“Elnur Seyidov dərhal azad olunmalıdır”

“Texnikabank” işi üzrə istintaq bitdi; yeni həbslər var

“Texnikabank”ın Yasamal filialının keçmiş müdir mavini, AXCP sədri Əli Kərimlinin qayını Elnur Seyidovun ittiham olunduğu iş üzrə istintaq başa çatıb. Vəkil Fəxrəddin Mehdiyev yanvarın 28-də “Media forum” saytına deyib ki, işi araşdıran Milli Təhlükəsizlik Nazirliyi istintaqın başa çatdırılması haqda qərar qəbul edib: “Sabahdan cinayət işi ilə tanış olma mərhələsi başlanır”.

Fəxrəddin Mehdiyevin sözlərinə görə, iş üzrə altı nəfər təqsirləndirilib. Bunlar “Texnikabank”ın keçmiş prezidenti Etibar Əliyev (hazırda azadlıqdadır), Elnur Seyidov, “Texnikabank”ın Filiallarla İş Departamentinin keçmiş direktoru Anar Həmzəyev (hazırda azadlıqdadır), “Texnikabank”ın Abşeron filialının keçmiş müdiri Zülfüqar Zülfüqarlı, “Texnikabank”ın paytaxt filialının keçmiş müdiri İlham Bahadurov və Xəzər filialının keçmiş xəzinədarı Elnur Nəsibovdur.

Vəkil deyib ki, yanvarın 25-də Elnur Seyidova yekun ittiham elan edilib, ittiham genişləndirilərək yeni maddələr əlavə olunub: “Elnur Seyidovun digər vəkilləri Əsabəli Mustafayev, Sevil Səlimovanın da fikirlərini ifadə edərək bu gün MTN-in istintaq idarəsinə vəsatət təqdim etdik. Vəsatət ondan ibarətdir ki, həmin ittihamlar üzrə heç bir cinayət tərkibi yoxdur. Ona görə də cinayət işinə xitam verilməlidir, Elnur Seyidov dərhal azad olunmalıdır. Hesab edirik ki, ittihamlar qanunsuzdur, əsassızdır, qərəzlidir. İstintaq bütün imkanlarından istifadə edərək Elnur Seyidovun əməlini Cinayət Məcəlləsinin həm 179-cu maddəsinin 3-cü hissəsi ilə, həm də 178-ci maddənin 3-cü hissəsi ilə tövsif etmək istəyir. Burada da mütəşəkkil dəstədən söhbət gedir. İstintaqın bu cəhdini və qərəzini başa düşmək mümkündür. Çünki istintaq maddi ziyan barədə ortaya bir şey qoya bilməyib. Həmin maddələrin də əsas məzmununu şəxsin fiziki və ya hüquqi şəxsə maddi ziyan vurması təşkil edir. İstintaq zamanı nə fiziki şəxsə ziyan vurulması faktı aşkar olunub, nə də hüquqi şəxsə.

Digər tərəfdən maddi ziyan vurulmadığı halda istintaq da uzun müddət davam edib, şəxs ağır maddələrlə ittiham olunur, mütəşəkkil dəstə məsələsinə istinad edilir. Burada ümumiyyətlə mütəşəkkil dəstə mövcud olmayıb. Çünki istintaq bu barədə mövcud qanunvericiliyin tələblərini kobud şəkildə pozub, mütəşəkkil dəstənin anlayışı, onun şərhi barədə Konstitusiya Məhkəməsinin 1999-cu ildə çıxardığı qərarı pozur. Həmin qərarda göstərilir ki, mütəşəkkil dəstə o vaxt yarana bilər ki, bu, strukturlaşmış olsun, rollar bölüşdürülsün, bir qayda olaraq vahid niyyət olsun, mənfəət bölüşdürülsün. Bu işdə sadalananların heç biri yoxdur. Absurd məsələ meydana çıxıb. Vəsatətdə bütün bu məsələlərin saxtalığı və biabırçı məhkəmə perspektivi ilə bağlı öz fikrimizi bildirdik. Bütün digər maddələr də əsassızdır, hüquqi bazası yoxdur. Ona görə də cinayət işinə xitam verilməsini istəyirik”.

Fəxrəddin Mehdiyev bildirib ki, MTN cinayət işinə xitam verməsə, Respublika Prokurorluğuna şikayət edəcəklər.

Vəkil deyib ki, bir neçə gün əvvəl “Texnikabank” işi üzrə yeni həbslər həyata keçirilib. Bankın İdarə Heyətinin keçmiş sədri Samir Hüseynov, “Texnikabank”ın Yasamal filialının keçmiş müdiri Azər Cəfərov və başqa şəxslər tutulub.