“Hakimiyyət unudur ki…”

Rüstəm İbrahimbəyov: “İsmayıllıdakı hadisələr göstərdi ki, proseslər ciddi ümumxalq etirazına doğru gedir”

Tanınmış yazıçı, Kinomatoqrafçılar İttifaqının sədri, Ziyayılar Forumundakı fəaliyyəti və iqtidarın ünvanına səsləndirdiyi tənqidlərə görə hakimiyyətin hədəfinə çevrilən Rüstəm İbrahimbəyov «Azərros» analitik-informasiya agentliyinə müsahibə verib. Müsahibədə R.İbrahimbəyov bu günlərdə «AzərRos»da yeni prezident və Ağsaqqallar şurasına üzvlərin seçkisinə toxunub. Quruma faktiki olaraq RATİ-nin sədri Abbas Abbasovun rəhbərlik edəcəyini deyən İbrahimbəyov bundan sonra bu iki qurumun sıx əməkdaşlıq edəcəyini bildirib. “Çünki iki quruma rəhbərlik edən şəxsin bu təşkilatlarda fərqli mövqe tutması mümkün deyil”.
Azərbaycanda ona qarşı aparılan kampaniya ilə bağlı verilən sualı cavablandıran R.İbrahimbəyov rəhbərlik etdiyi Kinomatorqrafçılar İttifaqının əsassız, məhkəmə qərarı olmadan yerləşdiyi binadan çıxarıldığını, ittifaqın katibinin isə təzyiqlər altında istiefa verdiyini qeyd edib. Müxalifət hərəkatında iştirakı ilə bağlı suala gəldikdə, R.İbrahimbəyov heç vaxt müxalifətdə təmsil olunmadığını bildirib.
Təmsil olunduğu Ziyalılar Forumunun Azərbaycanda baş verən proseslərə münasibət bildirdiyini deyən İbrahimbəyov hakimiyyətin bu fəaliyyətə reaksiyasının qeyri-adekvat olduğunu vurğulayıb: «Bizə, xüsusilə mənə  qarşı böhtan kampaniyasına başladılar. Hakimiyyət  bizi düşmən kimi qələmə verdi. Baxmayaraq ki, biz dialoq aparmaq və Azərbaycandakı situasiyanın dəyişdirilməsi üçün imkan aramaq istəyirdik. İsmayıllıdakı hadisələr göstərdi ki, proseslər ciddi ümumxalq etirazına doğru gedir. Bu isə partlayışa gətirib çıxara bilər. Bu da bizi narahat edir. məsələnin bu həddə çatmasını istəmirik. Çünki Azərbaycanın təkamül, sivill yolla inkişafını istəyirik. İstənilən qiyam və üsyanlar ancaq ziyan verə bilər. Ancaq təəssüf ki, hakimiyyət özünü aqressiv aparır, istənilən fərqli fikri boğur. Ancaq bir şeyi unudur ki, istənilən avtoritar rejimin sonu acınacaqlı olur. Xalqın ümidləri prezident seçkiləri ilə bağlıdır. Bakıda olan adam kimi deyə bilərəm ki, xalqın siyasi fəallığı getdikcə artır”.

Fizzə