“Bu, Əli Kərimliyə qarşı qurulmuş oyundur”

«Köhnə maddənin iflasa uğradığını görüb yeni maddələr veriblər»

“Texnikabank”ın Yasamal filialının sabiq müdir müavini Elnur Seyidova yeni ittihamların elan olunduğu barədə məlumat vermişdik. AXCP sədri Əli Kərimlinin qaynı E.Seyidovu ötən il martın 27-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları saxlayıb. O, Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə dələduzluqda ittiham olunurdu. Indi isə ona Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 308.2, 313 və 320.2-ci maddələri ilə yeni ittihamlar verilib.
CM-nin 178-ci maddəsi dələduzluq əməlinə görə verilir. 178.3.1 – mütəşəkkil dəstə tərəfindən törədildikdə; 178.3.2 – külli miqdarda ziyan vurmaqla törədildikdə – əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
CM-nin 179-cu maddəsi mənimsəmə və ya israf etməyə görə verilir. 179.3.1 – mütəşəkkil dəstə tərəfindən törədildikdə; 179.3.2 – külli miqdarda törədildikdə – əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.ÿ
CM-nin 313-cü maddəsi vəzifə saxtakarlığını ehtiva edir. Vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə – beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
CM-nin 320-ci maddəsi rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etməni nəzərdə tutur. 320.2 – bilə-bilə saxta sənədlərdən istifadə etmə – iki yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya səksən saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır(“Mediaforum”).
On bir ay davam edən istintaqdan sonra E.Seyidova yeni maddələrin verilməsi gözlənilən idi. Çünki köhnə maddə üzrə ortaya heç bir tutarlı sübut qoyulmamışdı. Hətta E.Seyidovun üzünə durmaq üçün saxta zərərçəkən də tapılmamışdı. Belə olan halda istintaq işi yekunlaşdırıb məhkəməyə göndərmək məcburiyyətində idi. Çünki qanuna görə, istintaq 9 ay, müstəsna hallarda isə 12 ay davam edə bilər. E.Seyidovla bağlı maksimum müddətin başa vurulması üçün cəmi bir ay qalmışdı. Yeni maddələr isə E.Seyidovu həbsdə – MTN-də saxlamaq üçün əsas yaratdı. Ən maraqlısı isə eyni maddə ilə ittiham olunan “Texnikabank” rəhbərliyinin bir neçə aylıq həbsdən sonra azadlığa buraxılmasıdır. Bankın əsas fiquru azadlığa buraxılır, filial müdirinin müavini isə ortada heç bir sübut olmadan həbsdə saxlanılır. Üstəlik E.Seyidovun dağınıq sklerozdan əziyyət çəkməsi də istintaq tərəfindən nəzərə alınmır. Bütün bunlar E.Seyidovun əslində həbsdə yox, hakimiyyətin girovluğunda olduğunu açıq şəkildə ortaya qoyur.
Hüquqşünas Müzəffər Baxışov “Azadlıq”a açıqlamasında bildirib ki, E.Seyidova yeni ittihamların elan edilməsi köhnə maddələrin özünü doğrultmamasından irəli gəlir: “Belə görünür ki, 178-ci maddə üzrə adam tapa bilmədilər ki, Elnur Seyidov kiminsə etibarından sui-istifadə etməklə, kimisə aldatmaqla onun əmlakını mənimsəyib. Yəqin təftiş aparıblar, Elnur Seyidova etibar edilmiş hər hansı əmlakı talama ilə bağlı heç bir sübut əldə etməyiblər. Şəxsən mən belə bir sübutun olduğuna inanmıram. 178-ci maddənin iflasa uğradığını görüb yenidən ona əlavə maddələr veriblər. Amma bunun özü də absurddur ki, bankın hər hansı filialının müdir müavini kiminsə əmlakını mənimsəmək imkanına malik olsun. Mən inanmıram ki, yeni maddələr üzrə də istintaqın əlində hər hansı sübutlar olsun”.
M.Baxışov deyir ki, sifariş olanda Azərbaycanda istənilən şəxsə istənilən maddəni vermək olmur: “Və buna görə də heç kim məsuliyyət daşımır. Söhbət, siyasi sifarişdən gedəndə isə müstəntiqlər əmin olur ki, onların verdiyi ittiham məhkəmə hökmü ilə təsdiq ediləcək. Bu, Azərbaycan reallığıdır. Ona görə də mən istər köhnə ittiham, istərsə də yeni ittihamla bağlı verilmiş maddələr üzrə cinayətlərin Elnur Seyidov tərəfindən törədilməsinə dair sübutların olduğuna inanmıram. Sadəcə olaraq bu, siyasi sifarişdir. Əli Kərimlini mübarizədən, yolundan çəkindirmək üçün təşkil edilmiş oyundur. Hesab edirəm ki, son nəticədə onlar bu işdən zərər çəkəcəklər. Bu saxta işləri təşkil edənlər mütləq cəzalarını alacaqlar”.