«Aqramunt müxalifətin səsini Avropaya çatdırmaq əvəzinə, Əliyev rejiminə lobbiçilik edir…»
Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi, ispaniyalı Pedro Aqramunt Əliyev rejiminə lobbiçilik etdiyinə görə öz ölkəsində rüsvay edilib. Qərbdə ən nüfuzlu mətbu orqanlardan hesab olunan Ispaniyanın “El Pais” qəzetində dərc olunan məqalədə Aqramunt Azərbaycanda vətəndaşların acınacaqlı durumuna göz yummaqda günahlandırılır. Müəllif Xose Iqnasio Torreblankanın qələmə aldığı məqaləni təqdim edirik:
Kürü diplomatiyası: Valensiyadan Azərbaycana…
Mən bu gün oxuculara kifayət qədər qeyri-adi olan bir məqalə təqdim etmək istəyirəm. Bu məqalədə Valensiya muxtar vilayətini təmsil edən Xalq Partiyasından senator, Avropa Şurası Parlament Assambleyasının üzvü olan ispaniyalı Pedro Aqramuntun istefası tələbilə bir araşdırma mərkəzinin göndərdiyi məktubdan bəhs olunur.
Beləliklə, məktub çox məşhur bir təşkilata – Avropa Stabillik Təşübbüsü analitik mərkəzinə göndərilib. Bu mərkəzin Berlində, Brüsseldə və Istanbulda nümayəndəlikləri var. Mərkəz 1999-cu ildən Balkanlarda, Mərkəzi və Şərqi Avropa ölkələrində, eləcə də post-sovet məkanında demokratiyanın vəziyyətini araşdırır.
Avropa Stabillik Təşübbüsü mərkəzi 1999-cu ildə Sarayevoda yaradılıb. O zaman beynəlxalq hüquq-müdafiə təşkilatlarında böyük iş təcrübəsi olan səkkiz nəfər analitik və araşdırma mərkəzi təsis etmək qərarına gəliblər.
Bu mərkəz tərəfindən senator Aqramunta qarşı irəli sürülən ağır ittihamları vaxtından əvvəl şərh etmək istəməzdim. Çünki təqsirlik prezumpsiyası anlayışı var. Amma mən uzun illərdir ki, Avropa Stabillik Təşübbüsü mərkəzinin fəaliyyəti və rəhbərliyilə yaxından tanışam. Xüsusən, mərkəzin direktoru Cerald Knausu yaxşı tanıyıram. O, açıq Avropa, demokratiya, insan haqları və azlıqların hüquqları məsələlərinə münasibətilə məndə özü barədə müsbət rəy yaradıb.
Knausun vətəndaş cəmiyyəti məsələlərindən yaxşı başı çıxır. O, demək olar ki, bütün Balkan, Qafqaz və Orta Asiya ölkələrində hüquq-müdafiə təşkilatlarını, hüquq müdafiəçilərini və müxalifətçiləri tanıyır. Bu baxımdan mənə elə gəlir ki, onların ittihamlarına ciddi yanaşılmalı və məsələ araşdırılmalıdır. Çünki qeyd etdiyim kimi, bu ittihamlar kifayət qədər böyük etimada malik adamların dilindən səslənir.
Bəs Avropa Stabillik Təşəbbüsü senator Aqramuntu konkret nədə ittiham edir? Sizdə tam fikir formalaşması üçün daha yaxşı olar ki, özünüz adlarını qeyd etdiyim bu iki məruzəni oxuyasınız: “Kürü diplomatiyası və ya Azərbaycan Avropa Şurasını susmağa necə məcbur etdi?” – 2012-ci ilin mayında təqdim olunub; “Yalan portreti: Azərbaycanı necə monitorinq ediblər və ya Aqramunt niyə öz postunu tərk etməlidir?” – 22 yanvar 2013-cü ildə təqdim olunub.
Mərkəz hazırladığı məruzədə diqqəti ona yönəldir ki, Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda insan hüquqları və demokratiya məsələləri üzrə məruzəçisi olan senator Aqramunt bu ölkənin müxalifətinin səsini Avropa ictimaiyyətinə çatdırmaq əvəzinə, Əliyev rejiminin Avropada əsas lobbiçilərindən birinə çevrilib.
Xatırladaq ki, bütün beynəlxalq təşkilatlar 9 milyon əhalisi olan Azərbaycanı qeyri-azad ölkə hesab edirlər. Müstəqil olandan sonra bu ölkəyə Heydər Əliyev rəhbərlik edib. 2003-cü ildə Əliyev dünyasını dəyişəndə onun oğlu Ilham Əliyev “heç bir şübhə doğurmayan” 88.73 faizlik səslə qalib gələrək, bu postu tutub. Oğul Əliyev ikinci dönəm prezidentliyi dövründə – 2009-cu ilin martında Konstitusiyaya dəyişiklik etmək üçün referendum keçirdi. Rəsmi nəticələrə görə, referendumda səs verənlərin 92 faizi bəyan edib ki, Ilham Əliyevin ürəyi istəyən qədər hakimiyyətdə qalması üçün Konstitusiyanı dəyişməyə məmnuniyyətlə hazırdılar.
Bu ölkədə vətəndaş və siyasi azadlıqların hansı vəziyyətdə olduğunu görmək üçün “Amnesty International”, “Freedom House” və “Human Rights Watch” kimi hüquq-müdafiə təşkilatlarının hesabatlarına nəzər salmaq kifayətdir.
Avropa Stabillik Təşəbbüsü analitik mərkəzi Aqramuntu bu ölkə ilə bağlı yerli müşahidəçilərin ona ötürdüyü məlumatları manipulyasiya etməkdə, orada vətəndaşların hüquqlarının pozulmasına göz yummaqda, Əliyev rejiminə dəstək verməkdə, “demokratiyanın inkişafı” haqda uydurma düzüb-qoşmaqda, Islam təhlükəsi bəhanəsilə həyata keçirilən repressiyalara haqq qazandırmaqda günahlandırır. Ən nəhayət, o, Azərbaycan əleyhinə sanksiyaların tətbiqinin qarşısını almaq üçün Əliyev rejiminin maraqlarına lobbiçilik etməkdə ittiham olunur.
Beynəlxalq təşkilatlarda məsul vəzifələr tutan ispanların sayı o qədər çox deyil. Həmçinin başqa ölkələrdə insan hüquqları və demokratiyanın vəziyyətinin araşdırılması çox az adama həvalə olunub. Məhz buna görə onların fəaliyyəti tamamilə nöqsansız olmalıdır.