Səxxət

Gəncənin keçmiş polis rəisi Rasim Musayevə yeni vəzifə veriblər, o bundan sonra Interpolun rəis müavini olacaq.
Rasim müəllim təzə işdən azad ediləndə qəzetlər yazdılar ki, o, Gəncənin icra başçısına kəllə atdığına görə vəzifəsindən gedib. Sonra keçmiş rəis müsahibə verdi və vicdanına and içdi ki, deyilənlər yalandı, istefa ərizəsini səhhətinə görə, guya dincəlmək istəyir-zad.
Səhhətinə, daha doğrusu, Ilham Əliyevin təbirincə desək, səxxətinə görə istefa vermiş adamın təzədən, özü də kifayət qədər mühüm bir vəzifəyə təyin olunması nə deməkdir? Bəlkə Interpola rəis və ya rəis müavini olmaq üçün adamdan can üstə olmaq tələb olunur? Bəlkə orada rəhbər vəzifəyə xəstələri gətirirlər?
Əlbəttə, yox.
Deməli, buradan iki nəticə ortaya çıxır:
Bir: Rasim Musayev həqiqətən də Gəncənin icra başçısı ilə konfliktə görə işindən uzaqlaşıb. Bəlkə ona kəllə atmayıb, yumruq ilişdirməyib, amma hər bir halda aralarında bir şeylər olub. Yəni Musayev yeni vəzifəyə getməklə öz məlum təkzibini təkzib etdi.
Iki: Biz Konstitusiya və Qurana əl basıb andına xilaf çıxanları görmüşdük, vicdanına and içib yalan danışan da gördük.
***
Yeri gəlsə, mən heç əvvəldən Rasim Musayevin səxxətinə görə istefa verdiyinə inanmamışam. Bu rejimdə karyera, mənsəb, imtiyaz cansağlığından da əvvəl gəlir.
Müalicəyə müsbət reaksiya verib hakimiyyəti oğluna ötürməyə macal tapan zehniyyətə sahib bir rejimdə kiminsə hətta doğrudan da, sağlamlığında problemlər varsa, vəzifədən gedən adamların olduğuna kim inana bilər, necə inana bilər?
Bu rejim səhiyyəni korrupsiya, rüşvət kimi sağalmaz xəstəliklərə düçar edən bir rejimdir. Bu rejim ağır xəstəliklərlə uğraşmasına rəğmən sevmədiyi adamları, onların yaxınlarını qisasçılıq, intiqam ruhu ilə həbsxanalara atan bir zehniyyətə sahibdir. Əli Kərimlinin canı ilə əlləşən qaynına yeni-yeni ittihamlar elan edirlər. Rasim Balayev səhhətinə görə bəzən günlərlə yeriyə bilmir deyirlər, ona müalicə üçün şərait yaratmaq əvəzinə, sındırıb, “tövbə bəyanatı”na qol çəkdirib sonra “diqqət və qayğı” göstərirlər.
Bir komadan çıxıb digərinə düşən xalq artistini o ağır vəziyyətində YAP-a üzvlük bəyanatına qol çəkdirən əxlaqın, mənəviyyatın daşıyıcılarıdır bunlar.
Elə isə bunlardan, yenə Ilham müəllimin təbirincə desək, səxxətlərinə görə vəzifədən getmək mərifətini necə gözləmək olar?
Bunlar üçün insanın, onun varlığının, sağlamlığının hansı dəyəri var?
Bunların başlarını torpağa qoymayanadək vəzifədən, mənsəbdən əl çəkdiklərini kim görüb indiyədək?
Bunlar deyillərmi kabinetdən tabutları çıxmayanadək oturduqları kürsüdən ikiəlli yapışan, onu başqasına vermək istəməyən?
***
Əslində Gəncənin keçmiş polis rəisinin “səxxət”lə bağlı bəhanəsini bir halda bölüşmək olar: əgər söhbət xəstə təfəkkürlü idarəetmədən gedərsə!
Bəli, sistem idarəetmə baxımından, mənən, ruhən xəstədir və o getməlidir. Müalicə üçün artıq çox gecdir, tibb elmi onu sağaltmaqda acizdir.
Artıq xəstəlik bütün mənalarda metostaz verib və sistemin, üstünüzə sağlıq, ömrünü tapşıracağı gün uzaqda deyil.
Bəs bu çırpınışlar, zorakılıqlar, rezin və işıqsaçan güllələr, xalq etirazlarına qarşı var gücü ilə dirənişin səbəbi nədir deyə soruşsanız, onun da cavabı sadədir: qorxu!
Siyasi, ictimai və mənəvi ölüm qorxusu!
Qorxunun isə əcələ faydası yoxdur deyib həqiqi müdriklər.