Ismayıllı olaylarında yandırılan “Çıraq” moteli daha bir həqiqətə çıraq oldu. Biznes, mülklər, qazanc yalnız hakim ailənin və məmur ailələrinin əlində cəmləşib. Dünən REAL liderlərindən iqtisadçı Natiq Cəfərlinin tədqiqatı nəticəsində sənəd-sübutla təsdiq olundu ki, icra başçısının “sahibini tanımıram” dediyi həmin motel elə onun qardaşı oğlu Vüqar Ələkbərovundur. Yəni sosial müdafiə və əmək naziri Füzuli Ələkbərovunun oğlunundur.
Bəs deyirdiniz ki, bilmirsiniz kimindir? Bəs deyirdiniz ki, xalqın sizdən narazılığı yoxdur? Bəs deyirdiniz bu olayların məmurlarla, hakimiyyətlə əlaqəsi yoxdur? Bəs deyirdiniz ki, istefa verməyə, üzr istəməyə səbəb yoxdur?
Normal halda təkcə “motelini sahibini tanımıram” dediyinə görə icra başçısı istefa verməli, xalqın üzünə çıxmalı deyil…
Hələ sizə qəribə gəlir ki, xalq niyə qəzəblidir, niyə ayağa qalxır. Buyurun, rüşvət almayan, öz halal qazancı ilə dolanan bircə icra başçısı göstərin, xalqın narazılığına biz də təəccüblənək. Cəmi bir nəfər göstərin. Bircə nazir göstərin korrupsiyaya bulaşmayan. Bircə nəfər təmiz məmur göstərin, hətta gedək YAP-a yazılaq. Amma göstərə bilməzsiniz. Ona görə də xalq sizi tarixin arxivinə yollamalıdır. Elə bir arxivə ki, onu yandırsan da, sizin elədiyiniz pisliklər yaddaşlardan silinməyəcək.
Gəlin bir insanı dinləyək…
Xalq etirazları artıq davamlı, kəsilməz xarakter alır, genişlənir. Gözümüzün qabağında başqa bir Azərbaycan yaranır. Bu, əhatəli və maraqlı bir mövzudur – hərdən ürəyimdən keçir ki, riyaziyyatdan Qalua genişlənməsini bu proseslərə tətbiq edim, ciddi görkəm alıb baş verənlərə ciddi bir izah verim. Amma gərək varmı ki?! Iki vur ikidir, hər şey görünür. Xalqdan oğurlanmış pullarla harınlamış nankorlar ola bilsin kor olub bunu görmür. Gəlin ölkədəki vəziyyətin gərginliyini bircə nəfərin dilindən eşidək.
O, nə siyasətçidir, nə Qaluanı tanıyır, nə də böyük pulları əlindən alındıqdan sonra narazı qalan iş adamıdır. Deyir: “Neftçilər” metrosunun çıxışında uzun illər idi ki, yeşiyin üstünə siqaret yığıb satırdım. Bakı Şəhər Icra Hakimiyyətinin keçmiş başçısı ÿRəfail Allahverdiyev ÿo vaxt əlillərə, şəhid ailələrinə belə şəraitlər yaradırdı ki, başımızı saxlayaq. Həmin vaxtdan yay-qış səhərdən axşamadək metronun çıxışında bir yeşiyin üstünə siqaret yığıb alverimi edirdim. Dünən polislər gəlib yığışdırdılar ki, prezident küçədə alver etməyə icazə vermir”.
Bu sözləri bir neçə gün öncə “Azadlıq” radiosunun müxbirinə Qarabağ əliliÿ Namiq Ağayev ÿdeyib. YAP iqtidarı əvvəldən də yanlış yolda idi, əlili-kasıbı, az qala hamını ən pis üsullarla yola verir, başını qatır, özləri ölkəni talamağa üstünlük verirdi. Amma zaman keçdikcə tamahları və səhv idarəçilikləri daha dərinə işlədi, daha dərin yaralar açmağa başladı. Adamları əvvəlki yerlərindən, əvvəlki işlərindən də qovmağa başladılar. Adamlar “4 gündür evə çörək apara bilmirəm” deyən bu əlilin gününə düşməyə başladı. Hətta ciddi iş adamları da. Məsələ küçədə alverdən də getmir, məsələ həmin Qarabağ əlilindən də getmir. Ona küçədə alver etməyə icazə verməməklə, digərlərinə başqa səbəblərlə bu ölkədə rahat yaşamağa imkan vermədilər.
Bu çətinliklərin üstünə də haqsızlıqlar, ədalətsizliklər, bərabərsizliklər, harınlıqlar, özbaşınalıqlar gəldi. Indi cəmiyyətin havası çatmır. Ismayıllının gözəl dağ kəndində yaşamaqla deyil ki?! Təmiz meşə havası ilə yaşaya bilməz insan. Bir qarın yemək də tapa bilər, amma təkcə yeməklə, doymaqla da yaşaya bilməz insan. Onun arzularını, ümidlərini, yaxınlarına yardım etmək imkanını, övladlarının gələcəyini xoş görmək şansını əlindən aldı bu hakimiyyət. Boğulmağa başladı toplum…
Bu durum insanın nəfəsinin çatmamasına, kəsilməsinə bənzəyir. Insan çox şeydən keçə bilir, çox ağrıya, əngələ dözür, amma nəfəs almaya bilməz. Bilirsiniz ki, bu elə təbii prosesdir ki, bu halda insan onu boğan gücə əl atıb parçalamağa cəhd etməyə bilməz. Onun ayrı yolu qalmır da…
Xalqı artıq, gərəksiz sayırlar…
Insanı boğan mühiti tam anlamaq üçün, 19 ildir bədənində 130 qəlpə, 2 güllə yarası gəzdirən Namiq Ağayevi dinləməyə davam edin: “Mən yeşiyi əlimdən almış polisləri qınamıram. 24-cü polis bölməsinin rəisinin mənə yazığı gəldi, dedi ay yetim, gedək görək, sənin üçün bir şərait düzüb-qoşa bilirik, ya yox. Məni Nizami rayon Icra Hakimiyyətinə apardı. Müavin əsəbiləşdi, rəisin üstünə acıqlandı ki, nə qədər şəhid ailəsi, Qarabağ əlili olar. Sənə nə tapşırılıb onu et, gerisi sənlik deyil”.
Bunlar xalqı artıq sayırlar bu ölkədə, xalq bunlara sanki mane olur…

Rüşvət almayan bircə icra başçısı göstərin – YAP-çı olaq…
•