Mənim indi bu köşə yazısını qaralamağa başlamağım təxminən bir azərbaycanlı ata-ananın 18 il boyunca yeməyib yedirdiyi, geyməyib geydirdiyi, min zülm-zillətlə boya-başa çatdırdığı oğlunu Səfər Əbiyevin şanlı ordusuna göndərib 20 gün sonra da onun tabutunu qarşılaması kimi bir şeydir. Niyə? Çünki hər an işıqların sönmək, yazının yarımçıq qalmaq ehtimalı var. Işıqlar bir daha yandıqda isə sən artıq yazı ovqatını itirmiş, bir növ kökdən düşmüş olursan.
Bax mən günlərdir belə ağır, əsəbi, yorucu, iyrənc şəraitdə yazıram! Yazmaq cəhənnəm, yaşayıram, yaşayırıq. Həm də ucqarda-zadda yox, Bakının qulağının dibində, burnunun ucunda – Xırdalanda!
Sosial şəbəkələrdəki dostlarımın yazdıqlarından belə başa düşürəm ki, söhbət yalnız Xırdalandan da getmir – Bakı və ətraf qəsəbələrdə, kəndlərdə yaşayanların da çoxu eyni zilləti çəkirlər. Ölkənin gömüldüyü mənəvi qaranlıq azmış kimi, bir yandan da fiziki qaranlıq! Bununla bizə işığı, aydınlığı tamam unutdurmaq istəyirlər sanki.
“Azərenerji”nin ölkədə dəvə ferması saxlamaqla məşhur olan prezidenti Etibar Pirverdiyev cəmi-cümlətanı 3 ay əvvəl, noyabrda yekə-yekə bəyan etdi ki, qışa hazırlıq dövrünü uğurla başa çatdırıblar, əhalini işıqla fasiləsiz təmin edəcəklər, nə bilim daha nə!
Amma dekabrdan bu yana mən Xırdalanda hər kəsin ancaq bir dərd haqqında danışdığını eşidirəm: işıq. Iki həftəyə yaxındır isə artıq həmin dərdi özüm də yaşayıram. Gün ərzində işıq nə qədər sönüb-yanar, hərdən mənə elə gəlir ki, sayğaclarımızın təyinatı da dəyişib, o, sərf edilən enerjini yox, işıqların gün ərzində neçə dəfə sönüb-yandığını hesablamaq üçündür.
“Azərenerji”nin özünə və yerli şəbəkəsinə şikayətlənmək isə artıqdır, mənasız işdir. Orada oturan adamlar sənə istədikləri yalanı qızıl-qırmızı söyləyə bilərlər. Hətta dirəşərlər ki, yalan danışırsan, işıqlar yanır, sadəcə, sən yorğanı başına çəkdiyin üçün heç nə görmürsən. Necə ki, mənim üzümə bir dəfə bax beləcə, at kimi dirəşdilər!
Srağagün mən yerli şəbəkəyə allah bilir neçənci dəfə zəng edəndə xətlərdə təmir getdiyini və qısa vaxtda problemin yoluna qoyulacağını vəd etdilər. Bu o vaxt idi ki, göydən şıdırğı yağış tökülürdü, iti bağlasan çöldə durmazdı. Amma bunlardakı ürəyə bax ki, o şıdırğı yağışda elektrik xətlərini təmir edirlər. Əlbəttə, bunun ağ yalan olduğunu bilmək çətin deyildi, çünki gündüz təmir gedir – başa düşdük, bəs gecə saat 12-dən sonra səhərə qədər bir neçə dəfə işıqları söndürüb yandırmaq nə üçündür?
Məncə, doğrudan da, təmirə ehtiyacı var – amma xətlərin, naqillərin yox, Etibar Pirverdiyev və işçilərinin zehniyyətinin, beyninin!
Bu yaxınlarda oxumuşdum ki, 2004-2012-ci illərdə Azərbaycan dövləti üst-üstə 9 milyard 545,9 milyon dollar borclanıb, alınan xarici kreditlərdə ən böyük pay sahiblərindən biri isə məhz “Azərenerji” olub: 24,09%. Yəni nə az, nə çox düz 2,3 milyard dollar! Bunun üstünə gəlin milyardlarla manat dövlət vəsaitini. Və nəticə: sənin ölkəndə hətta paytaxt və ətrafı belə düz-əməlli, fasiləsiz elektrik enerjisi ilə təmin olunmur. Sonra da deyirlər, korrupsiya dünyanın hər yerində var. Lap tutaq ki, var, amma heç olmasa, orada su qrafiklə, işıq fasilə ilə deyil, havalar bir az soyuyanda isə qazın necə candərdi yandığını hər kəs öz təcrübəsindən bilir.
Nə bilim e, vallah, sənin prezidentin el basa-basa getsin Davosda CNN-ə müsahibə versin, dünyanın ən xoşbəxt, firavan xalqının bu saat Azərbaycanda yaşadığını desin, sən burda şam işığında otur, taleyini söy ki, dəvə kimi doğulub, Pirverdiyevin işıqlı, isti fermasında bəslənmək, qayğısız, şad-xürrəm yaşamaq varkən Azərbaycanda insan kimi dünyaya gəlməkdən daha böyük bəxtsizlik, şanssızlıq ola bilərmi?
Dəvə demişkən, ondan soruşurlar ki, boynun nədən əyridir, deyir, haram düzdür ki?! Bəlkə Etibar Pirverdiyev və “Azərenerji”dən gileylənmək bir az da sadəlövhlükdür, guya bu sistemin doğru, dürüst hansı işi, hansı qurumu, hansı məmuru var axı? Türklər demiş, “al birini, vur ötəkisinə”.

Etibar Pirverdiyevin dəvələrinə qibtə ilə
•
•