Dövrümüzün (yanıq) Kərəmi

Artıq ölkəni yalanla idarə etməyin mümkünsüzlüyü bütün çılpaqlığı ilə ortadadır. Artıq yalan – yanğın deməkdir. Bu oğru, yalançı sistemdən geriyə bir ovuc külün qalacağı gün uzaqda deyil. 
Qubadakı mülk, Ismayıllıdakı hotel yanğınından sonra da Neftçalada hansısa məmurun maşınının yandırıldığı xəbəri gəldi. Dünənsə Füzulidə bir fermer haqsızlığa, məmur özbaşınalığına, məhkəmə ədalətsizliyinə dözməyib yerli icra hakimiyyətinin qarşısında özünü yandırıb. Azərbaycan indi sözün həqiqi mənasında “Odlar Yurdu”dur.
Indi Yanardağla ölkəyə gələn xarici turistləri təəccübləndirə bilməzsiniz. Ortada Yanarotel, Yanarhammer, Yanarvilla, Yanarfermer örnəkləri varkən Yanardağ xırda söhbətdir.
***
Əslində belə olacağını hamımız bilirdik. Özümüzü aldatmayaq: elə ölkənin dərdlərini, problemlərini xalça altına süpürən, məmləkətin güllük-gülüstanlıq olduğuna dair nağıllar uyduran yaptokratlar özləri də bilirdilər. O qədər uşaq-muşaq deyillər hər halda; bunca zülmün, ədalətsizliyin bir gün partlayacağını, yanğına çevriləcəyini onlar da təxmin edirdilər. Amma başqa cür bacarmırdılar: cəmiyyətdə vintləri bərkitməklə, ağızları qıfıllamaq, qolları qandallamaqla mütləq sonu önləyəcəklərini düşünürdülər.
Bəli, bu günədək bütün basqılar, təzyiqlər sonlarını bildikləri üçün idi. O sonu durdurmaq, o sonu ləngitmək üçün idi. Özündən əmin olan, tutduğu yola inanan, o yolun doğru bir mənzilə getdiyini düşünən bir sistem niyə bu qədər əzməyə, susdurmağa çalışsın ki?
Amma o ayrı məsələdir ki, əzməklə, susdurmaqla, hamıdan yalançı və yaltaq olmağı tələb etməklə indiyədək hansı despotik rejim istəyinə nail olub? Indiyədək hansı tiran repressiya ilə, zor aparatı ilə, işgəncə maşını ilə qurdla qiyamətə qalmağı bacarıb? Demək ki, hamısı boşuna zəhmətdir, faydasız işlərdir. Elə bir zaman gəlir ki, bütün bunlar geri təpməyə başlayır. Heç nə bu cür rejimlərin tarixi aqibətini yaşamaqdan sığortalanmağa kifayət etmir. Yalan kömək etmir. AzTV bəs etmir. Yaltaq şairlər işə yaramır.
Əslində bu gün yaptokratların hotellərinə, maşınlarına, villalarına düşən yanğınlar illərdir toplumun içindəki qəzəb alovunun parçalarıdır. Illərdir adamlar yanıb tökülürlər ki, Azərbaycanın müstəqil olub həqiqi azadlığa, rifaha qovuşacağını gözləyirdilər, əksi baş verdi. Xalqı bir ölkə üçün ən böyük nemət olan müstəqillikdən iyrəndirdilər. Yaptokratların mal-mülkünə düşən yanğınlar bunun yanğısıdır həm də. Bu yanğının qığılcımlarıdır onların mal-mülkünə düşən.
***
Bəs bu yanğı necə sönəcək, bu yanğınlar necə söndürüləcək?
Ədalətin bərqərar olması ilə. Hüqüqun, milli iradənin təntənəsi ilə.
Əks halda istəyir bir AzTV-ləri yox, yüz AzTV-ləri olsun, bir Mirşahinləri yox, min Mirşahinləri olsun, bir Zəlimxan Yaqubları yox, milyon Zəlimxanları olsun, istəyir bütün büdcə pullarını ən müasir yanğınsöndürənlər almağa xərcləməsinlər, lap Kürün ağzını çevirsinlər, xeyri yoxdur, bu ölkənin insanlarının içindəki ədalət yanğısı sönməyincə yanğınlar da davam edəcək.
Nə qədər ki, bizim qəlbimiz çağdaş dünyanın bir parçasına çevrilmək…
Milli iradə ilə idarə edilmək…
Adil məhkəmələrə, söz, fikir azadlığına sahib olmaq arzusu, ehtirası ilə alışıb-yanacaq, məmləkəti başına alan bu yanğınlar da sönməyəcək.
Yaptokratların ölkənin gömmək istədikləri qaranlıq hansısa hotel, villa hesabına aydınlanacaq.
Danışılan hər yalan – kibrit, xalqdan oğurlanan hər qəpik – benzin rolu oynayacaq.
Bunu anlamayan, bunu başa düşməyən, anlamaq, başa düşmək istəməyən rejimi isə məşhur dastan qəhrəmanının taleyindən başqa heç nə gözləmir.
Aşıq Ədaləti aparıb YAP-a dürtməklə deyil ki…
Bəs “Yanıq Kərəmi”yə qol götürüb oynayan xalqla neyləyəcəksiniz?!