Üsyan xəbərdarlığı 2 il əvvəl edilib; icra başçısı rayonu necə talayıb?
Hakimiyyət yanvarın 24-də Ismayıllıda baş verən üsyanı məişət zəminində törənən olay kimi ictimaiyyətə sırımağa çalışsa da, əslində hadisənin kökləri dərinə gedir. Bunu hadisələrdən hələ xeyli əvvəl Ismayıllıda baş verənlərlə bağlı ölkə rəhbərliyinə edilən müraciətlər deməyə əsas verir. Əslən Ismayıllıdan olan tanınmış hüquqşunas Şükür Məmmədlinin “Azadlıq”a ünvanladığı məktubdan məlum olur ki, bir neçə il əvvəl rayon əhalisi icra hakimiyyətinin başçısı Nizami Ələkbərov və onun nazir qardaşı Fizuli Ələkbərovun əməllərindən cana doyaraq “yuxarılar”a müraciət edib. Elə Şükür Məmmədlinin özü bununla bağlı dəfələrlə ölkə başçısına, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, baş prokuror Zakir Qaralova müraciətlər ünvanlayıb. Rayonda narazılığın get-gedə artması və nəticədə sosial partlayışın baş verə biləcəyi barədə onlara xəbərdarlıq edib.
Eyni zamanda “Real Press” qəzetinin 8-18 iyul 2010-cu il tarixli 15-ci sayında qəzetin baş redaktoru Raqif Nazimoğlunun imzası ilə prezidentə müraciət dərc edilib. Lakin ölkə rəhbərliyi bu xəbərlarlıqlara məhəl qoymayıb. Nəticədə cana doymuş Ismayıllı əhalisi ayağa qalxmağa məcbur olub.
Şükür Məmmədlinin ölkə rəhbərliyinə ünvanladığı məktublarda Ismayıllıda baş verən məmur özbaşınalığı barədə geniş məlumatlar yer alıb.
Hüquqşunasın yazdığına görə, Ismayıllıda baş verən son hadisələrin kökündə rayon icra başçısı Nizami Ələkbərov və onun nazir qardaşı Fizuli Ələkbərov durur. Nizami Ələkbərov vəzifəyə təyin olduğu gündən nazir qardaşı ilə birlikdə Ismayıllı rayonunun özəlləşdirilməsi ilə məşğul olub. Lakin bu qardaşlar tərəfindən incidilən yüzlərlə vətəndaşların şıkayətlərinə heç bir dövlət orqanı tərəfindən reaksiya verilməyib. Şükür Məmmədli baş prokuror Zakir Qaralova yazdığı məktubda ondan Quba hadisələrinin Ismayıllıda təkrar olunmaması üçün tədbirlər görməsini xahiş etsə də, bununla bağlı heç bir addım atılmayıb.
“Real-Press” qəzetinin baş redaktoru Raqif Nazimoğlunun Ilham Əliyevə ünvanladığı müraciətdə Nizami Ələkbərovun qanunsuz olaraq özəlləşdirdiyi müəssisələr, həmçinin torpaq sahələrinin bir qismi əks olunub:
Ələkbərovların İsmayıllıda “özününküləşdirmə əməliyyatı”
1.Nizami Ələkbərov Ismayıllı şəhər mərkəzi bazarının yanında uşaq bağçasını özəlləşdirib, əvəzində bağça müdirəsi Rəfiqə adlı xanımı icra hakimiyyətində işə götürüb ki, özəlləşmənin səsi kənara çıxmasın.
2.Ismayıllı şəhər Nizami küçəsində yerləşən 5 hektar torpaq sahəsi və içərisində böyük avtomobil təmir sexləri olan RTES adlanan ərazini və həmin ərazidə olan köhnə hamam yerlərini özəlləşdirib, əvəzində isə aidiyyatı şəxsi RTES-ə müdir təyin edib ki, hay-küy salmasın.
3.Ismayıllı şəhər M.Orucov küçəsi ilə Nizami küçəsinin birləşdiyi ərazidə yerləşən Meşə Təsərrüfatının balansında sahəsi 2.20 ha olan ərazini özəlləşdirib.
