Eldar Namazov yeni hərəkatın təşkilatlanma işlərindən danışdı
“EL” hərəkatında bir neçə pilləli idarəetmə strukturu olacaq. Bura hərəkatın sədri, İdarə Heyəti, Məclisi, hər bir seçki dairəsi üzrə nümayəndələri daxil olacaq. Prezident seçkisi dövründə isə əlavə strukturlar yaradılacaq. Hazırda bu haqda müzakirələr aparırıq”. “EL” hərəkatının təşkilatçılarından olan Ziyalılar Forumunun üzvü, politoloq Eldar Namazov “Media forum” saytına belə deyib.
Politoloqun sözlərinə görə, hazırda hərəkatın təşkilatlanma işləri davam etdirilir: “Biz qərara gəlmişik ki, bu hərəkatın strukturlaşması rayonlar üzrə deyil, 125 seçki dairəsi və seçki məntəqələri üzrə olsun. Artıq təşkilatlanma işlərinin xeyli hissəsi görülüb. Qarşıdan prezident seçkisi gəlir. Əminik ki, hərəkat seçki prosesində böyük rol oynayacaq”.
Eldar Namazov hərəkatın sədrinin kim olacağını açıqlamayıb: “Yaxın günlərdə təqdimat olacaq və orada hər şeyi açıqlayacağıq”.
Bundan əvvəl mediaya açıqlamasında yazıçı, kino xadimi Rüstəm İbrahimbəyov demişdi ki, ölkədə “EL” adlı yeni hərəkat yaradılır. Rüstəm İbrahimbəyov Ziyalılar Forumunun, müxtəlif gənclər təşkilatlarının, bəzi siyasi partiyaların bu hərəkata dəstək verdiyini bildirmişdi. O, “EL”i üçüncü qüvvə kimi xarakterizə etmiş və vurğulamışdı ki, iş bu qurumun formalaşdırılması ilə başa çatmayacaq: “Bütün rayonlarda strukturlar formalaşdırılandan, əsas ictimai birliklər, siyasi partiyalarla razılığa gəlindikdən sonra Milli Şura yaradılacaq. Prezidentliyə vahid namizədi Milli Şura irəli sürəcək”.