Ölkəni etiraz dalğası bürüyüb

İsmayıllı və Zaqatalada vəziyyət gərgindir; İmişli etiraza qalxdı; Abşeron barıt çəlləyini xatırladır; Tələbələr Bakı küçələrini şüarlarla bəzədi

Nəhayət, Azərbaycan xalqı YAP hakimiyyətinin yeritdiyi siyasətə lokal qiyamlarla etiraz etməyə başlayıb. Son bir neçə gün ərzində ard-arda rayonlarda etiraz aksiyaları keçirilib. Ismayıllıda xalq etirazı zorakılıqla yatırıldıqdan sonra, Zaqatalada sakinlər ayağa qalxıb. Hökumət Ismayıllı hadisələrinin təkrarlanmaması üçün təcili tədbirlər görüb. Dərhal sakinlərlə görüş keçirilib, onların problemlərinin həll ediləcəyinə söz verilib. Bununla belə rayonda gərginlik davam edir. Zaqataladan gələn xəbərlərdə, qeyd olunur ki, hər an sosial partlayış baş verə bilər.
Ismayıllıda da vəziyyət gərgindir. Hökumət də rayonda situasiyanın heç də ürəkaçan olmadığını bilir. Bu baxımdan Ismayıllı Çevik Polis Alayı və Daxili Qoşun hissələri tərəfindən mühasirədə saxlanılır.  
Ismayıllı və Zaqataladan sonra Imişli sakinləri ayağa qalxıb. Bu barədə başqa bir yazıda geniş bəhs etdiyimizdən təkrarçılıq etmək istəmirik. Qısaca, onu bildirək ki, yüzlərlə Imişli sakini yerli məmurların özbaşınılağına etiraz olaraq aksiya keçirib.
Dünən həmçinin “Turan” Informasiya Agentliyi məlumat yayıb ki, Bakıdan 25 km cənub-şərqdə Türkan qəsəbəsində də sosial etirazlar baş qaldırır. Qəsəbə ağsaqqallarının verdiyi məlumata görə, 100-ə yaxın yerli sakin yaxın günlərdə prezident administrasiyasının binasına yürüş etmək niyyətindədirlər.
Etirazın səbəbi yerli sakinlərin torpaq sahələrinin yüksək vəzifəli məmurlar tərəfindən ələ keçirilməsidir.
Mənbənin məlumatına görə, torpaqların ələ keçirilməsini Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Idarəsinin rəis müavini Əli Nağıyev həyata keçirir.
Korrupsiyaya qarşı Mübarizə Idarəsindən şərh almaq mümkün olmayıb.
Iki il əvvəl Türkan sakinləri artıq dəniz sahilinin ələ keçirilməsinə qarşı etiraz aksiyası keçiriblər. Həmin vaxt onlar dəniz sahilində tikilmiş hasarı dağıtmışdılar.
Elitar.Az saytının məlumatına görə isə bir qrup tələbə axşam saatlarında Bakıda ictimai iaşə obyektlərinin və binaların divarlarına etiraz şüarları yazıblar. Onlar yazdıqları şüarların fotosunu çəkib sayta göndəriblər.
Tələbələr yazıblar: “Etirazlara siz də qoşulun!”, “Əsgər ölümlərinə etiraz et! 18 yaşda ölmək dəhşətdir”, “Siyasi özbaşınalıqlara susma ki, ona qurban getməyəsən!”, “Qalx ayağa Azərbaycan! Arzularımın üstündə oturmusan” və.s
Eyni zamanda Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Azərbaycan Dövlət Dillər Universitetinin divarlarına da “Rektora istefa”, “Siyasi təzyiqlərə son qoyun” kimi şüarlar yazılıb.
Bir müddət əvvələ həmin tələbələr Bakı küçələrinə etiraz şüarları yazmışdılar. Tələbələr təhlükəsizlik üçün onların adlarının anonim saxlanılmasını xahiş ediblər. Bu üzdən şüar yazanların kimliyini açıqlamırıq.