AŞPA-da “kürü diplomatiyası”nın qələbəsini doya-doya yaşaya bilmədilər. Insan haqları, azadlıq, demokratiya adına “qara xəbər”ə yenicə sevinməyə başlayırdılar ki, Ismayıllıdan gələn xalq ayaqlanması xəbəri arzularını gözlərində qoydu.
Bəli, Ştrasserin hesabatı ilə bağlı AŞPA-dakı utancverici səsvermənin nəticəsi ilə Ismayıllıdakı etirazların üst-üstə düşməsi əslində, çox simvolikdir. Bir daha təsdiqləndi ki, bu ölkəyə dəyişikliklər heç vaxt qaranquş kimi başqa ölkələrdən uçub gəlməyəcək, bu ölkədə dəyişikliyin tək ünvanı – xalq özüdür.
***
Ismayıllıda iki gündür davam edən etirazları lokallaşdırmaq, məişət səviyyəsinə endirmək cəhdləri var. Rejim qulbeçələrinin belə cəhdlərini başa düşürük, amma ağlına, vətəndaş mövqeyinə şübhə etmədiyimiz bəzi dostlar da deyirlər ki, gərək hansısa harın məmur, onun qohum-əqrəbasından kimsə çıxıb camaatı söysünmü ki, insanların qəzəbi, narazılığı küçələrə, meydanlara daşsın. Ilk baxışda onlar haqlı sayıla bilərlər. Amma yalnız ilk baxışda – Qubada da, Ismayıllıda da xalq ayaqlanmasına xalqın ünvanına təhqiramiz, alçaldıcı münasibət təkan vermişdi.
Dərindən düşündükdə isə hər şey o qədər bəsit deyil. Baş verənlərdə söyüş motivdir, səbəblərsə başqadır. Ismayıllı sakinlərinin hadisələrlə bağlı dediklərini oxuyun, dinləyin. Nazir qohumunun təhqiri onların çıxışlarından epizodik keçir. Sakinlər əsl dərdlərini anladırlar: rüşvət, korrupsiya, işsizlik, yoxsulluq, haqsızlıq, hüquqsuzluq. Hansısa qudurğan məmur, yaxud onun yaxınlarının alçaldıcı ifadələri səbr kasasını daşıran son damladır. Səbr kasası isə illərlə necə dolub – bax bunu unutmaq olmaz.
Həm də əlində hər cür gücü olanların təhqirinə toplumun reaksiyası qalırsa, bunun özü az işdirmi? Toplumu dilsizləşdirmək, ağızsızlaşdırmaq, əl quzusuna çevirmək üçün onillərdir davam edən mürtəce siyasətə rəğmən o hələ də başını qaldıra, səsini ucalda, “yetər artıq” deyə bilirsə, burda qəbahət nə var?
Son “Binə” hadisələrinin ardınca yazdığım yazıda da anlatmağa çalışmışdım: guya, tarix boyu hansı inqilabi proses ideoloji dəyərlərin xalq şüuruna hakim olmasının nəticəsidir? Guya, 1917-ci il rus inqilabını cəmiyyətdə sosialist şüurun bərqərar olmasımı doğurmuşdu?
Dediyim odur ki, “son damla”ya takılıb qalmaq olmaz. O son damlaya qədər səbr kasası necə dolur, buna baxmaq lazımdır.
O zaman görəcəksiniz ki, işin içində korrupsiya da var. Hüquqsuzluq da, işsizlik də var. Yalana, talana, saxtakarlığa dayanan pis, ədalətsiz idarəetmə də var.
“Azadlıq” radiosunun hazırladığı videokadrların birində orta yaşlı bir kişi fəryad çəkirdi: “Millət cana doyub. Yaşaya bilmir, haqqı tapdanır. Boğuluruq”.
Bəli, ortaq yanımız bu deyilmi? Biz də boğulmaqdan şikayətçi deyilikmi illərdir? Həm səsimizi boğurlar, həm də biz yalançı, saxta, uydurma analoqsuz inkişaf nitqlərində boğuluruq.
Qubada da baş verənlərin gerçək səbəbi bu idi, Ismayıllıda da budur.
Adamlar aldadılmağa birtəhər dözürlər, amma alçaldılanda artıq aldadılmağa da dözmürlər – hər şey bu qədər sadədir, bəsitdir. Bunu da o adamların eybi kimi qələmə vermək olmaz. Bu da onların “qırmızı xətt”idir, hörmət eləmək lazımdır.
Hə, deyəcəksiniz ki, bəlkə bu həqarətlər edilməyəydi, deməli, onda rejim xalqın ona qəzəbini, nifrətini heç vaxt görməyəcəkdimi?
Inanın ki, görəcəkdi. Sistemə, onun ədalətsizliyinə qarşı toplumun içində ki, bu qədər barışmazlıq var, qəzəb var, bu, onsuz da gec-tez partlayacaqdı, püskürəcəkdi. Bunu illərdir görür, duyur, yazırıq. Öz dəbdəbəli iqamətgahlarına, işıqlı kabinetlərinə qapanıb gözünü gerçəkliklərə yuman, qulağını həqiqətə tıxayanlar, ölkədəki inkişafı öz ciblərinin böyüməsi, öz qarınlarının şişməsi, boyunlarının yoğunlanması ilə ölçənlər görmür, eşitmirdisə, bunda bizim nə günahımız var? Ya dünən qubalıların, bu gün ismayıllıların nə günahı var? Sabah şəkililərin, qazaxlıların, sabirabadlıların, küll halında bütün xalqın nə günahı olacaq?
***
Ismayıllı dünyadakı ən çirkin rejimlərdən birinə qarşı başqaldırının yeni dayanacağıdır.
Proses isə dayanmayacaq.
Yetər ki, “ağıllı”, “müdrik”, “fərqli” görünmək üçün ona “qulp” qoymaqdansa, hərəmiz bir faydalı işin qulpundan yapışaq.

Əslində Ismayıllıda nə baş verir?
•
•