Paşayevlər PA rəhbərinə münasibətdə niyə ehtiyatlı olmağa başlayıblar?
Hakimiyyətdaxili qrupların ölkədə baş verən hadisələrdən bir-birlərinə qarşı istifadə etdikləri bəllidir. Məsələn, fəaliyyəti dayanlırılmış Azərbaycan Beynəlxlaq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin “video bombalar”ından hakimiyyətdəki Paşayevlər qrupu Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevə qarşı məharətlə istifadə edirdilər.
PA rəhbərinə qarşı aparılan kampaniya artıq kuliminasiya nöqtəsinə çatmaqda idi. Lakin son hadisələr, xüsusilə Ismayıllıda baş verən olaylar PA rəhbərinin işinə yaradıb. Birinci, Elşad Abdullayevin videoları arxa plana keçdi və bununla Ramiz Mehdiyev unuduldu. Ikincisi, Ismayıllının icra başçısı Nizami Ələkbərov əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun qardaşıdır ki, o, Paşayevlərə yaxın şəxs hesab edilir. Bu isə o deməkdir ki, hadisələr Paşayevlərin nəzarətində olan rayonda baş verib. Bu isə Ramiz Mehdiyevə rəqiblərini vurmaq üçün göydəndüşmə fürsətdir. Üçüncüsü, Ismayıllıda xalq etirazı polis zorakılığı nəticəsində yatırılıb. Daxili işlər naziri Ramil Usubov isə Ramiz Mehdiyevə yaxın şəxs hesab edilir. Bu halda Ismayıllıda “sabitliyin” bərpa edilməsi də PA rəhbərinin aktivinə yazılır. “Azadlıq”a daxil olan məlumatlara görə, hakimiyyət dəhlizlərində düşünürlər ki, Ramiz Mehdiyev Paşayevlərin nəzarətində olan bir rayonda zorakı üsulla “sabitliyi” bərpa etməklə hakimiyyətə onsuz çətin olacağı mesajını verib. Məlumatlara görə, bu baxımdan Paşayevlər Ismayıllı hadisələrindən sonra Ramiz Mehdiyevlə münasibətdə bir qədər ehtiyatlı olmağa başlayıblar.
Azad