Elşad Abdullayev Haaqa Məhkəməsinə müraciət edəcəyini deyir
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev qardaşı Mahir Abdullayevin işilə bağlı Haaqa Məhkəməsinə müraciət etməyə hazırlaşır. Sabiq rektor “Azadlıq”a açıqlamasında belə deyib. Elşad Abdullayev bildirib ki, qardaşının işi ilə bağlı yaradılan Müstəqil Istintaq Komissiyası ortada olan sübutlara baxmayaraq hər hər hansı addım atmayıb: “Mənim yaydığım videolar cinayətin açılması üçün kifayətdir. Hər şey göz qabağındadır.
Bu videolar subut edir ki, Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilat mövcuddur. Bu təşkilatın arxasında dövlət dayanır. Mən dəfələrlə bu barədə açıqlamalarımda demişəm, ortaya sübutlar qoymuşam. Demişəm ki, MTN zabiti Mahir Abdullayev həmin dəstə tərəfindən oğurlanıb. Məqsəd mənim əmlakımı, rəhbərliyimdəki Azərbaycan Beynəlxalq Universiteti ələ keçirmək olub. Dediklərimin sübutu kimi müstəqil şəkildə apardığım araşdırmalar nəticəsində etdiyim video çəkilişləri istintaqa təqdim etmişəm. Amma heç bir nəticə yoxdur. Ona görə də mən həmin videoların bir qismini ictimailəşdirməyə məcbur olmuşam”.
Sabiq rektor qeyd edib ki, onun əlində çoxsaylı videolar var ki, həmin çəkilişləri də ictimaiyyətə təqdim etmək məcburiyyətindədir: “Bizi məcbur edirlər ki, bütün videoları yayaq. Məndə 400-dən artıq video var. Çox dəhşətli videolardır. Mən bir dəfə demişdim, yenə də təkrar edirəm ki, həmin videoları açıqlasam camaat ayağa qalxıb bunları qovar. Mən düşünürdüm ki, prezident tapşırığı ilə yaradılan Müstəqil Istintaq Komissiyası Mahir Abdullayevin oğurlanması bağlı cinayət işinin üstünü açar, təqsirkar olan şəxslər cəzalarına çatar. Lakin bu görünən odur ki, Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilat Müstəqil Istintaq Komissiyasını saymır. Bu təşkilat hətta zərərçəkmişi, məni təhdid və şantaj etməkdən belə çəkinmir. Təsəvvür edin, görün nə deyirlər bunlar: Guya Mahir Abdullayev 20 milyon pul oğurlayıb qaçıb. Guya mən onun yerini bilirəm. Mən onun yerini bilsəm özüm gətirərdim də, daha niyə onun tapılması üçün pul verirdim. Bunlar hamısı absurd ittihamlardır. Zərərçəkimişi susdurmaq üçün şantaj üsuludur. Əvvəllər də bu üsuldan istifadə edirdilər. Mahir Abdullayev oğurlananda nəzarətlərində olan Kütləvi Informasiya Vasitələrində gah yazdırırdılar ki, Mahir oğurlanmayıb, özü qaçıb, gah da yazdırırdılar ki, Mahir öldürürülüb. Lakin belə şantajlar keçməz. Əlimdə MTN zabiti Mahir Abdullayevin dövlətin gücündən istifadə edən mütəşəkkil cinayətkar təşkilat tərəfindən oğurlanması barədə maddi sübutlar var”.
Elşad Abdullayevin sözlərinə görə, hazırda da ona və yaxınlarına qarşı təzyiqlər var: “Təzyiqlər çox ciddidir. Məni, vəkillərimi, yaxınlarımı təhdid edirlər. Bu işə görə o vaxt qardaşımın birini zəhərləyiblər. Indi də yaxınlarımdan əl çəkmirlər. Lakin mən geri çəkilmək niyyətində deyiləm. Əlimdə olan bütün sübutları beynəlxalq təşkilatlara da göndərmişəm. Eyni zamanda Avropa Məhkəməsinə də müraciət etmişəm. Haaqa Məhkəməsinə də müraciət etməyi planlaşdırıram. Bu iş artıq beynəlxalq aləmin diqqətindədir. Ona görə də bu cinayəti ört-basdır etməyə cəhd göstərməsinlər”.
