Rayon hələ mühasirədədir; kütləvi həbslərə polis talanları da əlavə olunub
Ismayıllıda vəziyyət hələ də gərgin olaraq qalır. “Azadlıq”ın bölgə müxbiri Elçin Ismayıllının verdiyi məlumata görə, Çevik Polis Alayı və Daxili Qoşun hissələrinin mühasirəsində olan Ismayıllıda hər gün həbslər baş verir. “Polislər videoçəkilişlərə baxır və məlum hadisələrdə iştirak edənləri müəyyən edərək həbs edir.
Həbslər aqerssiv və qanuna zidd qaydalarda aparılır. Təsəvvür edin, gecə saatlarında evlərə basqınlar edilir. Uşaq, qoca, qadın bilmirlər. Kimisə həbs etmək üçün gələn polislər qarşılarına çıxanlara da zor işlədirlər. Həbs edilənlərə şöbədə işgəncə verilir. Vətəndaşlarla düşmən kim rəftar edirlər”, – deyə əməkdaşımız bildirib.
Onun sözlərinə görə, polislər ərzaq mağazalırna və ictimai iaşə obyektlərinə də basqın edirlər: “Səbəb budur ki, camaat onlara heç nə satmır. Satmaqdan imtina edirlər. Bunlar da hiddətlənib mağazalara basqın edib istədiklərini götürürlər, pulunu da vermirlər. Bütün bunlara Ismayıllının polis rəisinin müavini Şöhrət Kərimov rəhbərlik edir. Polis rəisi Nizami Qocayev bu məsələlərə qarışmır. Müşahidə olunan odur ki, polis rəisi rayon sakinlərinə qarşı qəddarlığın əleyhinədir. Mümkündür ki, bu baxımdan onu proseslərdən kənarlaşdırıblar”.
Elçin Ismayıllı əlavə edib ki, rayona zirehli texnika da yeridiblər: “Camaatın gözünü qorxutmaq istəyirlər. Lakin əhalidə xof yoxdur. Onlar hesab edirlər ki, haqlı olaraq etiraz aksiyası keçiriblər”.
Bölgə müxbirimiz onu da bildirib ki, şahmat üzrə 3 qat ölkə çempionu olan Ramil Cavadov hələ heç bir xəbər yoxdur: “Ramil Cavadov yanvarın 24-dən yoxa çıxıb. Müvafiq qurumlara müraciət etmişik heç bir məlumat vermirlər. Rayonda söz-söhbət gəzir ki, onu öldürüblər. Ona görə də barəsində hər hansı məlumat vermirlər”.
Dünən həmçinin məlumat yayılıb ki, icra başçısı Nizami Ələkbərov tutduğu vəzifəsindən azad edilib. Bölgə müxbirimiz rayonda da belə söz-söhbətlərin gəzdiyini deyib: “Lakin bu məlumatı dəqiqləşdirmək mümkün deyil. Icra hakimiyyətinə yaxınlaşmaq olmur. Polis ora yaxınlaşan hər kəsi dərhal həbs edir. Hətta mənim özümü də jurnalist olmağıma baxmayaraq saxlamışdılar”.
İsmayıllıdan yeni video və fotolar