“Azadlıq”ın İsmayıllı rayonunda yaşayan bölgə müxbiri Elçin İsmayıllının və ailəsinin həyatına təhlükə yaranıb. Bu barədə bölgə müxbirimizin özü məlumat verib.
Elçin İsmayıllı bildirir ki, İsmayıllıda baş verən xalq etirazından sonra onu izləməyə və təhdid etməyə başlayıblar. Son günlərdə ailəsinin də təhdid olunduğunu deyən Elçin İsmayıllı naməlum adamların tez-tez onun evinə zəng vurub hədələyici mesajlar verdiklərini bildirib. O, oxşar hədələyici mesajların mobil telefonuna da göndərildiyini, telefon danışıqlarının izlənildiyindən şübhələndiyini deyir.
Elçin İsmayıllı təxribata çəkilə, hətta həyatına sui-qəsd oluna biləcəyi haqda xəbərdarlıq alıb. Bölgə müxbirimiz ona qarşı hansısa plan hazırlandığına əmindir. O, avtoqəzaya salına və ya zəhərlənə, ya da hansısa bəhanə ilə həbs oluna biləcəyindən narahatdır.
Bölgə müxbirimiz hədəfə gəlməsini İsmayıllı hadisəsi zamanı jurnalist kimi göstərdiyi fəallıqla əlaqələndirir.
Elçin İsmayıllı bildirir ki, üzləşdiyi təhdidə görə ailəsini rayondan çıxarmaq fikrindədir. O, bundan sonra İsmayıllıda qalıb fəaliyyət göstərməsinin çətin olacağını deyib.