4.Ismayıllı şəhər Nizami küçəsində yerləşən RAYPOITTIFAQ-ın inzibati binası Fizuli Ələkbərovun sürücüsü Usubov Eldarın adına özəlləşdirilib, burada yaşayan 26 ailə binadan çıxarılıb, hələ də həmin zavallılar özlərinə yer tapmayıblar. Binanın özəlləşməsi üçün dövlət büdcəsinə 1800 manat pul ödənilib. Lakin Ismayıllı rayonunun ucqar kəndlərində hər hansı bir kəndli həyətində ayaqyolu yaxud mal tövləsi tikmək istəyəndə rayonun baş memarı Mirələsgər Seyidov 2000 manat pul istəyir ki, layihə sənədləri yerində deyil. Rayonda ucuz özəlləşdirmələr ancaq Ələkbərovlara aiddir.
5.Ismayıllı şəhərinin mərkəzində rayon IH balansında olan VOLQA adlı yeməkxana, KINO binası, QONAQ evi, Ismayıllı şəhərinin mərkəzində ümumi sahəsi 0,50 ha olan redaksiyanın inzibati binasını saxta sənədlərlə qanunsuz olaraq Ələkbərovlar tərəfindən özəlləşdirilib. Icra başçısının birinci müavini Rəfail Əhmədovun bacısının həyat yoldaşı Fizuli tərəfindən həmin redaksiya sökülərək materialları rayonda satılıb. Həmin ərazidə nazir Fizuli Ələkbərovun oğlu tərəfindən “Zamin Bank” üçün inzibati bina tikilib.
6.Nizami Ələkbərov Ismayıllı şəhər 30A kvartalında Ismayıllı rayon məhkəməsinin keçmiş hakimi Sulduz Ləzimovun 12 sot torpaq sahəsi olan evini alıb, lakin bu gün həmin evin həyatyanı sahəsi 1 hektardır. Həmin evin artıq torpaqları Nizami Ələkbərovun təkidi və təzyiqləri ilə aşağıdakı kimi sənədləşdirilib: Ismayıllı rayon aqrar islahat komissiyasının guya 2003-cü il tarixli qərarı ilə Nizami Ələkbərovun qohumu Rasim Namazəliyevə və oğluna verilib. Sual olunur: 2003-cü ildə Rasim Namazaliyev və Nizami Ələkbərovun oğlanları Ismayıllı rayonunda qeydiyyatda olmaya-olmaya bu torpaq onlara necə verilib.
7.Ismayıllı rayon Tircan bələdiyyəsində özlərinə məxsus VESTEL, Improtex, AZAL kimi şirkətlərin adına 50 ha torpaq sahəsi özəlləşdirilib.
8.Maçaxı bələdiyyəsindən müxtəlif şəxslərin adlarına 30 ha, Talıstan bələdiyyəsindən 40 ha, Xənəyə kəndində meşə ərazisindən qanunsuz olaraq bələdiyyə torpaqı kimi 2.50 ha özəlləşdirilib və Bakı sakinlərinə baha qiymətə satılıb.
9. Icra başçısı Cülyan kəndindəki köhnə orta məktəbin 1.80 ha olan torpaq sahəsini öz özəl qanunları ilə sözün əsl mənasında Ismayıllıya divan tutan baş memarı Mirələsgər Seyidovun vasitəsi ilə dörd tərəfini bağlatdıraraq özününküləşdirib.
10.Qalacıq kəndində 15 ha torpaq sahəsini özəlləşdirib ki, həmin torpaqların çox hissəsi Qalacıq kənd camaatınındır. Torpağa aid ilkin sənədlər sakinlərin adına olsa da, qorxudan aidiyyatı yerlərə müraciət edə bilmirlər.
11.Ismayıllı rayon Zoğallıq bələdiyyəsindən 5 ha, Çandahar və ona qonşu kəndlərin bələdiyyəsindən 200 ha torpaq sahəsi özəlləşdirilib.
12.Ismayıllı rayon Xəlilli bələdiyyəsindən 2 ha torpaq sahəsini 2009-cu il tarixində prezidentin fərmanından əvvəlki tarixə sənədləşdirərək BISMAK şirkətinə 100 000 (yüz min) manata satıb. Istənilən zaman BISMAK-a satılmış torpaq sənədlərini yoxlayan olsa, bələdiyyələrin protokol nömrəsi, dövlət büdcəsinə köçürülən pulun qəbz nömrəsi, Torpaq şöbəsində qeydiyyat nömrəsinin saxta olduğu müəyyən olunacaq. Bu cür köhnə tarixli sənədlərlə yenə torpaq satılır.
