Elnur Məcidli
Siyasi elmlər üzrə təhsil alanlar və siyasətdə təcrübəli olanlar bilirlər ki, sosial konfliktlərin idarə edilməsi mexanizmi və buna paralel olaraq siyasi reytinq qazanma texnologiyası var.
Azərbaycanda isə bu mexanizm və texnologiyanın tətbiq imkanları prezident aparatı icra müdürünün əlində olub.
1. Quba hadisələrini xatırlayırsınız.
Təbii ki, oradakı xalq üsyanı baş verməsində keçmiş icra hakiminin qubalıları təhqir etməsinin böyük rolu olmuşdu.
Ancaq bu prosesin qızışmasında və daha sonra icra hakiminin istefasıyla nəticələnməsində prezident aparatının xüsusi rolu olmuşdu.
Mətbuat arxivini vərəqləsəniz məlum hadisə baş verməzdən əvvəl qəzetlərin Ramiz Mehdiyev Ziya Məmmədov arasındakı konfliktdən yazdıqlarını görəcəksiniz.
Ramiz Mehdiyev Quba hadisələrində Ziya Məmmədovu cəzalandırmaq və gücünü göstərmək üçün bənzər texnologiyadan istifadə etdi.
2. İctimai diqqətin və təzyiqin Ramiz Mehdiyevin üzərində cəmləşdiyi bir dövrdə İsmayıllı hadisələrinin baş verməsi nə qədər təsadüf ola bilər?
İsmayılının icra hakimi prezidentin təsir dairəsində olan bir nazirin qardaşı olması, Ramiz Mehdiyevin prezidentə verdiyi siyasi güc mesajı kimi qəbul etmək olar.
İsmayıllı xalqının səmimi və haqlı etirazını dəstəkləmək boynumuzun borcudur, ancaq burada da proseslərin gedişində yuxarıda qeyd etdiyim mexanizmin işə düşdüyünü sezmək mümkündür.
Əgər məqsəd doğrudan da günahkarları cəzalandırmaqdısa, niyə İsmayıllı xalqını təhqir edən nazir oğlu yox, təhqirə məruz qalmış İsmayıllı camaatı tutulur?
Məqsəd aydındır və bu məqsəddən çürümüş sovet iyi gəlir.
Məqsəd ədaləti bərpa etmək deyil, hakimiyyətdən narazı xalq üzərində güc nümayişidir.
Ramiz Mehdiyevin özü narazı qüvvələrin olmasında maraqlıdır və bu qüvvələrin mövcudluğunun onun hakimiyyətini uzatdığı fikrindədir.
Ortaya çıxan nəticə budur.
3. Isa Qəmbərin Lənkərana iki səfərinin qarşısının alınması prosesinə Ramiz Mehdiyevin sadiq kadrlarından biri olan prezident aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin başçılıq etməsi sizə bir şey demirmi?
İsa Qəmbərin sərbəst şəkildə Lənkarana getməsində və orada bir tədbirdə iştirak etməsində qorxulu, anlaşılmaz nə var ki? Təbii ki heç nə.
Bu səfəri siyasiləşdirərək güc savaşına dönüşdürən və səfəri lokal konfliktə dönüşdürüb qarşısını almaqla öz gücünü ortaya qoymaqda iddialı olan Ramiz Mehdiyev öz aləmində ölkəni idarəetmədə nə qədər güclü və peşəkar olduğunu göstərmək istəyir.
Son 10 illik bütün sosial-siyasi konfliktlər ancaq Ramiz Mehdiyevin güclənməsinə xidmət edib.
Ramiz Mehdiyevin siyasi gücü bu konfliktləri idarəetmə gücündən asılıdır.
4. Bu günlər Kəmaləddin Heydərovun nəzarətində olan Zaqataladan da bənzər narazıçılıq xəbərləri yayılmaqdadır.
Kəmaləddin Heydərovun hakimiyyət daxili güc çəkişməsində prezident və ailəsi lehinə seçim etdiyini və həmçinin Ramiz Mehdiyevin yaxın kadrlarından sayılan Arzu Kazımovun həbsində müəyyən rol oynadığını bilirik və Mehdiyevin bu hərəklərdən qıcıqlanması şübhəsizdir.
Arzu Kazımovun ofisində Rövşanə Əliyeva Kəmaləddin Heydərovun anasının adından danışması barədə materiallar artıq mətbuatda dərc olunub.
Biz bilirik ki, indiki vəziyyətdən sadəcə bir neçə rayon deyil, bütövlükdə Azərbaycan xalqı narazıdır.
Regionlarda olan haqlı etirazların dəstəklənməsi də bizim vətəndaş borcumuzdur.
Ancaq diqqətli olmamız gərəkən məqam, Ramiz Mehdiyevin süni sosial konfliktlər yaratmaqla və yaxud yaranmış konfliktlərin həllində güc nümayişinə alət olmamaqdır.
Ramiz Mehdiyev ətrafındakı dairənin daraldığının və siyasi gücünün getdikcə azaldığının fərqindədir.
Qoca müdür son oyununu oynamaqdadır, bu oyunun qurbanı isə XALQ olmamalıdır.