YAP-çıların hərəsi bir bəhanə ilə «Azadlıq»ın suallarından yayındı
“Binə” ticarət mərkəzində baş verən hadisə iştirakçılarına qarşı təzyiqlər davam edir. Onlarla insan bu hadisələrlə bağlı həbs edilib, ticarət mərkəzində çalışan əksər şəxslərə qarşı isə təzyiq və hədə-qorxular səngimək əvəzinə, günbəgün artır. Hüquq müdafiəçiləri sözügedən hadisələrdə zərər çəkənlərlə bir arada olaraq onların hüquqlarını müdafiəyə hazır olduğunu bəyan etsə də, bir qisim hələ də susur.
Susanların sırasında cəmiyyət daha çox parlament üzvlərindən, millət vəkillərindən, bir sözlə, Milli Məclisin deputatlarından daha çox şey umur.
Bu mənada Milli Məclisin deputatları ilə telefon əlaqəsi yaradıb onların Binə hadisələrində tutulanları, təzyiq altında olanları müdafiə edib-etmədiyini, onlara qarşı göstərilən münasibətlə maraqlanıb-maraqlanmadığını bilmək istədik. Aldığımız cavabları oxucuların diqqətinə çatdırırıq. Onu da qeyd edək ki, bu cavabları nöqtə-vergülünə toxunmadan təqdim edirik.
Beləliklə, ilk zəng etdiyimiz deputat Gülçöhrə Məmmədova oldu. Gülçöhrə xanım öncə söylədi ki, parlament hələ öz işinə başlamadığı üçün bu məsələnin Milli Məclisdə müzakirə olunacağı barədə söz deyə bilməz: “Amma bu məsələdə öz fikrimi demək istəyirəm. Düşünürəm ki, hamı qanuna tabe olmalıdır. Kassa aparatları quraşdırılmalıdırsa, bu, olmalıdır və qayda-qanun çərçivəsində, lazım olan səviyyədə hər kəs öz işini görməlidir”.
Deputat Nizami Cəfərovun fikrincə, parlamentin işi qanunları qəbul edib, onlarda düzəlişlər və dəyişikliklər etməkdən ibarətdir: “Parlament siz dediyiniz məsələlərin müzakirə olunası yer deyil. Şəxsi fikrimə gələndə, bu məsələ hüquq-mühafizə orqanlarının işidir. Onlar təyin etməlidir hər şeyi. Mən nə deyə bilərəm ki? Bütün iş təhlil olunandan sonra qərar necə qəbul olunarsa, elə də olmalıdır. Məndən mədəniyyətlə bağlı soruşun, cavab verim. Belə məsələlərdə isə mütəxəssis olmadığım üçün heç nə deyə bilmərəm”.
Deputat Bəxtiyar Sadıqov zəngimizə cavab verərək xəstə olduğu üçün neçə gündür işə çıxmadığını söylədi. B.Sadıqov sualımızın mahiyyəti barədə xəbərdar olmadan gələn həftə üçün danışacağını bildirərək “Xəstəlik sizə keçməsin deyə, ”adboy” verirəm”, dedi.
Deputat Siyavuş Novruzov da telefonu açaraq həmkarı kimi, sualımızın nə olduğunu bilmədən “APA-ya demişəm, ordan götürərsiniz” söylədi. S.Novruzova hələ sualımızı vermədiyimizi deyəndə isə o, “Bilirəm nə sual verəcəksiniz” dedi. Binə hadisələriylə bağlı sualımızı eşidəndən sonra da S.Novruzovun fikri dəyişmədi: “Açıqlamalarımızın hamısını APA-ya vermişik, ordan götürün”.
Deputat Əli Əhmədovun mobil telefonuna cavab verən şəxs sualımızı dinləyəndən sonra sürücü olduğunu və telefon sahibinin hansısa tədbirə qatıldığını söylədi.
Deputat Musa Quliyevin sualımıza cavabı isə olduqca lakonik oldu: “Mənim o hadisələrlə bağlı məlumatım yoxdur”.
Deputat Bahar Muradovanın bizə bəlli olan mobil nömrəsinə cavab verən xanım sualımızı dinləyəndən sonra metroda olduğunu deyərək 15-20 dəqiqədən sonra əlaqə saxlamağımızı xahiş etdi. B.Muradovanın ictimai nəqliyyatdan istifadə etməsinə şübhəylə yanaşsaq da həmin nömrəyə bir müddətdən sonra təkrar-təkrar zəng etdik. Lakin aramsız çağırışlara xanımdan cavab gəlmədi.
Deputat Çngiz Qənizadə Milli Məclis üzvlərinin bu məsələylə maraqlanmalı olmadığını deyərək Binədə qarşıdurma olduğunu və kimlərinsə tutulduğunu söylədi: “Əsassız tutulanlar və ittiham olunanlar varsa, buna münasibət bildirmək, Kəbirə Məmmədovanın məsuliyyət məsələsini qaldırmaq olar. Amma nədənsə cəmiyyətdə belə bir fikir formalaşıb ki, millət vəkilləri iş-gücünü atıb onun-bunun müdafiəsiylə məşğul olmalıdır. Söhbət məndən gedirsə, bəli, mən hüquq müdafiəçisi kimi bununla maraqlanmalıyam. Millət vəkili bununla niyə maraqlanmalıdır, onların işi-gücü yoxdur?!
Binə hadisələrində yol kəsilməsi, aksiyalar normal deyildi. Çünki həmin yolda hamı gedib bir-iki saat qala bilərdi. “Binə” hadisələri dünən yaranmış hadisə deyil. Insanlar uzun müddətdir ki, K.Məmmədovadan şikayət edirdi. Şəxsən mənə də neçə adam müraciət edərək Kəbirənin onlardan yer tikmək adıyla pul alaraq sonra da bundan imtina etdiyini deyib. Onlar deyir ki, Kəbirə pulumuzla tikilən yerə mülkiyyət hüququmuzu verən sənəd vermir. Hər ay icarə haqqını da qaldırır. Kimə də deyirsən, bunun mülki məsələ olduğunu söyləyir. Əslində, bu, mülki məsələ deyil. Kəbirə Məmmədova kimdir ki, o boyda yerləri tutub hər ay da adamlardan külli miqdarda pul tələb edir?! Aksiya ilə bağlı bütün məqamlara qiymət verilməlidir. Bu hadisələr normal təftiş olunub K.Məmmədovanın hərəkətlərinə qiymət vermək lazımdır. Amma Milli Məclisin üzvləri işini atıb nə Kəbirə ilə məşğul olacaq, nə orda tutulanlarla. Mənim isə bu, ictimai borcumdur, çünki hüquq müdafiəçisiyəm. O hadisələr barədə normal istintaq qrupu yaradılıb araşdırma aparılmalıdır. Orda miyonlardan söhbət gedir. Bu milyonlar hara axır və Kəbirə kimə arxayın olub minlərlə insanı bu günə düşməyə məcbur edir?”.
Nigar


