Bəli, bu alov söndürülməsə, bütün Azərbaycan beləcə yanacaq. Baxın, bizim zaman-zaman dediyimiz və istəmədiyimiz də bu idi. Artıq hadisələr elə alovun özü kimi kortəbii şəkildə inkişaf edir və görünən bu ki, getdikcə bütün ölkəni bürüyənə bənzəyir. Hətta bu partlayışı hansısa mafioz qüvvə, hakimiyyətdə bir-biri ilə çəkişən tərəflərin əməli kimi qəbul eləmiş olsaq belə, yenə də bu hadisə üsyandır, qiyamdır və əmin olun ki, öz mafioz çərçivəsini aşıb tam bir xalq üsyanına çevrilə bilər. Nəzarətdən çıxan istənilən qiyam isə alov kimi dəhşətlidir və hər birimizə yalnız acı nəticələr vəd edir.
Hakimiyyət zaman-zaman elə düşünüb ki, müxalifəti sıxışdırmaqla nəyəsə nail olmaq, hakimiyyəti uzun müddət qoruyub-saxlamaq olar. Bu, avtoritarizmdir. Bu, sabitliyin sovet modelidir. Bütövlükdə sovet təfəkkür tərzidir ki, bu təfəkkür tərzinin hakimiyyətdəki ideoloqları və bu ideoloqların kiflənmiş təfəkkürünə möhtac ölkə rəhbərliyi bununla Respublikanı məhvə doğru aparırlar.
Müxalifət hər bir zaman və hər bir yerdə dövlətin dayağı, hakimiyyətin güzgüsüdür. Müxalifətin inkişafına və özgürlüyünə dövlət dəstəyi vacibdir. Hakimiyyət tərəfindən satın alınmamış, gücdən salınmamış, xalqın gözündən min bir iyrənc yolla salınmamış müxalifət dövləti məhv edən parazitlərin qənimidir. Bu, dünyanın sağlam sayılan, inkişaf etmiş, dövləti müqəddəs bilən hər bir ölkəsində belədir və ya belə olmalıdır. Azərbaycandakı vəziyyətdən danışmağa dəyməz, çünki bu hər kəsə bəllidir.
Əgər sən xalqın gözünün odunu alırsansa, müxalifətin təşkilatçılığı altında başını qaldırmağa, ağzını açmağa imkan vermirsənsə, o zaman buyurub bu cür ani və başıpozuq yanğınlara da hazır olmalısan. Yanğın isə elə bir dəhşətli fəlakətdir ki, bəzən özünü fövqəladə güclü sayan dövlətlərdə belə bunun qarşısını almaq mümkün olmur. Birdən-birə o fövqəladə gücün necə iflic olduğunu görürsən və imdadına heç nə yetişmir. Istanbulda 144 illik tarixi olan Qalatasaray Universiteti də beləcə yanıb külə döndü. Dənizdən və qurudan yanğını söndürməyə çalışan yanğınsöndürənlərin xilas edə bildiyi yalnız 144 ilin külləri oldu.
Hesab eləyək ki, söylənilən rəsmi versiya doğrudu. Yəni polis rəisi Nizami Qocayevin dedikləri. O, “Çıraq” motelinin sahibi Şahmərdanov Emil Məhərrəm oğlunu günahkar sayır. Onun avtomobili sərxoş vəziyyətdə sürərək, avtoxuliqanlıq etməsi və sakinlərin etirazına əks reaksiya verməsi, bunun da ucbatından insidentin böyüyərək, onun sahibi olduğu motelin və maşınını yandırılması. Bundan sonra isə icra başçısının evinə doğru yürüş və yanğınlar. Baxın, motel sahibinin davranışı bizə nə deyir? Onu deyir ki, bu hakimiyyətə bağlı hər kəs özünü Ölməz Kaşşey, xalqı isə qarışqa hesab edir. Kəbirə kimi, Ziya Məmmədovun qoçuları kimi, Elmarın, Rafiqin qatilləri kimi. Çünki onların hakimiyyəti xalqla belə davranır. Hər hansı bir hadisədə heç vaxt xalqın tərəfini tutmadığından onlar da hesab edir ki, xalqı istədiyin şəkildə aşağılaya bilərsən. Buyurun, bu da sizə aşağılamanın sonu. Daha doğrusu, sonun jurnalı. Fraqmenti. Annotasiyası.
Az qala hər yazımızda Azərbaycan hakimiyyətinin Suriya yolu tutmasının qorxunc nəticələrindən yazırıq. Bundan qansız-qadasız sovuşmağın bircə yolu var: Demokratik islahatlar üçün siyasi iradə. Əlbəttə, hər kəsə, eləcə də hakimiyyətin başında dayananlara aydındı ki, bu islahatlar rejimin, ən azı indiki hakimiyyətin sonu deməkdi. Nə olsun. Faciə deyil ki. Gedərsiz, yenə gələrsiz. Körpüləri yandırmayanda qayıtmaq hər zaman mümkündü. Ancaq görünür ki, onlar üçün hakimiyyəti itirmək Azərbaycanı itirməkdən daha dəhşətlidi. Bu Bəşər Əsəd, Qəzzafi zehniyyəti davam edərsə, bu gün Ismayıllıda meydana axışanlar həbs ediləcək edilməyinə, ama külək və alov insan deyil ki, onu həbs edəsən. Yayıldıqca yayılacaq, şiddətləndikcə şiddətlənəcək. Ağalar, seçim sizindir! Bu vətənə qıymayın…

İsmayıllı alovu şiddətlənir…
•
•