Koordinasiya Şurası bir neçə qərar qəbul edib
Yanvarın 30-da İctimai Palatanın Koordinasiya Şurasının iclası olub. İclasa İP KŞ-nın dönəm sədri Zəfər Quliyev sədrlik edib. Onun verdiyi məlumata görə, Koordinasiya Şurası bir neçə məsələ ilə bağlı qərarlar qəbul edib.
İlk növbədə yanvarın 31-də saat 12-də Novxanıda Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günü münasibətilə İctimai Palatanın keçirəcəyi böyük mərasim barədə müzakirə aparılıb.
Koordinasiya Şurası Avropa Şurası Parlament Assambleyasına məktub göndərmək barədə də qərar verib: “Yaxın günlərdə məktub hazırlanıb göndəriləcək. AŞPA-nın sessiyasında Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəsinə qarşı çıxan ölkələrin nümayəndələrinin qınaq obyekti kimi göstərilməsi məktubda qeyd olunacaq, həmçinin məruzəni dəstəkləyən ölkələr və onların mövqelərinin tərəfimizdən dəstəkləndiyi məktubda ətraflı əksini tapacaq”.
Koordinasiya Şurası fevralın 2-də saat 12-də Müsavat qərargahında “İqtidarın repressiyalarına qarşı” mövzusunda dinləmələr keçirmək barədə qərar verib. Dinləmələrdə məruzəçi İP Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal olacaq.
KŞ gənclərin 26 yanvarda keçirdiyi aksiyaya qarşı hakimiyyət qüvvələrinin sərt davranışını pisləyən bəyanat verib. Daha bir bəyanat isə Müsavat başqanı İsa Qəmbərin Lənkəran səfərinin qarşısının alınması ilə bağlı qəbul edilib.
Koordinasiya Şurası İctimai Palatanın növbəti sessiyasının fevralın 9-da keçirilməsi barədə də qərar qəbul edib.


