Sakinlər İcra Hakimiyyətinə yürüş etdi: FHN və DİN-dən yüksək çinlilər rayona getdi
Zaqatalada gərginlik artıq pik həddə çatmaq üzrədir. Rayondakı mənbələrdən aldığımız məlumata görə, rayonun zəlzələdən zərər görmüş kəndlərinin sakinləri onlara verilən konpensasiyanın azlığından narazıdırlar və şikayət üçün Bakıya gəlmək istəyirlər.
Məlumatda deyilir ki, dünən səhər saatlarında Muxax və Gözbarax kəndlərinin camaatı toplaşaraq Bakıya yürüş etməyə hazırlaşıblar. Məsələdən xəbər tutan rayonun icra başçı dərhal Gözbaraxa gəlib hər iki kəndin burada toplaşan sakinləri ilə görüşüb. Icra başçısını polis rəisi də müşaiyət edib. Bundan başqa, ərazi polis nəzarətinə alınıb.
Kəndlərin sakinləri onlara verilən 3000-7000 manat arası konpensasiyanın azlıq təşkil etdiyini, bu məbləğin təsərrüfatlarına dəyən ziyanı ödəmədiyini bildiriblər. Icra başçısı əhalini sakitləşdirməyə çalışıb. Gərginliyin böyüməsinə imkan verməmək üçün kəndlərin cavanlarını sakinlərin toplaşdığı yerdən uzaqlaşdırmağa başlayıblar.
Rayondakı mənbələr onu da bildiriblər ki, kompensasiyanın azlığından şikayətçi olan Danaçı kəndinin sakinləri isə bir nəfər kimi onlara təklif olunan məbləği almaqdan imtina ediblər.
“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev isə “Mediaforum” saytına bildirib ki, dünən Zaqatalanın zəlzələdən əziyyət çəkən Danaçı, Gözbarax, Aşağı Tala, Muxax və Çobankol kəndlərinin sakinləri rayon mərkəzinə yürüş keçirib. Oqtay Gülalıyev yürüşün sakinlərə az kompensasiya verilməsi ilə bağlı olduğunu deyib.
Oqtay Gülalıyev əlavə edib ki, əhali evlərinə dəyən ziyanla bağlı adekvat işlərin görüləcəyini gözləyirdi: “Evlərinin təmir ediləcəyini gözlədikləri halda 1000-4000 manat kompensasiya verilməsi insanlarda narazılıq yaradıb. Onlar hiddətləniblər və fövqəladə hallar naziri ilə görüşmək istəyirlər. Biz hesab edirik ki, nazir əhali ilə görüşüb həll yolu tapmalıdır”.
Oqtay Gülalıyev zəlzələ bölgəsində aparılan tikinti və təmir işləri ilə bağlı yeni hesabatın Fövqəladə Hallar Nazirliyinin ucbatından gecikdiyini qeyd edib: “Fövqəladə hallar naziri yanvarın 7-də açıqlama verdi ki, Qax-Zaqatala bölgəsində 2984 ev və 22 məktəb tikilib. Amma bu məlumat şübhə doğurur. Rəqəmlər şişirdilib. Biz həmin evlərin harada tikilməsi, kimlərə məxsus olması ilə bağlı sorğu göndərmişik. Məlumat versinlər ki, gedib həmin kəndlərdə vəziyyət və tikilən evlərin sayı ilə bağlı monitorinq aparaq. Amma ötən zaman ərzində nazirlik sorğumuza cavab verməyib. Məhz bu səbəbdən hesabatımız gecikir”.
“Azadliqnews.tv” saytı isə məlumat yayıb ki, icra hakimiyyətinin binasına yürüş zamanı rayon mərkəzinə gedən yolda polislə sakinlər arasında toqquşma yaranıb. “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının üzvlərinə qarşı repressiyalara başlanılıb.
Məlumatda həmçinin qeyd edilir ki, rayonun icra başçısı Mübariz Əhmədzadə, polis rəisi və fövqəladə hallar nazirinin müavini general Orucəli Hacıyev və DIN-in səlahiyyətli şəxslərindən biri (sayt onun adını dəqiqləşdirə bilməyib) rayona gəlib. Orucəli Hacıyev əhali qarşısında çıxış edib və bildirib ki, onların Bakıya gəlmək istəklərindən xəbər tutduqdan sonra bura gəliblər: “Sizin Bakıya gəlməyinizə ehtiyac yoxdu. Biz sizin ayağınıza gəldik. Şəxsən mənim iştirakımla komissiya yaradılacaq və hər bir şikayətə baxılacaq”. Məlumata görə, bölgədə vəziyyət hələ də gərgin olaraq qalır və insanlar dağılmaq fikrində deyil. Etiraz aksiyaları keçirilən kəndlərin çıxışında polis məntəqələri qurulub və insanların kənddən çıxışı məhdudlaşdlrılıb.
“Azadlıq” ötən saytlarında fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Ismayıllı hadisələrindən sonra təşvişə düşdüyü barədə məlumat dərc edilmişdi. Həmin məlumatda bildirilirdi ki, “fövqəlnazir” oxşar hadisələrin Zaqatalada da təkrarlana biləcəyindən ehtiyatlanır. Bu baxımdan o, Ismayıllı hadisələrinin səhəri günü Zaqatalada zəlzələdən ziyan çəkən sakinlərə müxtəlif məbləğlərdə kompensasiya paylamağı tapşırıb. Həmçinin sakinlərə qısa zaman kəsiyində zəlzələnin nəticələrinin tam aradan qaldırılıcağı vəd edilib. Lakin sakinlər verilən vədə inanmadıqlarını deyiblər. Məlumatda qeyd olunurdu ki, Zaqatalada sakinlərin etiraza qalxması gözlənilir. Dünən baş verənlər yazdıqlarımızın təsdiqi sayıla bilər.
Namiq