Içərişəhərli ustad tarzən

«Bundan ruhani olmaz, apar qoy çalğıçı olsun…»

Azərbaycan klassik musiqi mədəniyyətinin formalaşmasında xüsusi xidmətləri olan sənətkarlar sırasında tarzən Mirzə Fərəcin də özünəməxsus yeri var. Mirzə Rza oğlu Fərəc 1847-ci ildə Bakıda anadan olmuşdur. Hələ kiçik yaşlarından ata-anası dünyasını dəyişdiyindən, dayısının himayəsində böyümüşdür. Mirzə Fərəcin nəvəsi Ruqiyyə Rzayeva “Mirzə Fərəc haqqında xatirələrim”də yazdıqları onun bioqrafiyasına tam aydınlıq gətirir: “Babam Mirzə Fərəc 1847-ci ildə mart ayının 15-də Bakıda, Içərişəhərdə anadan olmuşdur. Onun atası Rza, anası Mülkcahan idi.
Onların hər ikisi çox cavan vaxtlarında vəfat etmişlər. Babamın ailəsi Içəri şəhərdə (Qız qalasının yaxınlığında) öz bibisi ilə bir küçədə yaşamışdır. Çox mehriban olmuşlar. Sonralar onların yaşadığı evlər Içərişəhərin yenidən qurulması ilə əlaqədar olaraq sökülmüşdür… Babamın ata-anası tez vəfat edir, onların üç oğlu (böyük oğul – Nəsir, ortancıl oğul – Fərəc, kiçik oğul Əsəd) və bir də qızı (Ağabacı) yetim qalır. Bayır şəhərdə yaşayan dayıları Xəlil Qasımzadə yetim qalmış uşaqların Içərişəhərdəki evlərini satıb onları öz evinə (indiki Zərgərpalan, 78) gətirir və öz himayəsinə alır.
Xəlil dayı doqquz yaşlı Fərəci gələcəkdə ruhani etmək məqsədilə məhəllə mollaxanasına qoyur. Ancaq molla görür ki, bu uşaqdan ruhani olmayacaq. Uşaqlar mollaxanada dərs keçdikləri vaxt küçədən musiqi səsləri eşidilən kimi Fərəc hər şeyi unudub tez pəncərəyə qalxırdı. Mollanın dedikləri qulağına girməzdi. Odur ki, Fərəcin bu “yaramaz” hərəkətlərindən cana gələn molla onun dayısını çağırıb: “Bundan ruhani olmaz, apar qoy çalğıçı olsun”, demişdi. Görünür, molla heç də səhv etməmişdi.
Babamın ana tərəfi isə musiqiçi nəsli olmuşdur. Belə ki, Azərbaycan SSR xalq artisti Əhməd Bakıxanovun atası Məmmədrza bəy Bakıxanov babamın doğma xalası oğludur. Xalası qızı Nazənin isə toylarda qaval-nağara çalırmış. O, 9 yaşlı Fərəcdə musiqiyə olan son dərəcə böyük marağı görüb qadın toy məclislərinə gedərkən onu da özü ilə aparıb qoşa nağarada çalmağı öyrədir. Beləliklə, Fərəc daxili tələbat nəticəsində arzusunda olduğu musiqi dünyasının astanasına qədəm qoyur…”
Tara 6-cı ağ kök sim salan sənətkar
Ilk dəfə bir tarzən kimi Mirzə Fərəc bakılı xanəndə Baladadaş ilə məclislərdə çıxış etmişdir. Mirzə Fərəc həmçinin Məşədi Məlik Mənsurovun musiqi məclisinin fəal üzvlərindən biri olur və bu məclisdə məşhur Cənubi Azərbaycan sənətkarlarından – tarzən Şirazlı Əlinin, tehranlı kaman ifaçısı Mirzə Səttarın və Sadıqcanın çalğısını dönə-dönə dinləyir. Mirzə Fərəc Bakıya Şiraz şəhərindən 5 simli tarı ilə gəlmiş Əli Şirazidən tarda çalmağı öyrənir. Tara 6-cı ağ kök simin salınması da Mirzə Fərəcə məxsusdur. Mirzə Fərəc Şərq musiqisini dərindən öyrənmək məqsədilə bir müddət Iranda yaşayır, fars və ərəb dillərini öyrənir, ərəb, yunan və fars alimlərinin musiqiyə dair əsərləri ilə yaxından tanış olur. Məhz buna görə də Mirzə Fərəc müasirləri içərisində məşhur bir musiqişünas kimi də tanınır.
1904-cü ildə Mirzə Fərəc xanəndə Ağasəid oğlu Ağabala ilə Iranın Pəhləvi (Ənzəli) şəhərində toy məclisində iştirak edirlər. Toy mərasimindən sonra isə şəhər klubunda bir ay konsert verirlər. Rəşt şəhərinin hökmdarı onları öz sarayına dəvət edərək musiqi məclisi təşkil edir və məclisin sonunda Mirzə Fərəcə qiymətli tar hədiyyə edir. Həmin tar hazırda Azərbaycan Elmlər Akademiyasının Tarix Muzeyində saxlanılır.
