ABŞ-ın keçmiş səfiri İsmayıllı üsyanına qiymət verdi

“Bu, insan haqlarının pozulması və korrupsiya ilə bağlı xalqın narazılığının göstəricisidir”

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlarıç  (1994-1997-ci illər) İsmayıllı iğtişaşlarını “Turan”a şərh edib.

“Bir il əvvəl Qubada baş verdiyi kimi, bu iğtişaşlar da insan haqlarının pozulması və korrupsiya ilə bağlı xalqın narazılığının göstəricisidir. Çində də analoji vəziyyət yaranmışdı, məmurların özbaşınalığı bu cür iğtişaşlara səbəb olmuşdu”, – hazırda Corc Meyson Universitetinin Terrorizm, Transmilli Cinayətkarlıq və Korrupsiya Mərkəzinin direktor müavini vəzifəsində çalışan R.Kozlariç bildirib.

Hökumət və cəmiyyətin birbaşa dialoqa ehtiyacı var – nə üçün Azərbaycanda qanunun aliliyinin hamı üçün mövcud olmaması mövzusunda açıq və azad diskussiyalara gərək var. Həmçinin demokratik seçki prosesi lazımdır.

“Ciddi və açıq diskussiya davam edən gərginliyin aradan qaldırılmasına yönəldilməlidir ki, gələcəkdə bu cür hallara yol verilməsin. Tez-tez adamlar məndən soruşurlar ki, bu hadisələr mənə “ərəb baharı”nı xatırladırmı?

Mən belə cavab verərdim: başqa ölkələrin təcrübəsi göstərir ki, əgər adamların mövcud narazılığı və  tələbləri onların qanuni haqlarının qorunması planında ekvivalent və qanuni reaksiya ilə qarşılanmırsa, bu daha böyük zorakılığa və sosial gərginliyə gətirib çıxara bilər”, – Kozlariç vurğulayıb.

O, İsmayıllı hadisələri  və Lənkəranda müxalifətçilərə hücumlar arasında paralellər apararaq bu hadisələri “KİV azadlığının məhdudlaşdırılması və müxalifətə təzyiq” adlandırıb.  

Prezident İlham Əliyev Davosda CNN-ə müsahibəsində öz ölkəsində ciddi iqtisadi artımın olduğunu qeyd edib. İndi də sosial sahənin yaxşılaşdırılmasına, insan hüquqları məsələsində beynəlxalq standartların təmin olunmasına nail olmaq lazımdır, – Kozlariç bildirib.