Ailənin nəzarətindəki telekanallar yenidən təhqirə keçdi
Vətəndaş cəmiyyətindən, müxalifət düşərgəsindən hakimiyyətə qarşı olan iradlara iqtidarın əsəblərinin dözmədiyi açıq şəkildə hiss olunur. Hakimiyyətin birbaşa nəzarətində olan telekanallarda nəinki müxalifət liderlərinə, Rüstəm Ibrahimbəyov və Ziyalılar Forumunun digər üzvlərinə qarşı da “qara piar” kampaniyası yürüdülür. Budəfəki kampaniyanın özəlliyi isə ondan ibarətdir ki, hakimiyyət təbliğatçıları bir qədər irəli gedərək artıq fərqli düşünən şəxslərin ailə üzvlərini hədəfə alıblar. Baş verənlərə münasibətini öyrəndiyimiz ziyalıların mövqeyi sərt oldu.
«Təbliğat baxımından bu üsullar artıq köhnəlib»
Azərbaycan Ziyalılar Forumunun üzvü, yazıçı Əkrəm Əylisliÿ bildirdi ki, ziyalılara qarşı həssaslığı itirmək yolverilməzdir. Tarix boyu bu cür şouların nəylə nəticələndiyinin ortada olduğunu deyən Ə.Əylisli vurğuladı ki, SSRI ideologiyasının sonda nəylə nəticələndiyini də tarix göstərib: “Vaxtilə televiziya adamları çıxardaraq ziyalılara qarşı çox danışdırıblar. Vaxtilə Soljenitsin, Pasternaka da qarşı eyni reaksiya sərgilənirdi, onlara qarşı insanlar danışdırılırdı. Amma anlamalıdırlar ki, təbliğat baxımından bu üsullar artıq köhnəlib. Bütün bunlar artıq tarixdə qalıb. Rüstəm Ibrahimbəyov bütün dünyanın tanıdığı bir şəxsdir. Ona qarşı bu cür yanaşma yolverilməzdir. Ziyalı sözünü eşidilmədiyi cəmiyyət sağlam ola bilməz. Cəmiyyəti narahat edən problemləri ziyalı dilə gətirməlidir və rəhbərlik də onu dinləməlidir”.
«Qarşıdurmanı bu məcraya yönəltmək sadəcə olaraq səviyyəsizlikdir»
Professor Cəmil Həsənli isə bildirdi ki, bu çirkin təbliğatın tezisləri Prezident Administrasiyasında hazırlanır və telekanallara göndərilir. Insanların ailə həyatına müdaxilənin yolverilməz olduğunu deyən C.Həsənli vurğuladı ki, bu, Azərbaycan qanunlarına ziddir. C.Həsənlinin sözlərinə görə, qarşıdurmanı bu məcraya yönəltmək sadəcə olaraq səviyyəsizlikdir: “Bu, indi baş verənlərlə bağlı bir kampaniyadır və ona hakimiyyət rəvac verib. Amma bu uğursuz bir kampaniyadır və onun heç bir gələcəyi yoxdur. Belə kampaniyalarla ziyalılarımızın, Rüstəm Ibrahimbəyovun həyatına kölgə salmaq olmaz. Rüstəm Ibrahimbəyov şəffaf həyat yaşayıb. Böyük bir yaradıcı adamdır. Azərbaycan mədəniyyət tarixinin nəhəng bir simasıdır. Belə cılız təbliğatla onun həyatına kölgə salmaq mənasızdır”.
Xəyal