Görkəmli musiqişünas Firudin Şuşinski “Azərbaycan xalq musiqiçiləri” kitabında yazır: “Mirzə Fərəc xanəndələrdən Seyid Mirbabayev, Cabbar Qaryağdı oğlu və Davud Səfiyarov ilə bir neçə il əməkdaşlıq etmişdi. 1900-1905-ci illərdə Mirzə Fərəc kaman ifaçısı Məşədi Qulu ilə birlikdə məşhur xanəndə Cabbar Qaryağdı oğlunu müşayiət etmişdi. Şübhəsiz ki, Qaryağdı oğlu kimi böyük muğam ustası ilə sənət dostluğu etmək Mirzə Fərəcə çox şey vermişdi. Məhz bu dövrdə Mirzə Fərəc nəinki Abşeronda, hətta bütün Azərbaycanda kamil tarzən kimi şöhrət tapmışdı. Sonralar qoca yaşlarında keçdiyi sənət yollarını xatırlayan tarzən xanəndəlik sənətindən söz düşəndə həmişə Cabbar Qaryağdı oğlunu tərifləyərək onu ”xanəndələrin allahı” adlandırardı. Mirzə Fərəc öz tələbələrinə yaxşı sənətkar olmağın sirlərindən danışarkən deyərdi: “Kamil tarzən olmaq üçün nadir istedad, uzun və iti barmaqlar, samballı biliyə malik olmaq kifayət deyil. Bunlara malik olmaq hələ o demək deyildir ki, yaxşı sənətkar ola bilərsən. Muğamatı yaxşı bilmək üçün gərək heç olmasa, 5-10 il ustad xanəndə ilə çalıb-çağırasan. Mən sənət yollarında çox mahir xanəndələrə rast gəlmişəm və onlardan çox şey öyrənmişəm. Lakin Qaryağdı oğlunda olan qüdrətli səsi, bülbül cəhcəhinə bənzər zənguləni, təkrarolunmaz ustalığı heç kəsdə görməmşəm. Cabbarı oxudanda bir tarzən, həm də bir dinləyici kimi dincələrdim. Mən muğamatın dərinliyini və incəliyini yalnız Cabbarın sənətində görmüşəm. Bax, buna görə də bir də demək istəyirəm: Əgər istəyirsinizsə ustad tarzən olasınız, Cabbar kimi hərtərəfli istedadı olan xanəndə ilə durub-oturun. Onda çox şey qazanarsınız”.
Peşəkar musiqimizə böyük xidmət
Mirzə Fərəc 1905-ci ildən sonra Keçəçi oğlu Məhəmmədin dəstəsində çıxış edir.
O, Keçəçi oğlu Məhəmmədi xalq şənliklərində, konsert və “Şərq gecələri”ndə müşayiət edir. 1907-ci ilin yanvar ayında Bakıda ilk “Şərq gecəsi”ndə Mirzə Fərəc xanəndə Keçəçi oğlu Məhəmmədi müşayiət etmiş, həm də “Humayun” muğamını məharətlə çaldığı üçün dinləyiciləri heyrətə gətirmişdi.
Mirzə Fərəc Cabbar Qaryağdı oğlundan və Keçəçi oğlu Məhəmməddən başqa, xanəndələrdən Seyid Mirbabayevi, Davud Sofiyarovu, Zülfüqar Sarıyevi də bir neçə il müşayiət etmişdi.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Mirzə Fərəc Şərq konservatoriyasında, Ramana fəhlə klubunda, Bakı şəhər musiqi texnikumunda tar dərsi demiş, gənc tarzənlərin yetişməsində əlindən gələni etmişdir. Mənsur Mənsurov, Paşa Əliyev kimi bir sıra görkəmli tarzənlər Mirzə Fərəcin tələbələri olmuşlar.
Istedadlı bəstəkar Ağabacı Rzayeva isə tarzən Mirzə Fərəcin nəvəsi idi.
Mirzə Fərəc Üzeyir Hacıbəylinin rəhbərliyi ilə 1925-ci ildə muğam tədrisi üzrə ilk proqram hazırlanmasında digər görkəmli muğam ustadları ilə yanaşı iştirak etmiş, “Muğam komisyonu”nun üzvü olmuşdur.ÿOnun tərtib etdiyi muğam cədvəlləri o dövrün muğam ifaçılığı təcrübəsində mövcud olan muğamlar, onların tərkibindəki şöbə və guşələr barədə dolğun məlumat verir və müasir musiqi elmi üçün mühüm əhəmiyyətə malikdir.
Mirzə Fərəcin “Bənövşə” və “Azərbaycan” oyun havaları hələ də ifa olunur, xalq arasında yaşayır. Tara qadağalar qoyulan dövrdə də onun səsi tarzənin evində təşkil olunan məclislərdən kəsilmədi.
Mirzə Fərəc ömrünün 60 ilini musiqiyə həsr etmiş, tələbələrə tar sənətinin sirlərini öyrətmiş, Azərbaycan musiqisinin təbliğində böyük xidmətlər göstərmişdir.
Mirzə Fərəc 1927-ci ildə 80 yaşında Bakıda vəfat etmişdir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir