Ismayıllıda nə baş verir? Rəsmi açıqlamalara görə, “heç nə”. Icra hakimiyətinin başçısı Nizami Ələkbərov da belə deyir: “Heç nə, küçədən keçən iki nəfər arasında balaca bir insident olub”. Sonra nə olub? IH başçısının dediyinə görə, sonra “hansısa qeyri-sağlam qüvvələr” adamları onun evinə yönəldiblər. Bildiyiniz kimi, durub baxmaq üçün yox, od vurub yandırmaq üçün. “Qeyri-sağlam qüvvələr”- bu sizdə hansı assosiasiyanı doğurdu? Sözsüz, prezident-ali baş komandanın “Əsgər ölümünə son!” aksiyasına çıxan gənclərə vurduğu damğanı: “antimilli ünsürlər”. Ordudakı qanunsuzluq üzündən bir ildə 77 əsgər ölür, prezident-ali baş komandan orduda qanunçuluğa çağıranları… ANTIMILLI ÜNSÜRLƏR adlandırır!
Baxın, bunların baxış-prinsiplərinə görə, ölkədə hər cür qanunsuzluğu: rüşvəti, korrupsiyanı, oğurluğu, soyğunçuluğu, monopoliyanı DÖVLƏT SIYASƏTINƏ çevirənlər milli dəyər daşıyıcıları, sağlam qüvvələr sayılır, bütün bu neqativlərə qarşı çıxanlar “antimilli ünsürlər”, “qeyri-sağlam qüvvələr”. Onda… bilməlisiz: hələ çox belə qalxınmalar, yanğınlar görəcəksiz!
2008-ci ildə Ismayıllıya ezamiyyətə getmişdim. Onda da rayon IH başçısı hamıya bəlli nazir Füzuli Ələkbərovun qardaşı Nizami Ələkbərov idi. Onda görüşüb qonuşduğum rayon adamları deyirdilər: “Ismayıllı Ələkbərov qardaşlarının koloniyasıdır. Onlar bu rayonu satın alıblar, buna görə də istədiklərini eləyirlər”. Görünür, bunu mənə deyənlər rayondakı “hansısa qeyri-sağlam qüvvələrmiş”. Mən də onda onlara inanıb rayondakı neqativ görsənişlərlə bağlı kəskin yazı yazmışdım.
Yox, mən uzun illərin jurnalisti olaraq, Ələkbərov qardaşlarının rayondakı çoxillik özbaşınalıqları ilə bağlı yalnız “hansısa qeyri-sağlam qüvvələrdən” eşitdiklərimi yazmamışdım. Eşitdiklərimdən daha çox görüb-bildiklərimi yazmışdım. Onların da hamısını yox. Niyə görə? Ipi Prezident administrasiyasına bağlı cinayətkar məhkəmələri uduzmaq, qəzeti cərimələtmək qorxusuna görə.
Ismayıllıda olanda ünlü Ivanovka köyünə də getmişdim. Bununla necə böyük yanlışa yol verdiyimi elə oradaca bildim. Sonra da rayon IH-də sərt qınaqlarla üzləşəndə. Sən demə, qabaqca IH-də görüş keçirmək, görüm-baxım, yeyib-içmək prosedurlarını keçmək sonra harasa getmək, baxmaq istəyində bulunmaq gərəkmiş. Mən onlara Qəbələ RLS-ə gəlmədiyimi bildirəndə cin atına mindilər: nə RLS, nə zad, rayonun yiyəsi var. Doğrudan da, əliyevçi rejimdə, korrupsiyanın DÖVLƏT SIYASƏTINƏ çevrildiyi bir dönəmdə, rayonlar alınıb-satılırkən, hansı demokratik jurnalistikadan, hansı demokratik yönətimdən danışmaq olar? Mənim Ivanovkaya “özbaşına” gedişim IH-də böyük acıq doğurmuşdu.
Sonra Ismayıllıda baş verənlərlə bağlı “Azadlıq”da böyük bir yazım çıxdı. Rayon IH-dən zəng vurub hədə-qorxu gəldilər: yazının çapını dayandır! Dayandırmadım. Onlar qorxuya düşmüşdülər: açıqlanan faktlarla bağlı “yuxarıda” hansısa ölçü götürülə bilər. Görünür, onlar gerçəyi yazdığına görə prezidentin “Azadlıq” qəzetinə necə nifrət etdiyini bilmirdilər. Yox, bilməmiş deyildilər, onları qorxudan rejim qanunu idi: qəzetdə açıqlanan neqativlərə görə “yuxarıya” AYLIQ ötürdüyündən qat-qat artıq pul ötürməlisən!
Onda Ələkbərov qardaşlarının dağıdıcı Ivanovka girişimlərindən də yazmışdım. Mənə N.Ələkbərovun, polis idarəsinin rəisi N.Qocayevin rayonda “yuxarılar”, ayrıca olaraq DIN başçısı R.Usubov, F.Ələsgərov (ikincinin arxa-dayağı) üçün tikdirdikləri villalardan, oralarda çəkilən keflərdən danışmışdılar. Baxın, bütün bunların səsi indi çıxır. Bu gün ortaya çıxan yanğınlar qanunsuzluqdan, hüquqsuzluqdan illərlə xalqın içini bürüyən yanğınlardır – indi üzə çıxır. Qudurğan davranışları, harın yaşayışları ilə xalqa meydan oxuyanlar indi görsünlər adamları illərlə yandırıb-yaxmağın sonu necə olur…

İsmayıllı – Ələkbərov qardaşlarının koloniyası
•