əylisliyə “Istiqlal” və “Şöhrət” ordenlərini eks-dövlət başçısı Heydər Əliyev verib.
Deputat Zahid Oruca görə Əkrəm Əylislinin yazdıqları qarşıdakı yüz ildə ermənilərin əlində bayraq olacaq: “Biz Əkrəm Əylislinin çarmıxa çəkilməsini istəmirik. Amma onun xalq yazıçısı adı niyə qalırdı ki, uzun illər bundan bəhrələnib sonra da belə əsər yazaydı?!”
Əslində isə Zahid Oruc fərqində deyil ki, Əkrəm Əylislinin yazdıqları deyil, ona qarşı bu sayaq kampaniya ermənilərin əlində bayraq olacaq. Ermənilər bütün dünyaya car çəkəcək ki, azərbaycanlılar hətta öz xalq yazıçılarını belə ermənilərin Bakıda öldürülməsini tənqid etdiyinə görə linç etməyə hazırdılar və bu fakt göstərir ki, azərbaycanlılarla birgə yaşayış mümkün deyil.
YAP-çı deputat Əhməd Vəliyev isə bildirib ki, Əkrəm Əylislinin genetik kodu araşdırılmalıdır.
Deputat Nizami Cəfərov lap gül vurub. O, Əkrəm Əylislinin Azərbaycan vətəndaşlığından çıxarmağı təklif edib.
Nizami Cəfərov qanunverici orqanın üzvüdür, amma Azərbaycan Konstitusiyasından xəbəri yoxdur. Konstitusiyanın 53-cü (Vətəndaşlıq hüququnun təminatı) maddəsini deputatın diqqətinə çatdırırıq:
I. Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilə bilməz.
II. Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasından qovula və ya xarici dövlətə verilə bilməz.
III. Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir.
Vitse-spiker Bahar Muradovanın iddiasına görə, Əkrəm Əylisli Azərbaycan xalqına xəyanət edib: “Xəyanət edənə də bir münasibət olmalıdır. Əsərdə Azərbaycan vətəndaşlarına ayamalar qoyulur. Biri dəliyə, biri qabana bənzədilir”.
Deputat daha sonra xalq yazıçısına xitab edib: “Əkrəm Əylisli, səni əmin edirəm, Qarabağda, Ermənistanda qətlə yetirilmiş, şəhid olmuş insanların ruhları səni rahat qoymayacaq. Ziyalılar Forumu adlı qurum buna münasibətini bildirsin, bilək ki, siz kimsiniz. Mən o kitabı neçə gündür oxuyuram. Belə insan bizim aramızda necə yaşaya bilər?! Əgər o verilən adlar Əkrəm Əylisliyə rahatlıq verəcəksə, o adları daşısın. Yoxsa özü də bəyan etdiyi kimi Bakıdan çıxıb gedəcək. Laməkan ruhlar onu hər yerdə tapacaq”.
Spiker Oqtay Əsədov isə Əkrəm Əylislinin “Azadlıq” radiosuna verdiyi müsahibəyə qulaq asdığını və xəcalət çəkdiyini deyib: “Adam xəcalət çəkir. Qanı qanımızdan olan insan necə belə ola bilər? Əgər bu insan bunu 2007-ci ildə yazmışdısa, niyə indi çap olunur? Məqsədi nədir? Bundan da böyük ad qazanmaq istəyirdi? Sadəcə, yiyələrindən tapşırıqlar alıb. Nobel alsa belə, Azərbaycan xalqının nifrətindən qaça bilməyəcək. Ermənistanda 90 uşağın borunun içərisinə doldurulub qaynaq edilməsindən niyə yazmırdı? Əgər onu dəstəkləyən varsa, o da şübhəli adamdır”.