Bilənlər bilir, bilməyənlərə xatırladaq:
2013-cü ilin dövlət büdcəsində ən çox artım polis orqanlarının payına düşmüşdü.
Daxili Işlər Nazirliyi və Daxili Işlər Nazirliyinin Daxili Qoşunlar Baş Idarəsi birlikdə polis sisteminin builki xərcləri 500 milyon manat göstərilmişdi. Bu, 2012-ci illə müqayisədə 136,6 milyon manat çox idi.
Təsəvvür edin, bunlar bu il elmi xərclərə 129.1 milyon manat ayırıblar. Bu isə Daxili Işlər Nazirliyinin təkcə bir bir strukturunun – Daxili Qoşunlar Baş Idarəsinin saxlanması üçün nəzərdə tutulan vəsaitdən 7,1 milyon manat, yaxud 5.2 faiz azdır. Niyə? Çünki həmişə olduğu kimi, 2013-də də zəkaya deyil, zopaya dayanan idarəetmə davam edəcək ölkədə. Başqa cür mümkün deyil. Başqa cür sadəcə, bacarmırlar.
Belə baxanda, bəli, seçki ilində polis sisteminin xərclərində 37,6 faizlik bir artım təəccüblü deyil. Öz gücünü zordan, zorakılıqdan alan, işgəncə və repressiyalar sayəsində varlığını sürdürə bilən bir rejimin seçki ili ilə bağlı narahatlıqlarını, əndişələrini büdcəyə yansıtmalarını başa düşmək çətin deyil. Bu il polis sisteminə çox iş düşəcəyi əvvəldən bəlli idi – həm seçkidən əvvəl, həm sonra yaptokratiyanın tək ümidi odur.
Amma belə görünür ki, məsələ heç seçkidə də deyilmiş.
Il təzəcə başlayıb, 2013-ün ilk ayı hələ başa çatmayıb, amma ölkə üç ciddi xalq etirazına səhnə oldu. Əvvəlcə əsgər ölümləri ilə bağlı etiraz mitinqi, ardınca “Binə”, sonra da Ismayıllı üsyanları.
Çoxdan gözlənilən prosesin siqnallarıdır bunlar: artıq toplum əvvəlki kimi yaşamaq və idarə olunmaq istəmir. Bıçaq sümüyə dirənməkdədir. Insanlar inkişafı, rifahı AzTV-də yox, həyatda, reallıqda görmək istəyirlər artıq. Ədalətsizliyin, hüquqsuzluğun dozası o qədər yüksəkdir ki, ilk baxışda məişət çaplı bir hadisə də ciddi partlayışa, üsyana çevrilə bilir.
Görünür, bunu hiss etdikləri üçün də tədarükü əvvəldən görmək istəyiblər – 2013 büdcəsindən ən yüksək artımı polis sisteminə lütf ediblər.
Nəticəsi olacaqmı? Çətin. Xalqın etirazı selə çevriləndə o pullar da konfet kağızına çevriləcək.
Pul gücünə ayaqda qalmaq mümkün olsaydı, biz indi Mübarək, Qəzzafi, bin Əli haqqında keçmiş zamanda danışardıqmı heç?!
O mürtəce dəyişiklik mənasını necə itirdi?
Ötən il Əliyevçi rejimin saxta parlamenti daha bir mürtəce addım atdı, Prezident Administrasiyasından gələn sifarişlə qanuna şirkət payçılarının adlarının kommersiya sirri kimi saxlanılması haqqında dəyişikliklər etdi.
Məqsəd aydın idi: hakim ailənin ard-arda ifşa edilən mülkləri, ofşor şirkətləri barədə bilgilərin önünü kəsmək, ölkəni işğal etmiş bir ovuc adamın qanunsuz yollarla əldə olunan varidatı üzərinə qalın bir sirr pərdəsi çəkmək.
Amma istər Quba hadisələri olsun, istər Ismayıllı olayları, fərq etməz – hər iki qiyam göstərdi ki, yaptokratiyanın pisliyi özünə qaldı. Məlum oldu ki, bu rejim informasiya azadlığını nə qədər boğmağa çalışır çalışsın…
Bu rejimin başçıları, buyruqquluları nə qədər öz mal-mülkünü xalqdan gizlətmək istəyir istəsin, xeyri yoxdur, bu ölkə insanı hansı villanın, hansı hotelin, hətta hansı avtomobilin belə, kimə, hansı oliqarxa, hansı vəzifəliyə aid olduğunu gün kimi aydın bilir.
Artıq heç bir mürtəce addım, qanunlara edilən heç bir barmaq yaptokratların xalqdan oğurladıqlarını gizlətməyə yetməz.
Xalq harda nəyinizin olduğunu bilir, bilməyənlərə də göstərir.
Bu da bunların Quba üsyanından çıxardıqları nəticə
Rejim Quba olayından hansı nəticə çıxarıb?
Ismayıllı üsyanı göstərdi ki, yalnız bir dərs alıblar – o da istefası istənilən icra başçısının arxasında durmaqdır. Onu görəvində saxlamaqdır.
Fikirləşirlər ki, Rauf Həbibovu da sonadək postunda saxlasaydıq, onda Ilham Əliyevin təyin etdiyi icra başçısını xalqın işdən çıxarmaq istəməsi presedenti yaranmazdı. Ona görə də nə Nizami Ələkbərovu yerindən tərpətdilər, nə də qınaq atəşinə tutdular.
Bunlardakı ağıla bax – guya bununla növbəti belə xalq ayaqlanmalarının önünü kəsmək, onların nəticəsiz qalacağını nümayiş etdirmək istəyirlər.
Zatən keçmişdə də, indi də başımıza gələnlər illərdir ölkəni bu ağılla yönəltdikləri üçündür.

Daxili Qoşunlara niyə elmdən çox pul ayırmışdılar?
•
•