Yandırılan otelin nazir Füzuli Ələkbərovun oğluna məxsus olduğu təsdiqləndi (FOTOLAR)
Ələkbərovların qanunsuz əməllərinə görə baş verən üsyanda həbs edilənlər işgəncələrə məruz qalıb
İsmayıllı da baş verən məlum üsyandan sonra rayonda vəziyyət nisbətən sakitdir. Ancaq bu o demək deyil ki, ismayıllılar hər şeylə razılaşıblar. Onlar icra başçısı Nizami Ələkbərovun istefa verməsini və bununla yanaşı camaatdan üzr istəməsini tələb eləyirlər…
Rayon hələ də polis nəzarətindədir
Bir qrup rayon sakini sosial durumları və üzləşdikləri ədalətsizliklərlə bağlı Ilham Əliyevə şikayət məktubu ilə müraciət edəcəklərini deyirlər. Bununla bağlı hazırda rayonda imza toplama kampaniyasına start verilib.
Aksiyalar zamanı tutulan insanların əksəriyyətinin paytaxta və digər bölgələrə göndərildiyini deyən sakinlər onların gələcək taleyindən narahat olduqlarını bildiriblər. Ismayıllı sakinlərinin sözlərinə görə, etiraz aksiyalarının ara verməsinə baxmayaraq, insanlara qarşı təzyiqlər davam edir. Aksiya əvvəlcədən lentə alınıb, kadrlarda görünənlər axtarılıb tapılır və həbs olunurlar. Rayonda hələ də xeyli sayda polis qüvvələri və Daxili Qoşunların əsgərləri ərazidə təhlükəsizliyə nəzarət edir.
Rayon hələ də polis qüvvələrinin nəzarətindədir. Belə ki, icra hakimiyyətinə gedən bütün yollar ciddi nəzarətdədir. Talıstan kəndindən rayonun mərkəzinə gələn yolda və başq abir neçə yerdə polis postu qurulub. Bundan baqaş şəhərdə Çevik Polis Alayının əməkdaşlarıyla yanaşı Daxili Qoşunlar da gözə dəyir. Rayon sakinlərindən aldığımız məlumata görə, ərazidə dəbilqəli, silahlı polislər də dolaşır.
Nazir oğlunun bir neçə MMC-si
Ismayıllıdakı olayın səbəbkarı kimi Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərov qeyd edilsə də, rəsmilər bunu yalan olduğunu bildirdilər. Hətta icra başçısı Nizami Ələkbərov qardaşı oğlu Vüqar Ələkbərovun hadisə yerində olmadığını söylədi. Bu azmış kimi bildirdi ki, yandırılan “Çıraq” hotelinin Ələkbərovlara heç bir aidiyyəti yoxdur.
Ancaq “Real”ın sədri Ilqar Məmmədov bloqunda Mədəniyyət və Turizm Nazirliyinin saytından götürdüyü məlumatı paylaşmaqla icra başçısı və başqa rəsmiləri ifşa etdi. Nazirliyin saytında qeyd olunub ki, Ismayıllı şəhəri Nizami küçəsində yerləşən “Çıraq” oteli “VAFI” MMC-yə məxsusdur, MMC-nin təsisçisi isə Ələkbərov Vüqar Füzuli oğludur. Məlumat sosial şəbəkələrdə geniş yayılandan sonra nazirliyin saytından yığışdırılıb.
Bundan başqa Vüqar Ələkbərovun “Facebook” sosial şəbəkəsində profili üzə çıxıb. Vüqar Ələkbərov profilinin albom səhifəsində “Çıraq” hoteli ilə bağlı müxtəlif şəkillər qoyub. Bu da üzə çıxandan sonra səhifə bağlanıb.
“Azadlıq” radiosunun araşdırmasına görə, Vergilər Nazirliyinin rəsmi saytında yazılıb ki, “Çıraq” otelinin sahibi “VAFI Turizm” MMC-dir. Məlumatda deyilir ki, “VAFI Turizm”ə “Çıraq” otelini işlətmək üçün ötən il dekabrın 26-da lisenziya verilib. Təsisçisi Həsən Ismayılovdur. “Həmin saytda oxşar adla ”VAFI Region” MMC haqda da məlumat yerləşdirilib. Bu qurum da Ismayıllı şəhərində fəaliyyət göstərir.
Rəsmi sənəddə həmin MMC-nin təsisçisinin Vüqar Füzuli oğlu Ələkbərov olduğu bildirilir. “VAFI Region”un hüquqi ünvanı Ismayıllı şəhəri M.Orucov 100 göstərilir.
