“Hakimiyyət ciddi düşünməlidir”

vefa quluzade2“Baş verənlərin səbəbi odur ki, ölkə məmurlara tapşırılıb, məmurlar da özbaşınalıq edirlər”

Vəfa Quluzadə: «Zaqatalada insanlar zəlzələdən ziyan çəkib, amma bu qədər varlı dövlət problemi həll edə bilmir»

Rusiya Dövlət Dumasında Çar Imperiyasının təbəəsi olmuş xalqlara vətəndaşlıq verilməsi ilə bağlı qanun layihəsi hazırlanıb. Dövlət Dumasının deputatı, Millətlərin işi üzrə komitənin sədri Hacımet Səfərəliyev bu qanunun Çar Imperiyası ərazisində yaşamış xalqların Rusiya vətəndaşlığı almasını asanlaşdıracağını deyib. Amma bəzi ekspertlərin fikrincə, Putinin təşəbbüsüylə atılan bu addımın bir sıra siyasi məqsədləri də olmamış deyil. Belə ki, Rusiya bu yolla keçmiş SSRI ölkələrinə təsir etmək üçün daha bir rıçaq əldə etmiş olacaq. Bu və başqa suallarımızı politoloq Vəfa Quluzadəyə ünvanladıq.

– Rusiyadakı avtoritar rejimlə razı olmayan və bu rejimin dəyişəcəyinə ümidini itirmiş şəxslər Qərbə üz tuturlar. Bundan başqa, Rusiyada hər il bir milyona yaxın əhali azalır. Bunun da səbəbi ölümün çox, doğumun isə az olmasıdır. Bütün bunların fonunda da keçmiş sovet ölkələrindən Rusiyaya böyük işçi axını var. Ona görə Rusiya öz balansını düzəltmək üçün baş verənlərdən istifadə etmək istəyir. Rusiya yəqin ki, bir azdan ölkəsinə gələn hər bir millətə vətəndaşlığını çətinliksiz verəcəkdir. Ona görə bu qanunun qəbul olunmasında ciddi bir təhlükə görmürəm. Çünki hazırda ABŞ da Latın Amerikasından gələn şəxslərin hamısına vətəndaşlıq vermək niyyətindədir. Əlbəttə, bu addımı atmaqla Rusiya keçmiş sovet ölkələrində təsirini artıracaqdır. Amma bu addım ABŞ ilə razılaşdırılmış addımdır. Rusiya bu siyasətini ABŞ-ın regiondakı strateji maraqlarına toxunmadan edəcəkdir. ABŞ-ı Azərbaycandan tutmuş Qazaxıstana qədər olan regionlarda əsasən neft-qaz biznesi, şirkətlərinin fəaliyyəti maraqlandırır. Rusiya Abxaziya və Osetiyanı işğal edən zaman Tiflisi də tuta bilərdi. Amma bunu etmədi. Çünki o zaman ABŞ-ın əleyhinə getmiş olardı. Rusiya ABŞ-ın strateji maraqlarına toxunmadı. Çünki Tiflis tutulsaydı, məsələn, BTC işləməyəcəkdi. Gürcüstanın əsas vəzifəsi Avropa ilə Mərkəzi birləşdirməkdir. Ona görə Rusiya tranzit xətt olan Gürcüstanı işğal etmədi. Amma Abxaziya ilə Osetiyanın işğalı ABŞ-ın maraqlarına toxunmur.

ABŞ istədiyi an Rusiyanı çökdürə bilər

– AŞ PA-da Azərbaycandakı siyasi məhbuslarla bağlı məsələ ciddi müzakirə olunarkən, Rusiya Azərbaycanın mövqeyini dəstəklədi. Siz müsahibələrinizdə bir neçə dəfə vurğulamısınız ki, Rusiya Azərbaycanda hakimiyyət dəyişikliyi etmək istəyir. Bir qədər ziddiyyəli alınmırmı?
– Rusiyanı tamamilə başıpozuq, aqressiv dövlət kimi göstərəndə səhvə yol veririk. Məsələ ondan ibarətdir ki, keçmiş super dövlət olan Rusiya hazırda regional dövlətə çevrilib. Rusiya anlayır ki, ABŞ-ın strateji maraqlarına təhlükə yaratsa, o, ABŞ-dan şiddətli zərbəsini alacaqdır. Bir neçə il əvvəl neftin qiymətinin kəskin aşağı düşməsinin hansı nəticələr doğurduğunu gördünüz. Rusiyanın valyuta, qızıl ehtiyatları kəskin azaldı. Nəticədə Rusiyanın ordunu yenidən qurmaq planları tamamilə puç oldu. ABŞ bununla Rusiyaya gücünü göstərdi. Rusiyanın Azərbaycana qarşı isə siyasəti bundan ibarətdir ki, burada hakimiyyətə rusyönlü insanlar gəlsin. Eyni zamanda bu addımla ABŞ-ın maraqlarına zidd addımlar da atılmamalıdır. Hazırda ABŞ-ın diqqətini Çinin inkişafı cəlb edib. Çin Amerikadan sonra ikinci qüvvəyə çevrilib. Rusiya Çinlə müqayisədə çox geridədir və ABŞ üçün heç bir təhlükə törətmir.