13.2009-cu il tarixdə dövlət tərəfindən kənd camaatına əkin əkmək üçün verilmiş yanacaq pulları da Nizami Ələkbərov tərəfindən mənimsənilib. Maliyyə Nazirliyinin yoxlamaları zamanı bu fakt üzə çıxıb, 64 min manat pul Tircan, Kəlbənd, Soltankənd, Qələyə kənd icra nümayəndələrinə zorla ödətdirilib. Halbuki həmin pullar Nizami Ələkbərovun cibinə girib.
Müraciətdə həmçinin qeyd olunur ki, icra başçısının özəlləşdirdiyi torpaq və obyektlərin sayı göstəriləndən dəfələrlə çoxdur.
İvanovka Ələkbərov qardaşlarının girovluğunda
2006-cı ildən Ismayıllıya ağalıq edən Fizuli və Nizami Ələkbərov qardaşları özəlləşmə siyasəti Ivanovka kəndindən də yan keçməyib. Belə ki, nazir Fizuli Ələkbərov Ivanovka kəndində H.Əliyev küçəsində həyat yoldaşının adına aldığı evin həyatyanı sahəsini genişləndirmək üçün həmin küçədə yaşayan Skokovlar tayfasına zülm verərək hər bir vasitədən istifadə edib onları Ivanovka kəndindən didərgin salıb. Bu gün Ivanovka kəndində Fizuli Ələkbərova məxsus 10 ev, bir çörək zavodu var. Eyni zamanda Ələkbərovlar Ivanovka kəndində ABVAL adlanan ərazini özəlləşdiriblər.
Ünvanlı sosial yardım kasıb təbəqəyə yox, Fizuli Ələkbərovun özəl sektoruna xərclənir. Bunlar Ismayıllı əhalisinə məlum olan faktlardı.
Hüquqşünas Ramiz Mehdiyevə nə yazıb?
Şükür Məmmədovun 2011-ci ilin martın 5-də PA rəhbəri Ramiz Mehdiyevə ünvanladığı müraciətdə də rayonda baş verən qanunsuzluqlardan söz açılır:
“Bu ilin yanvar ayının 27-də sizin rüşvət və korrupsiya əleyhinə keçirdiyiniz iclas və prezident Əliyevin fevral ayının 10-da həmin məsələlərlə əlaqədar etdiyi çıxışı bir çox adamlarda müəyyən qədər inam yaratmışdı. Bundan sonra bütün nazirlərin iclas keçirmələri, həmin hallarla mübarizəyə başlayacaqları barədə çıxışları bu inamı müəyyən qədər möhkəmləndirdi. Lakin məndə olan inam Ismayıllı rayon icra hakimiyyətinin başçısı Nizami Ələkbərov və onun qardaşı nazir Füzuli Ələkbərovun əməlləri nəticəsində tamamilə itmişdir. Ismayıllı əhalisi arasında bu rayonun Ələkbərov qardaşlarına satılması barədə fikirlər dolaşır. Zatən həmin qardaşlar da özlərini orta əsr feodalları kimi aparırlar. H.Əliyev adına parkın salınması, prospektin təmiri, muzey tikintisi adı ilə iş adamlarından və büdcə təşkilatlarından pul yığılması, rayonun iri torpaq sahələrini özəlləşdirmələri, özlərinə iri evlər tikmələri, qarlı əkin sahələrində qar motisikletləri sürərək əkin sahələrini məhv etmələri, bütün ticarət və iaşə obyektlərindən pul yığmaları, buna nail olmadıqda həmin obyektləri sökdürmələri əhalidə qıcıq, məmurlara nifrət, hakimiyyətə inanmsızlıq hissləri yaradır.
Tam məsuliyyəti ilə deyirəm, Ismayıllı rayonunda bu qardaşlarından bir nəfər də razı adam tapa bilmərsiz.
Onların əməlləri barədə vaxtaşırı olaraq “Real Press” qəzetində tənqidi yazılar getmiş, qəzet vasitəsilə AR prezidentinə və baş prokurora müraciətlər edilmişdi. Mənim dəfələrlə müraciət etməyimə baxmayaraq, Ələkbərov qardaşlarından cavab ala bilməmişəm.
Ölkələrdə inqidabları, çevrilişləri, xaosu, xalqa lazım olmayan bu faciəvi işlərin zəminini Ələkbərov kimi məmurlar hazırlayır.
Bu qardaşlar durdurulmayınca Ismayıllı rayonunda heç kim korrupsiya və rüşvətlə mübarizənin ciddi olduğuna inanmayacaq və ölkə rəhbəri tərəfindən başlanmış bu müsbət proqram Ismayıllı rayonunda iflasa uğrayacaq”.