Rasim Musayevə vəzifə verildi

Generalın səhhətinə görə işdən çıxması barədə dedikləri yalan çıxdı  

Yanvarın 22-də vəzifəsindən azad edilən Gəncənin Polis Idarənin rəisi Rasim Musayevə yeni vəzifə verilib. AzNews.az-ın məlumatına görə o, bu gün Azərbaycanda Interpolun Milli Mərkəzi Bürosuna rəis müavini təyin edilib.
“Azadlıq” xəbərlə bağlı DIN-lə əlaqə saxlayıb. Nazirlikdən  xəbəri nə təsdiq, nə də təkzib ediblər.
Rasim Musayevin işdən çıxarılması Gəncənin icra başçısı Elmar Vəliyevə görə baş vermişdi. Məlumatlara görə, Rasim Musayevlə intriqa aparan Elmar Vəliyev generala məxsus villanı sökdürmək istəyib. Bu isə sabiq rəislə icra başçısı arasında mübahisəyə səbəb olub. Mübahisə əlbəyaxa davaya çevrilib. Elmar Vəliyevlə davadan sonra Rasim Musayev DIN-ə gəlib və işdən çıxmaq barədə ərizə yazıb.
Lakin Rasim Musayev yayılan məlumatları təkzib edərək işdən çıxmasını səhhətilə əlaqələndirmişdi. “Bəli, raportla nazirə müraciət etmişəm. Amma bu, səhhətimlə bağlı olub. Müraciətimdə yazmışam ki, səhhətimlə bağlı məni tutduğum vəzifədən azad edin”, – deyə sabiq rəis “Yeni Müsavat”a müsahibəsində bildirmişdi.
Rasim Musayevin yeni təyinatı ilə bağlı xəbər doğrudursa, o zaman generalın işdən çıxması barədə izahatında səmimi olmadığı aydın olur. Hər halda Rasim Musayevin səhhəti ona işləməyə imkan vermirdisə, o heç bir vəzifəni qəbul etməzdi.
“Azadlıq”a daxil olan başqa xəbərə görə, daxili işlər naziri Ramil Usubov Rasim Musayevi DIN-in Daxili Təhqiqatlar Idarəsinə rəis təyin etmək istəyib. Lakin bu idarənin rəisi Möhübbət Hüseynov prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubova yaxın olduğundan nazir onu yerindən tərpədə bilməyib. Bəzi məlumatlara görə, Bəylər Əyyubovla münasibətləri o qədər də yaxşı olmayan Ramil Usubova bu addımı atacağı təqdirdə ziddiyyətlərin daha da alovlanacağı bildirilib. Bundan sonra nazir fikrini dəyişərək Rasim Musayevi Interpol-a rəis müavini təyin edib. Məlumatlarda həmçinin bildirilir ki, Rasim Musayev Prezident Administrasiyasına da çağırılıb. O, baş verənlər barədə sorğu-suala çəkilib.