– Bu günlərdə baş verən daha bir maraqlı olay “milyarderlər ittifaqı”nın üzvü Ramazan Abdulatipovun Dağıstanın  prezidenti olmasıdır. Bu hadisəni necə qiymətləndirmək olar?
– Bu hadisəyə tələsik qiymət vermək lazım deyil. Əgər Rusiya Azərbaycanı Dağıstan vasitəsilə cilovlamaq istəyəcəksə, deməli, Şimaldan bəzi addımlar atmağa çalışacaq. Ramazan Abdullatipov milliyətcə avardır. Azərbaycanda da bir xeyli avar yaşayır. Bu məqamlara diqqət yetirilməlidir. Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, Dağıstanda vəziyyət olduqca qəlizdir. Hakimiyyətdə olan heç bir klanın nümayəndəsi baş verənlərə son qoya bilmir. Ramazan Abdullatipov isə Rusiya Federasiyasının təmsilçisidir. O iyirmi ildir ki, Dağıstanda olmayıb. Ola bilsin ki, Rusiya Ramazan Abdulatipovu ora arbitr kimi göndərir. Azərbaycandakı seçki öncəsi Dağıstana təyinatın məqsədləri aydın olacaq.

Cəbhədə hərbi əməliyyatlar ola bilər

– Xocalıdakı hava limanı ilə bağlı gərginlik hələ də sürməkdədir. Ermənistan tərəfi uçuşları reallışdırmaqda qərarlı görünür. Azərbaycan tərəfi isə uçuşlara icazə verməyəcəyini deyib. Bu arada isə KTM katibi Bordyuja bildirib ki, Azərbaycanın hava limanına uçan təyyarələri vurmağa iradəsi və gücü yoxdur. Yaranan bu gərginlik nəylə yekunlaşa bilər?
– Yaranan gərginlik olduqca xoşagəlməzdir. Ola bilsin ki, baş verən bu gərginliyin nəticəsi olaraq təmas xəttində əsgəri qarşıdurma olsun. Bu isə hakimiyyət dəyişikliyi məqsədilə baş verə bilər. Rusiya bu əraziləri ona görə işğal edərək asılı vəziyyətdə saxlayır ki, Azərbaycana təsir etsin. Hamı gözəl bilir ki, Ermənistan müstəqil deyil və Rusiyanın qərarı ilə addımlar atır. Ona görə Azərbaycan Ermənistanın təyyarələrinə atəş açanda cavab Rusiyadan gələcək. Azərbaycan da bunu yaxşı bilir. Bəlkə Azərbaycan da baş verə biləcək qarşıdurmada maraqlıdır.

– Putin Azərbaycana favorit tipli raketlərin satışını qadağan edib. Bu ərəfədə isə Stratfort Mərkəzi Rusiyanın Azərbaycanın yerləşdiyi regionda prosesləri gərginləşdirəcəyini proqnozlaşdırıb. O da vurğulanıb ki, Azərbaycanla Gürcüstan arasında münasibətlər soyuyacaq?
– Rusiyanın marağı olan regionda vəziyyəti nəzarətdə saxlamaq üçün belə bir addımlar atması birinci dəfə deyil ki, baş verir. Amma Rusiya ABŞ-la razılaşdırılmadan bu tip ciddi addımlar atmaz. Rusiya çox gözəl anlayır ki, ABŞ-ın strateji maraqlarına toxunmaq olmaz.

– “Eurovision” ərəfəsində Azərbaycan beynəlxalq medianın diqqətinə gəlmişdi. O zaman dünyanın tanınmış nəşrləri Azərbaycanda baş verənləri, insan haqlarını diqqət mərkəzində saxlayırdı. Indi də oxşar situasiya müşahidə olunur. Bunun səbəbi nədir?
– ABŞ Azərbaycanda liberal dəyərlərin bərqərar olunmasını və ölkədə güclü müxalifətin olmasını istəyir. Amma hər bir ölkədə hər şeyi təyin edən xalqdır. Əgər o xalq nəyəsə qadirdirsə, özü bu hədəflərin öhdəsindən gəlir. Xalq heç nəyə qadir deyilsə, heç bir şey baş vermir. Beynəlxalq medianın nə qədər insan hüquqlarının, demokratiyanın pozulmasından yazmasına baxmayaraq xalqdan reaksiya yoxdursa, nəticə olmur.

Əyalətlərdəki narahatlığın səbəbi məmurlardır

– Azərbaycanda son baş verən etirazlarla bağlı Qərb narahatlığını ifadə edərək hakimiyyəti islahatlara dəvət edib. Qərb ekspertlərinin vurğuladığı daha bir məqam Azərbaycanda baş verənlərin Ərəb dünyasındakı olaylarla oxşarlığıdır. Qeyd olunur ki, ərəb dünyasında da inqilabi proseslər əyalətlərdən başlamışdı?
– Bütün bu proseslərin baş verməsinin səbəbi odur ki, ölkə məmurlara tapşırılıb. Məmurlar da özbaşınalığa yol verirlər. Zaqatalada insanlar narazıdırlar ki, zəlzələdən ziyan çəkiblər. Amma bu qədər varlı dövlət hələ də onların evlərini tikib təhvil verməyib. Başqa əyalətlərdə təbii qaz yoxdur. Bütün bunlara, baş verən narahatlığa görə özümüz günahkarıq. Indi baş verən proseslər necə bitəcəkdir, bundan kənar qüvvələrin necə istifadə edəcəyini söyləmək çətindir. Amma bu cür vəziyyətin yaranmasının günahkarı özümüz olmuşuq.

– Azərbaycanın hazırda Iran, Rusiya və Qərblə münasibətləri olduqca gərgindir. Bu gərginliyin aradan qaldırılmasında hakimiyyətin üzərinə hansı vəzifələr düşür?
– Bu barədə hakimiyyət ciddi düşünməlidir. Çünki hazırda xarici əlaqələrdə olan gərginliklər olduqca təhlükəlidir. Bunlar diqqətə alınmalıdır. Indiki şəraitdə addımlar atmaq da çox çətindir.

– Ağ evin rəsmi səhifəsində Azərbaycanda demokratiya, insan hüquqlarının vəziyyətilə bağlı müraciət yerləşdirilib. Müraciətdə Azərbaycanda siyasi məhbusların olduğu, demokratiyanın boğulduğu, prezident və parlament seçkilərinin nəticələrinin özünü doğrultmadığı bildirilir. Bununla bağlı imza toplanmasına başlanılıb. Eyni imzatoplama kampaniyası Xocalı soyqırımının 21-ci ildönümü və Cənubi Azərbaycandakı soydaşlarımızın probleminin qabardılması ilə bağlı da aparılır. Bu kampaniyalara münasibətinizi bilmək istərdik.
– ABŞ Iranı daxildən dağıtmağa çalışır. Ona görə tam əminlikdə təminat vermək olar ki, Obama Iranın əleyhinə dörd il ərzində müharibə aparmayacaq. Çünki Obama ABŞ-ı yeni müharibəyə sürükləmək istəmir. Amma Israil Irandan narazıdır. Ona görə daxili faktorun vasitəsilə Iranı çalxalamaq mümkün olarsa, orada azərbaycanlılar faktorundan istifadə etməyə çalışacaqlar. Demokratiya və Xocalı soyqırımı ilə bağlı təşəbbüsə gəlincə, bu bir təbliğatdır. Bizim təbliğatda yanlışımız odur ki, biz istəyirik dünyanı inandıraq ki, Ermənistan pisdir. Biz hey çalışırıq ki, ermənilərin pis olduğunu sübut edək. Amma biz bunu etmək əvəzinə gərək özümüzün yaxşı olduğumuzu göstərək. Biz gərək ölkəmizi demokratikləşdirək, qanunun aliliyini təmin edək, korrupsiyaya son qoyaq. Bundan sonra dünya miqyasında təbliğat aparaq. Biz öncə özümüzü gözəl fonda təqdim etməliyik. Daha sonra erməniləri hədəfə almalıyıq. Onsuz da ermənilərin mahiyyətini hamı gözəl bilir.

Xəyal