İsmayıllıda daha bir nəfər həbs edilib

Ələkbərov qardaşları 30 yaxın ailəni necə evsiz qoyub?

Ismayıllıda vəziyyət gərgin olaraq qalır. Rayondan aldığımız məlumata görə, şəhərin mərkəzinə gedən bütün hissələr diqqət mərkəzindədir. Mülki geyimli şəxslər daha çox rayon icra hakimiyyətinin binası ətrafında dolaşır, ərazidə gözə dəyən rayon sakinlərinə diqqət yetirirlər.
“Azadlıq”a daxil olan məlumata görə, ötən gün daha bir Ismayıllı rayon sakini həbs edilib. 21 yaşlı Rəşid Məmmədovu “Banditizm”ə gətiriblər. Rayon sakinləri deyirlər ki, Ismayıllının mərkəzi hissəsindən Daxili Qoşunların, Çevik Polis Alayının qüvvələri rayonun kənarına aparılıblar. Talıstan kəndinə gedən yolda, rayona girəcəkdəki üzümlüklərdə, Qəbələ istiqamətində meşəliklərdə polis qüvvələri növbə çəkirlər.
Rayon sakinləri problemləri həll olunmayacağı təqdirdə yenidən aksiya keçirə biləcəklərini deyirlər. Onlar tələblərinin yerində qaldığını söyləyirlər.
Ismayıllıda iğtişaşlar zamanı yandırılan “Çıraq” oteli əvvəllər 30-a yaxın ailənin yaşadığı yataqxana olub. Sakinlər “BBC Azərbaycanca”ya 5 il əvvəl otel tikilən zaman Icra Hakimiyyəti tərəfindən çıxarıldıqlarını deyir.
“Bizi 2008-ci ilin fevralın 28-də axşamüstü məcburi şəkildə polis gücünə çıxarıblar”, Təranə Ağayeva bildirir.
Ağayeva hazırda digər iki qonşu qadınla birgə 2008-ci ildən köçürüldükləri kərpic satışı ilə məşğul olan obyektin döşəməsi beton otaqlarda yaşayır.
Ağayeva onlara həm də torpaq sahəsi verildiyini deyir, amma onlar həmin sahələr “gərginliyin altında” yerləşdiyindən ərazilərini “sənədləşdirə bilmir”.
Köçürülən ailələr 1993-cü ildən otelin yerləşdiyi binada yaşayıblar.
“Sovet dövründə bura ”raypoittifaq” deyilirdi, sonra yataqxana kimi istifadəyə verildi. Biz orda ev pulu köçürmüşük, kommunal xərcləri verirdik”, – Ağayeva bildirir. – “Bizə kömək etməli idilər, tullamalı deyildilər. Aclıq aksiyası keçirdik, şikayət etdik, nəticəsi olmadı”.
Ağayevanın qonşusu Lalə Məlikova da köçürülmələri barədə danışıb.
“Məni çıxaranda evə girib lomla döşəmələri qaldırdılar, bir də gördüm ki, pəncərələr yoxdur”.
Baş verənləri “haqsızlıq” adlandıran qadınlar köçürülən zaman onlara heç bir ödəniş edilmədiyini qeyd edir.
Onlar Icra başçısına və digər məmurlara şikayət etdiklərində dəfələrlə “çıxmayaydınız” sözlərini eşitdiklərini deyir.
Onlar “Çıraq” otelinin yandırılmasını köçürülən ailələrin “ahı və göz yaşları” ilə əlaqələndirir.
Ötən həftə Ismayıl rayonun icra başçısı Nizami Ələkbərov mediaya bildirmişdi ki, bu otelin onun qohumları ilə əlaqəsi yoxdur.
Yanvarın 28-də Vergilər və Mədəniyyət və Turizm nazirliklərinin saytındakı məlumatlarda otel rəhbərliyinin icra başçısının qardaşı nazir Füzuli Ələkbərovun oğlu ilə əlaqəsi olduğu şübhələrini yaradıb.
“Çıraq” oteli yanvarın 23-də Ismayıllıda icra başçısı Nizami Ələkbərovun qardaşı oğlu və ya bacısı oğlu olduğu deyilən şəxsin “Hammer” markalı maşını ilə “Çıraq” otelindən çıxarkən taksi sürücüsünün maşınını vurması, sürücülər arasındakı mübahisə zamanı söyüş işlətməsindən sonra narazı yerli sakinlər tərəfindən yandırılıb.
Növbəti günlərdə isə icra başçısının istefası tələbi ilə etiraz aksiyaları keçirilib.

Ramin DEKO