Elşad Abdullayev Mahir Abdullayevin oğurlanmasında adını hallandırdığı, hazırda həbsdə olan iş adamı Arzu Kazımovla bağlı yaydığı son videosundakı bəzi məqamlara da diqqət çəkib: “Həmin videodan açıq-aydın görünür ki, Arzu Kazımov bu işdə rolu olan adamdır. Arzu Kazımov iddia edir ki, guya məni əvvəldən tanıyıb, dost olmuşuq. Yalandır. Mən Arzu Kazımovu Mahir Abdullayev oğurlanandan sonra tanımışam. Rövşanə Əliyeva vasitəsilə yanıma gəlib. Mənə deyib ki, bu işə görə pul verilməlidir. Bu adam mütəşəkkil cinayətkar təşkilatın kassiridir. Videodan görürsünüz ki, Arzu Kazımov deyir ki, Mahir sağdır, o zaman daxili işlər nazirinin Zahid Dünyamalıyev tapşırıq gözləyir”.
Sabiq rektorun sözlərinə görə, Zahid Dünyamalıyev daxili işlər naziri Ramil Usubovdan tapşırıq gözləyib: “Zahid Dünmalıyev Ramil Usubova tabe şəxs idi və təbii ki, tapşırığı ondan gözləyirdi. Ramil Usubov isə Ramiz Mehdiyevdən tapşırıq gözləməyib. Ramiz Mehdiyev bu işdə sehrli əldir və məhz o, cinayətin aıçlmamasında maraqlıdır. Mən bunun dəfələrlə demişəm, bir daha bəyan edirəm ki, Ramiz Mehdiyev mütəşəkkil cinayətkar təşkilatı himayə edir. Bu adam istefa verməlidir, onun haqqında olan iddialar araşdırılmalıdır”.
***
24.01.2013
Elşad Abdullayev Arzu Kazımovun vəkilinə cavab verdi
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühaicirətdə olan Elşad Abdullayevin şikayəti əsasında həbs edilən iş adamı Arzu Kazımovun vəkili Ramiz Zeynalov maraqlı açıqlama verib. O, Gün.az saytına müsahibəsində deyib ki, Elşad Abdullayevin qardaşı Mahir Abdullayev sabiq rektorun 20 milyon manat pulunu götürüb qaçıb: “Elşad Abdullayev fürsətdən, müxtəlif əlaqələrdən istifadə edərək Beynəlxalq Universitetə rektor təyin edilib. Bundan sonra özünün gizli rüşvət və korrupsiya ilə bağlı olan fəaliyyətinə başlayır.
Sonradan oğurlanan və ya öldürülən qardaşı – ona oğurlanan sərf edir, çünki o özü öldürüb – orada pul yığmaqla məşğul olub.
Daha sonra qardaşı ilə onun arasında olan problemlə əlaqədar olaraq (istintaq sirri ola biləcək hadisə olduğu üçün açıqlaya bilmirəm), qardaşı Mahir başa düşür ki, artıq universitetdə pul yığmaq işindən məhrum olacaq, onda saxlanılan 20 milyon manatı götürərək aradan qaçır.
Kürdəmirin ayrı-ayrı kəndlərində, ayrı-ayrı adamların evlərində qalmaqla qardaşının onu tapmasına imkan vermir”.
Elşad Abdullayev isə “Azadlıq”a bildirib ki, Ramiz Zeynalovun iddiaları əsassızdır. “Bu sadəcə mütəşəkkil cinayətkar təşkilatın zərəçəkmişi susdurmaq üçün əl atdığı şantaj metodudur. Hacı Məmmədov oğurladığı adamların yaxınlarına belə deyirdi. Mən Arzu Kazımovla bağlı ortaya maddi sübutlar qoyuram. Videolar yayıram. Amma bunlar görün nə deyir”.
Elşad Abdullayevin geniş açıqlaması ilə “Azadlıq”ın növbəti sayında tanış ola bilərsiniz.