Ancaq həmin ünvanda yaşayan Ruhiyyə Cavadova 2009-cu ildən burda yaşadığını, belə bir MMC-dən xəbərsiz olduğunu deyib. “VAFI Region” isə 2010-cu il avqustun 4-də qeydiyyatdan keçib.
“Azadlıq” qəzetinin bölgə müxbiri Elçin Ismayıllının dediyinə görə, “Çıraq” oteli tikilərkən onun ətrafına çəkilən hasarın, eləcə də işçilərin geyimlərinin üzərində “Improtex Real Estate” MMC-nin adı yazılıb.
Vergilər Nazirliyinin saytındakı məlumatda isə həmin kommersiya qurumunun təsisçilərindən biri “REY” MMC və Ələkbərova Iradə Cəlal qızıdır. Burda da Vüqar Füzuli oğlu Ələkbərovun adı keçir, “REY”in qanuni təmsilçisidir.
Vergilər Nazirliyinin sənədlərində Vüqar Ələkbərovun “VAFI CONSTRUCTION” MMC-nin də təsisçisi olduğuna rast gəldik.
Bakıdan gələnlər insanlara divan tuturlar
29 yaşlı Ismayıllı sakini Tural Umudlu “Azadlıq” radiosuna açıqlamasında deyib ki, onu yanvarın 24-də yolda tutublar. Daha sonra polis bölməsinə aparıblar: “Məni döyə-döyə polis bölməsinə apardılar. Bizi bir otağa saldılar. 10 nəfər idik. Çevik Polis Alayının əməkdaşları töküldülər üstümüzə. Bir-bir hamımızı vəhşicəsinə döydülər. Yerli polisdən bizə əl qaldıran olmadı. Bizi döyən, işgəncə verən Çevik Polis Alayının əməkdaşları idi. Rezin dəyənək, yumruq, təpik. Onlar yetişdirilmiş idmançılar idi. Onların necə döyməsini təsəvvür edin. Axşam saat 9-dək bizi polisdə saxladılar. 9-dan sonra polis şöbəsinin arxa qapısından çıxarıb UAZ markalı polis maşınına doldurdular. 9 nəfəri ayaq üstə, əyilmiş vəziyyətdə Göyçay KPZ-ə apardılar. Sinəmə vurulan çoxsaylı yumruq zərbələri nəticəsində bu dəqiqə nəfəs almaqda çətinlik çəkirəm”.
Tural Umudlu 400 manat cərimə olunandan sonra buraxılıb.
Ismayıllı sakini Rəhim Faktiyev də yanvarın 24-də həbs olunub. Axşam onu buraxıblar. O, deyir ki, rayon polis idarəsində onu incitməyiblər. Ancaq yolda vurublar: “Məni qapımın ağzında tutmuşdular. Uşağın ardınca küçəyə çıxmışdım. Gözyaşardıcı qazdan istifadə edirdilər. Aparanda mənə işgəncə verdilər, vurdular. Ancaq polisdə incitmədilər. Məni vuran gəlmə polislər idi. Öz rayonumuzun polisləri heç nə etmirdilər”.
“Həbs olunanlara ağır işgəncə verilib, hazırda vəziyyətləri ağırdır”
Rayon sakinləri deyirlər ki, olaya görə həbs olunanların sayı yüz nəfərdən artıq olub, ancaq onların bir hissəsini azad ediblər: “Göyçay polisində on nəfər qalmışdı. Deyilənə görə, səkkiz nəfər Bakıya aparılıb, Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsində saxlanılır. Otuz nəfərin həbsdə olduğu bildirilir”.
Məlumatlara görə, həbs olunub, sonradan buraxılan rayon sakinlərinə ağır işgəncə verilib, hazırda vəziyyətləri ağırdır.
Rayon sakini Elvin Əmirəliyevin atası Nizami Əmirəliyev “Media forum” saytına deyib ki, 22 yaşlı oğlu dörd gündür Ismayıllı Rayon Polis Şöbəsində saxlanılır və əlavə heç bir məlumat ala bilmir: “Otel yanan zaman oğlum da orada olub. Oğlum deyib ki, gedib gördüm otel yanır, bir dənə yanan kartonu götürüb atdım kənara. Elvini səhər gəlib evdən apardılar. Onlara qalsa, bütün olanları, dağıntıları mənim oğlumun boynuna qoyarlar. Ancaq əllərində fakt yoxdur”.
Rayon prokuroru Rahib Seyidov “Media forum”a olayla bağlı istintaqı Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsi apardığını deyib: “Istintaq qrupu hazırda Ismayıllıdadır və işini davam etdirir. Mən onların işinə müdaxilə etmirəm. Onların işi başqa, mənim işim başqadır”.
Ramin DEKO