Aclığa başlayan Qarabağ qazisi həbs edildi

Polis Zaur Ağayevi ziyarətə gələn AXCP Sabirabad şöbəsinin fəallarını saxlayıb

Sabirabadda yaşayan II qrup Qarabağ əlili Zaur Ağayev dünəndən aclıq aksiyasına başlayıb. Himayəsində üç azyaşlı  uşaq olan Z.Ağayev sosial problemlər içində boğulduğunu, dövlətdən isə heç bir güzəşt ala bilmədiyini deyir: “95-ci ildən ölkə rəhbərliyi Qarabağ qaziləri ilə bağlı bir neçə fərman imzalayıb. Onların arasında Qarabağ qazilərinin mənzillə təmin olunması və pulsuz müalicəsini nəzərdə tutan fərmanlar da var. Bu günə qədər o fərmanların heç biri mənə şamil olunmayıb. On ilə yaxındır kirayədə yaşayıram, son bir ildə müalicəmlə bağlı iki-üç bankdan kredit götürmüşəm, 5-6 aydır da evin kirayə pulunu ödəyə bilmirəm. Dəfələrlə rəsmi qurumlara müraciət etsəm də, heç bir nəticəsi olmayıb. Dövlət mənə 240 manat pul verir. Təkcə müalicəmə görə hər ay 260 manat kredit ödəyirəm. Hələ kirayə pulunu, kommunal xərcləri demirəm. Prezident çıxış edəndə ölkədə analoqu olmayan inkişafdan, Qarabağ qazilərinə olan diqqətdən danışır. Söhbətin hansı diqqətdən getdiyini başa düşə bilmirəm. Ölkəyə milyardlarla neft pulu gəlir. Amma bu ölkə üçün canını qoyanlarla maraqlanan yoxdur. Qarabağ qazilərinin çoxu baxımsızlığa, səhhətindəki problemlərə görə dünyasını dəyişib. Qalanlar da mənim kimi problem içində boğulur. Təsəvvür edin ki, bu gün yanıma AXCP Sabirabad şöbəsinin sədri, həmçinin partiyanın bir neçə fəalı gəlmişdi. Bizdən çıxandan sonra onları həbs edərək polisə aparıblar. Qarabağ qazisinə sahib çıxmadıqları bir yana qalsın, haqlı tələbimizə də bu cür münasibət göstərirlər”.
Z.Ağayev tələbləri yerinə yetirilənə qədər aclıq aksiyanı davam etdirəcəyini deyir: “Sabirabad rayonunda işıq dirəyini ildə beş dəfə dəyişirlər. Bu yaxınlarda yenisini gətiriblər və deyilənə görə biri 7 min manatdır. Deməli, bu hökumət üçün Qarabağ qazisinin bir işıq dirəyi qədər qiyməti yoxdur.
Birinci tələbim odur ki, yaxın günlərdə məni mənzillə təmin etsinlər. İkinci tələbim mənzillə təmin olunana qədər bütün kommunal xərclərimin, kirayə borcumun dövlət tərəfindən ödənməsidir. Üçüncü tələbim də odur ki, müalicəm üçün banklardan götürdüyüm borc dövlət tərəfindən bağlansın. Tələblərim yerinə yetirilənə qədər aclıq aksiyasını davam etdirəcəm”.

Redaksiyadan: aldığımız son məlumata görə Z. Ağayev həbs edilib.

Gültəkin